Papa və ravvinlərin görüşü hansı ehtiyacdan yaranıb?

Fransisk - yəhudi xalqı ilə dost münasibətləri dəstəkləyən üçüncü Papadır

Xəbər verildiyi kimi, aprelin 20-də Vatikanda Roma katolik kilsəsinin başçısı Fransisk Avropa ravvinlər Konfederasiyasının (ARK) rəhbəri və Moskvanın baş ravvini Pinxas Holdşmidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (Nümayəndə heyətinə həmçinin ARK-nın xeyriyyəçiləri olan iri biznesmenlər də daxil olub). Qəbul bir saat davam edib. Qəbulda Rusiya yəhudi konqresinin prezidenti Yuri Kanner də iştirak edib.

Məlumat üçün bildirək ki, KİV-lər bu səfər barədə hələ aprelin 17-də məlumat yaymışdılar. O zaman gözlənilən görüş barədə Pinxas Holdşmidt «Lenta.ru»-ya danışmışdı. Aktuallığını nəzərə alıb, söhbətin mətnini bəzi ixtisarlarla oxucuların diqqətinə çatdırırıq.

- Vatikana getmək və Roma papası ilə görüşmək ideyası necə yarandı? Roma ilə Avropa yəhudiləri arasında münasibətlərin səması heç vaxt buludsuz olmayıb...

- Bu, iudaçılığın katoliklik ilə dialoqu, geniş mənada isə xristianlıqla dialoqu sayılmalıdır. Tarixi nöqteyi-nəzərdən baxsaq, iudaizm-xristianlıq dialoqunun 3 mərhələsini qeyd ntmək olar. Birinci mərhələ - ən erkən mərhələdir ki, o zaman xristianlar yəhudi xalqının bir hissəsi, xristianlıq isə iudaçılıq içərisində bir sekta olub. Bu polemika həm «Yeni Zovet»də, həm də Talmudda əksini tapıb.

İkinci mərhələ - artıq İspaniyadakı katoliklik ilə əlaqəlidir - 12-ci əsrin və 15-ci əsrin sonunu əhatə edir. Bu, dialoqun bir başqa forması olub. Dialoqda tanınmış talmudçular və İncilin şərhçiləri iştirak edib. Ümumiyyətlə, bu dialoq təzyiq altında aparılıb. Disputlarda yəhudilər öz mövqelərini ifadə edərkən çox ehtiyatlı davranıblar. Amma məhz bunların əsasında yəhudi dininin əsaslarını təşkil edən əsərlər yaradıldı. Dinin əsaslarının yazılı formada ifadə olunması ideyası da katoliklik ilə aparılmış həmin disputun nəticəsidir. Həmin dövr 1492-ci ildə - yəhudilərin İspaniya və Portuqaliyadan qovulması ilə başa çatdı. O zaman yəhudilərin 1/3-i həlak oldu, 1/3-i İberiya yarımadasından getdi, o qədəri də çoxluğun dinini qəbul etməyə məcbur oldu.

Dialoqun üçüncü mərhələsi yəhudilərin faciəsindən sonra başlandı. Xolokost - birmənalı anlayış deyil. Adolf Hitler Almaniyada hakimiyyətə demokratik yolla gəldi. Nasional Sosialist Partiyası reyxstaqda nəhəng partiya idi, amma mütləq çoxluq təşkil etmirdi. Nasistlərin totalitar rejimi katolik partiyaların dəstəyi ilə baş tutdu. Milyonlarla katolik nasist partiyasının üzvü idi, rejimi dəstəkləyirdi, SS-də qulluq edirdi, Vermaxtda vuruşurdu, yəhudi xalqının genosidi prosesində iştirak edirdi. 1945-ci ildən başlayaraq, Vatikan baş verənlər barədə ciddi düşünməyə başladı...

Məhz həmin illər yəhudilər Vatikanla dialoqa qərar verdilər. Təşəbbüskarı isə fransız məktəblərində tarix fənni üzrə tədrisin baş müfəttişi Jül İzak oldu. O, katoliklərə öz doktrinalarından antisemit maddələri çıxarmağı təklif etdi. Onun hesabı ilə həmin maddələrin sayı 18-ə bərabər idi. İlk yəhudi-katolik konfransı müharibədən dərhal sonra - 1947-ci ildə keçirildi. Konfransda yəhudi tərəfi Rumıniyanın sabiq baş ravvini Aleksandr Şafran təmsil edirdi. Katoliklərə təklif olundu ki, öz doktrinalarında 10 antisemit bəndi korrektə etsinlər. Bu danışıqlar İkinci Vatikan Kilsəsinin sessiyası başa çatana qədər -1965-ci ilə qədər davam etdi. O zaman Nostra Aetate adlı sənəd qəbul olundu. Sənədin 4-cü bəndində antisemitizm pislənirdi.

Dini nöqteyi-nəzərdən bu, möhtəşəm dəyişiklik idi. Bundan sonra Vatikanla yəhudilər arasında dialoq inkişaf etməyə başladı və 1994-cü ildə İsrail ilə Vatikan arasında diplomatik münasibət yaradıldı. Roma katolik dindarları bir neçə dəfə Romadakı sinaqoqları ziyarət etdilər. Fransisk - yəhudi xalqı ilə dost münasibətləri dəstəkləyən üçüncü Papadır.

Odur ki, əgər katolik kilsəsi tərəfindən artıq belə mühüm qərarlar qəbul olunubsa, daha nə əlavə etmək olar?

İndi müşahidə olunan bir çox əlamətlər dünyanın kardinal şəkildə dəyişdiyini göstərir. Hesab etmək olar ki, Yaxın Şərqdə (İsrail istisna olmaqla) xristianların düşdüyü indiki situasiya yəhudilərin ötən əsrin 30-cu illərində Avropada düşdüyü vəziyyəti xatırladır. Burada xristianların özlərini təhlükəsiz hiss edə biləcəyi yeganə ərazi İsraildir. Yəhudi dövlətinin yaranmasından sonra burada xristian icmasının sayı 400 faiz artıb. Bölgənin digər ölkələrində isə xristianların sayı sürətlə azalır.

Milyonlarla kopt (Misir xristianları - M.A.) Misirdə bir neçə kilsənin dağıdılmasından və yüzlərlə insanın öldürülməsindən sonra bu ölkədən qaçır. Bəşər Əsəd Suriyada xristianların müdafiəçisi idi. Vətəndaş müharibəsi başlayandan və «İslam dövləti» meydana çıxandan sonra bu ölkədə xristianların gələcəyi sual altına düşdü.

Xatırlatmaq istəyirəm ki, 2011-ci ildə patriarx Kirill Suriyadakı 900 minlik xristian icmasını dəstəkləmək və müdafiə etmək məqsədilə bu ölkəyə səfər etdi. Bu yaxınlarda Fələstin muxtariyyətinin (FM) başçısı Mahmud Abbasın kilsə ordeni ilə təltif edilməsi də həmin məqsədə xidmət edir - FM-nin çətiri altında yaşayan xristianların təhlükəsizliyini təmin etmək.

Biz də, Avropa yəhudiləri də xristianlar kimi, radikal islamçılıqdan, Parisdə, Kopenhagendə, Tuluzda və digər şəhərlərdə baş verən hücumlara oxşar hücumlardan ehtiyat edirik. Bir çox məsələlərdə, xüsusilə də din azadlığı məsələsində biz Vatikanı dəstəkləyirik.

Bəzi Avropa Birliyi ölkələrində, yəhudi dininə görə, yeyilməsinə icazə verilən (qadağan olunmayan) ət istehsalının və sünnətin qadağan olunması məsələsi ortaya çıxanda biz katolik kilsəsinin rəsmi dəstəyini aldıq.

- Deyilənlər o mənaya gəlmir ki, Avropa yəhudiləri Yaxın Şərq xristianlarının taleyinə hansısa formada təsir göstərə, köçmələrinə köməklik edə, onlara sığınacaq verə bilər?

- Suriyada və İraqda yaşayan xristianlara hər-hansı köməklik göstərmək İsrail üçün asan məsələ deyil. Amma biz - Avropa yəhudiləri nə isə edə bilərik. Təhlükəsizlik əldə etmək məqsədilə Yaxın Şərqdən milyonlarla xristian Avropaya emiqrasiya edir. Biz yəhudilər yaxşı xatırayırıq ki, bir neçə nəsil bundan qabaq bizlərdən bir çoxu Avropada yeni miqrant olub.

- Avropa neonasizminin renessansı problemini Vatikanda qaldırmaq planınız varmı?

- Neonasizmdən söhbət gedərkən, dəqiq müəyyən etmək lazımdır ki, məhz nəyi nəzərdə tuturuq. Avropada, məsələn, Yunanıstanda bir neçə neonasist partiyası var. Biz radikal islamdan - bir çox politoloqların faşist ideologiyası hesab etdiyi cərəyanlardan təhlükə görürük. Bu mənada, Köhnə Avropa adlandırılan tərəfdən anlamazlıq hiss edirik. Məsələn, radikal islamla mübarizə aparmaq əvəzinə, burada bütövlükdə islamla mübarizə aparılır. Amma islam dininə qulluq edən yeni miqrantların mütləq əksəriyyəti sadəcə, Avropada dinc şəraitdə yaşamaq, öz işi ilə məşğul olmaq, uşaqlarına təhsil vermək istəyir.

İslama ümumi hücumları məsələn, Almaniyada görürük. Nümayişlərə digər Avropa ölkələrindən sağ radikal partiyaları dəvət edirlər. Bu, səhvdir. Problem islamda yox, onun radikal versiyalarındadır.

- Vatikandakı görüşdə Avropanın antirusiya sanksiyaları məsələsinə toxunacaqsınız?

- Əminəm ki, bu görüşdə təkcə sanksiyalar məsələsi yox, ümumiyyətlə, Rusiya-Avropa münasibətləri sahəsindəki situasiya diqqət mərkəzinə gətiriləcək.

- Hesab edirsinizmi ki, bu problemi ölü nöqtədən çıxarmaq üçün Avropada katolikliyin resursları yetərincə ciddidir?

- Roma Papasının böyük mənəvi nüfuzu var. O, təkcə katolik dünyasına təsir etmək yox, bundan da artığına qadirdir. Vatikan kilsəsinin başçısı, bircə atom sualtı qayığı olmasa belə, bütün dünyada böyük hörmətə malikdir. Tarixdə ilk dəfə Fransiski çıxış etmək üçün ABŞ Konqresinə dəvət etdilər. O, müasir Avropada da təsir gücünə malikdir.

- Roma Papasının son dövrdə beynəlxalq münasibətlər sahəsində ən əhəmiyyətli çıxışı 20-ci əsrdə «erməni genosidi» məsələsinə aiddir. Vatikan kilsəsinin başçısının sözləri bir sıra ölkələrdə - Türkiyədə, Azərbaycanda, Yaxın Şərqdə çoxlarını təəssübləndirdi. «Erməni genosidi» məsələsinə Avropa yəhudilərinin münasibəti necədir? Bu icma İsrail tərəfindən «erməni genosidi»nin tanınmasına kömək edəcəkmi?

- Hesab edirəm ki, «erməni genosidi» heç yerə qaçmır. İndi deyəcəyim isə təkcə «erməni genosidi»nə aid deyil. Nə qədər vaxt aparmasından asılı olmayaraq, tarixi həqiqət hər zaman zəfər çalır.

Çevirdi: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar