“İTTİHAMLAR SİYASİ İRADƏNİ ƏKS ETDİRMİR” – Rəsul Quliyev

ABŞ Dövlət Katibinin köməkçisi Tom Malinovskinin yaxın günlərdə Bakıya gözlənilən səfərinə böyük diqqət var. Səfərə diqqəti artrıran başlıca səbəb, bir müddət öncə hakimiyyətə yaxın mətbu orqanlarda anti-Amerikan yazıların getməsi və PA-nın şöbə müdiri Novruz Məmmədovun şikayət dolu açıqlamalarıdı.

Xatırladaq ki, N.Məmmədov son zamanlar hakimiyyətə qarşı xarici basqıların artmasından gileylənmiş və “bizi Liviyaya, Suriyaya çevirmək istəyirlər” deyə, bəyan etmişdi. PA yetkilisi “bizi Liviyaya, Suriyaya çevirmək istəyənlərin” konkret adını çəkməsə də, iqtidaryönümlü mətbuat ABŞ dövlət katibi Kerrini Azərbaycanda çevriliş hazırlamaqda ittiham etdi və böyük ehtimalla, Novruz Məmmədovun “atdığı daşın” ünvanını göstərdi. Hər halda ölkə ictimaiyyəti bir-birinin ardınca səslənən bu mübhəm xəbərlərdən belə bir nəticə çıxardı.

Malinovskinin məhz bu ortamda Azərbaycana gəlisi və bizim yetkililərin ittihamına məruz qalan Con Kerrinin müavini olması istər-istəməz ağıllara bir başqa sualı gətirir: Əcəba, Kerrinin müavini ölkəmizə hesab sormağamı gəlir və bu səfərdən nə gözləmək olar?

Parlamentin sabiq səfiri, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyev, iki müxtəlif hadisə arasında qurulan bu məntiqi mülahizələrin həqiqəti əks etdirmədiyi görüşündədir. Onun fikrincə, Azərbaycan hakimiyyəti ilə ABŞ arasında hər hansı ziddiyyət mövcud deyil və hər iki dövlətdə bir-birinə qarşı irəli sürülən ittihamlar siyasi iradəni əks etdirmir:

“Hər halda mən Kerrinin Azərbaycanda dövlət çevrilişi etmək istədiyini hansısa bir rəsmi şəxsin dilindən (prezident, XİN, DİN və sair) eşitməmişəm. Eyni zamanda ABŞ-da Azərbaycan hakimiyyəti haqqında səsləndirilən fikirlər də rəsmi mövqeni ehtiva etmir. Hər iki tərəfdə də ittihamlar mətbu orqanlar və orta ranqli çinovniklər tərəfindən ortaya atılıb. Bu isə heç vaxt rəsmi mövqe sayıla bilməz”.

Dövlət yetkililəri arasında baş tutacağı gözlənilən görüşdə tərəflərin bir-birini sorğulayacağına inanmayan eks-spiker bunları dedi: “Cənab Malinovski, ola bilər ki, “niyə qəzetləriniz cənab Kerrini dövlət çevrilişi etməkdə günahlandırır”- deyə soruşsun. Veriləcək cavab isə olduqca sadə olacaq – “Qəzetlərin nə yazdığını kontrol edə bilmərik ki... Onlar çox şeylər yazırlar”.

Azərbaycan hakimiyyətindən bu cavabı alan Malinovskinin “biz bilirik ki, o qəzetlər sizin tapşırıq və icazəniz olmadan heç bir şey yazmazlar” deyəcəyini düşünürsünüzsə, səhv edirsiniz. Belə bir diskusiya yaranmayacaq. Çünki Malinovski də, Prezident də qəzetlərin nə üçün belə yazdığını bilir. Gözlənilən görüşdə Prezident ölkəmizin RF-ın basqısı altında olduğundan, buna baxmayaraq, Qərbə yaxınlığını göstərmək üçün ölümcül təhlükəni belə gözə alıb Saakaşvilini Bakıda qəbul etdiyindən, ancaq bu cəsarətli fəaliyyətin Qərb tərəfindən lazımınca qiymətləndirilmədiyindən şikayət edəcək. Aydındır ki, bu səpkili şikayətlər tərəflər arasındakı diskusiyanın başlanğıcı olacaq”.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar