“Mətbuat azadlığı önəmli ictimai sərvət və demokratik dəyərdir”

Bu gün dünya media azadlığı günüdür. Moderator.az bu əlamətdar gün münasibətilə Azərbaycanın media ağsaqqallarından olan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin fikirlərini öyrənib. Qulu müəllimin fikirlərini təqdim edirik.

"Ümumdünya mətbuat azadlığı 25 ilə yaxındır ki, qeyd olunur və əsas məqsədi də yeni müstəqillik qazanmış ölkələrdə mətbuatın tərəqqisinə, cəmiyyət həyatında söz azadlığının vacibliyinin dərk olunmasına, azad mətbuatın inkişafına dəstək verməkdir. Çünki millət və cəmiyyət üçün mətbuatın önəmi, onun azadlığının (hürriyyətinin) vacibliyi tamam başqa məna kəsb edir. Azad mətbuat hər hansı cəmiyyətin, bütövlükdə bəşəriyyətin mühüm dəyəri sayılır. Mətbuat azadlığı mahiyyətcə söz və fikir azadlığının ifadə formasıdır. Fikir azadlığı isə hamının hüququ, insan həyatının və demokratik cəmiyyətin zəruri təməlidir.

Mətbuat azadlığı toplum üçün vacib olan məlumatın atmosferi, onun hava fəzasıdır. Bu fəza olmayanda insanın səsi çıxmadığı kimi, mətbuat azadlığı olmayanda da gərəkli məlumatı cəmiyyətə çatdırmaq mümkünsüzləşir. Ona görə də mətbuat azadlığı önəmli ictimai sərvət və demokratik dəyərdir, müasir dünyanın əsaslandığı başlıca prinsip, “təmkin və ziddiyyətlər” sisteminin bünövrəsi, cəmiyyəti ədalətli idarə etmənin və sabit inkişafın vacib şərtidir. Məhz bu azadlıq mətbuata bəzən nəyə görə fəaliyyət göstərməli olduğunu unutmağa meyillənən dövlət institutları üzərində nəzarət hakimiyyəti verir.

Yalnız müstəqil, heç kimdən və heç nədən asılı olmayan azad mətbuat cəmiyyəti narahat edən naqislikləri, problemləri və təhlükələri görür və insanları bundan xəbərdar edir. Hələ iki yüz il əvvəl ABŞ prezidenti Tomas Ceferson bu məqamla bağlı “hamıdan ötrü yeganə təhlükəsizlik azad mətbuatdır” demişdi. Onun fikrincə, əgər bu mətbuat “ictimai rəyi azad ifadə etməyə imkan yaratmışsa, ona müqavimət göstərmək mümkün deyil. Onun doğurduğu həyəcanlarla barışmaq lazımdır. Suyun təmiz qalması üçün bu həyəcanlara ehtiyac vardır”.

Azad mətbuat – azad ideya mübadiləsi deməkdir. Bu, səhv etmək və səhv etdiyini başa düşmək azadlığıdır. Bu, pis ideyanı yaxşısı ilə əvəzləmək, toplumun rəyini ifadə etmək, eybəcərlikləri və onların səbəblərini araşdırıb üzə çıxarmaq azadlığıdır. Əlbəttə, azad mətbuat, bəlkə də, bütün eybəcərlikləri açıb, naqislikləri aradan qaldırmağa qadir deyil, lakin o, cəmiyyətin ağrılarını ifadə edən azad müzakirə və mükalimələr aparmaqla, davamlı ictimai müzakirələrlə problemləri qabarda bilir.

Demokratik cəmiyyətdə hökumət yox, adamların özləri hakimiyyətin son instansiyasıdır. Özünüidarə belə bir prinsipdən irəli gəlir ki, əgər vətəndaşlar informasiyaya tam yiyələniblərsə, deməli, lazımi yolu seçməyə hazırdırlar. Bundan ötrü isə media tənqidi baxımdan vacib olan informasiyanı sərbəst çatdırmaq fünksiyasını həyata keçirməlidir. Adamların narazılığını ifadə etmək üçün isə söz azadlığının daşıyıcısı olan mətbuatdan əlverişli tribuna yoxdur. Bu mənada mətbuat – adamların özlərini şüurlu idarə etməsi üçün zəruri olan informasiya və ideyalar aldığı əsas kanaldır.

Azad mətbuat cəmiyyəti onun özünə göstərən parlaq güzgü, hər şeyi görən ictimai gözdür. Məhz azad mətbuat dövlət institutları və hökumətin fəaliyyəti üzərində effektli ictimai nəzarəti gerçəkləşdirə bilir. “Xalq hər şeyi bilməlidir” qanadlı ifadəsi boş yerdən yaranmayıb. Bilmək və her şeydən xəbərdar olmaq xalqın hüququdur. Bu hüququn gerçəkləşməsində azad media önəmli rol oynayır. Əlbəttə, müəyyən sıxıntılar olsa da, Azərbaycanda da mətbuat cəmiyyətin məlumatlandırılmasında öz rolunu oynayır, bəlkə əvvəlki illərlə müqayisədə bu rol çox da həlledici deyil, amma önəmli odur ki, bu gün Azərbaycanda müsəqil qəzetlər çıxır, tənqidçi mətbuat var, internet azad fəaliyyət göstərir. Lakin bu mətbuatda peşəkarlığın getdukcə aşağı düşməsi, yazıların təsirsiz hala gəlməsi, mənəvi eybəcərliyi, bir çox media qurumlarının təbliğat aləti kimi istifadə olunması təəssüf dogurur. Bütün hallarda bir çox ölkələrlə müqayisədə Azərbaycanda mətbuat azadlığının mövcudluğunu danmaq olmaz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar