Eynşteynin arılarla bağlı qorxunc proqnozu - Onlarsız dünya necə olar?

Böyük Britaniyanın “Nature” jurnalının verirdiyi məlumata görə, keçən qış Avropadakı bal arılarının populyasiyasının 1/3-i məhv olub. Belə görünür ki, çox yaxın gələcəkdə bu həşəratların tamamilə sıradan çıxması ehtimalı reallığa çevrilməyə başlayacaq.

Bəs, görəsən bizim dünyamız əsas tozlandırıcılar olan bal arılarsız hansı vəziyyətə düşər? Vaxtilə dahi fizik Albert Eynşteyn deyirdi ki, insan oksigensiz üç dəqiqə, susuz üç gün, bal arılarsız isə dörd il yaşaya bilər. Doğrudanmı, arıların ardından insanlar da məhv ola bilər?

Bal arılarının məhv olması hadisəsi heç də yeni deyil. Belə bir proses XX əsrin ortalarından başlayıb və son iyirmi ildir ki, öz zirvə nöqtəsinə qədər yüksəlib. Tam vahid bir səbəb olmasa da, ancaq əsas günahkar tapılıb - Bu insandır!

Müasir dövrümüzdə kənd təssərrüfatında kimyəvi mineral maddələrdən geniş şəkildə istifadə edilir. Əkin sahələri və bağçılığı azot gübrələri və pestisidlərsiz təsəvvür etmək mümkün deyil. Bu kimyəvi maddələr arıları birbaşa olaraq öldürməsə də, onların immunitetini çox aşağı salır. Digər tərəfdən isə virusların vurduğu zərbələr də təsirsiz ötüşmür. Varrotoz adlanan xəstəlik mikroskopik gənələr tərəfindən arıların bədəninə hoparaq, yayılır. Bu ən geniş yayılmış arı xəstəliyidir və onun müalicəsi heç də istənilən nəticəni vermir. Əslində isə, işçi arılar həmin xəstəliyin öhdəsindən gələ bilərlər, lakin bir daha təkralamaq istəyirik ki, onların immunitetinin zəifləməsi, orqanizmin cavab reaksiyasının qarşısını alır.

Amma iş orasındadır ki, dünyadakı arıçı fermerlər beçələrin sağlamlığının qayğısına qalmırlar. Onlar yalnız öz biznesləri barədə düşünürlər. Çox vaxt arıçılar arı koloniyalarını uzaq məsafələrə daşıyırlar. Məsələn, ABŞ-dakı kənd təsərrüfatı plantasiyalarının yaxşı tozlandırılması üçün arı beçələrini Floridadan Koliforniyaya qədər aparırlar. Belə uzun məsafədəki səyahət arıların güclü stress keçirməsinə səbəb olur. Bu isə öz növbəsində arı koloniyalarının məhvinə gətirib çıxarır. Alimlərin fikrinə görə, kimyəvi mineral maddələr, mobil rabitə şəbəkəsinin radio siqnalları qanadlı zəhmətkeşlərin hərəkətlərinə çox ciddi təsir göstərir.

Bəs, əgər arılar kütləvi məhv olarsa və ya onların populyasiyası kritik səviyyəyə qədər azalarsa, onda dünyada nə baş verərər? Doğrudanmı, Eynşteynin söylədikləri həqiqətə çevrilər? Yəni, təbii tozlandırıcıların kütləvi qırılmasına görə, qida məhsulları da olmayacaq? Göründüyü kimi qarşımızda xeyli sual dayanır.

Onu da demək lazımdır ki, arılardan başqa dünyada tozlanma prosesi milçəklər, kəpənəklər, yarasalar, quşlar və külək vasitəsilə də aparılır. Həm də ki, bütün bitkilər arılar tərəfindən tozlanmır. Lakin dünya əhalisi durmadan artır və buna görə də, qidaya olan tələbat da çoxalır. Hazırda dünyada yığılan ümumi məhsulun üçdə bir hissəsi məhz arıların hesabına baş tutur və beləliklə də onların itirilməsi, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Əgər bu müdhiş hadisə baş verərsə, onda belə olan təqdirdə bəşəriyyət təkcə balsız qalmayacaq. Bal arılarının məhv olma səviyyəsi yüksək həddə çatarsa, arıçılıq bir sənət kimi itib yoxa çıxacaq. Yer kürəsindəki ümumi məhsul yığımının həcmi xeyli ölçüdə azaldığına görə, dünya qida çatışmazlığı ilə üzləşəcək. Biz heç də düşünməyək ki, arıların kütləvi məhvi, ət və süd məhsullarının azalmasına təsir göstərməyəcək. Çünki arılarla birlikdə, onların tozlandırdığı bir çox ot növlərinin də sıradan şıxması gözlənilir. Arıların populyasıyasının azalması nəticəsində insanlıq pambıqdan hazırlanmış məhsullarla da vidalaşmaq məcburiyyətində qalacaq.

Hazırda alimlər arıların məhv olmasının qarşısının necə alınması ilə yanaşı, müəyyən alternativlər üzərində də çalışırlar. Belə namizədlərdən biri, say etibarilə bal arılarından az olmasına baxmayaraq, eşşək arıları hesab edilir. Bir çox aqronomlar iddia edirlər ki, eşşək arılarını saxlamaq, bal arılarına nisbətən daha asandır. Lakin problem ondadır ki, bal arıları kimi onların da sayı azalmağa başlayıb. Əlavə olaraq, daha iki alternativ namizəd var. Bunlardan biri insan, digəri isə tozlandırıcı robotdur. Çinin Siçuan əyalətində pestsidlərin sayəsində artıq iyirmi ilə yaxındır ki, arılara rast gəlinmir. Amma buna baxmayaraq, həmin region əvvəlki kimi armud ixracatını davam etdirir. Beləki, armud arılar tərəfindən tozlandırılır. Nə qədər çətin olsada, indi çinlilərin özləri bu işi həyata keçirməyə məcburdurlar.

“The Guardian” qəzetinin məlumatına əsasən, Harvard Universitetinin mühəndisləri yeni süni tozlandırıcılar olan uçan kiçik robotların hazırlanması üzərində işləyirlər. Həmin robotlar qanadlarının köməyi ilə bitkiləri tozlandıracaqlar. Alimlərin sözlərinə görə, bu layihə on ildən sonra tam uğurla başa çatacaq.

Ancaq bütün bunlara baxmayaraq, arılar dünya üçün çox vacib həşəratlardır. Nə vaxtsa, 65 milyon il bundan əvvəl təbiət dinozavrları ”həyat kitabı”ndan silib atanda, arıları saxlamışdı. Nyu-Hempşir Universitetinin bioloqu Sandra Rexanın sözlərinə görə, 65 milyon il əvvəl tam məhvolmadan qurtula bilən arılar, çox böyük ehtimalla bundan sonra da həyatda qalmağı bacaracaqlar.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar