“TƏLƏB EDİRLƏR Kİ, VƏZİFƏLİ ŞƏXSİN KEÇMİŞ XANIMINI GERI QAYTARIM...” – Deputatın qardaşından ŞOK

“Əri onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmaq və uşaqları almaq istəyirdi”

“DİN rəhbərliyi isə məni ittiham edir ki, mən həmin xanımın istəyi haqqında xanımın keçmiş ərinə məlumat verməli idim”

Ötən il gözlənilmədən Avropaya mühacirət edən "Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti və “Leqat” Hüquq Firmasının direktoru Əlövsət Əliyev, belə radikal addım atmasının səbəbləri haqda sensasiyalı açıqlamalar verib. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşı olan Əlövsət Əliyevin ailəsi ilə birlikdə ölkəni tərk etməsinin səbəbi aylardır qaranlıq qalmışdı. Onun həbs təhlükəsi altında belə bir addım atmağa məcbur olduğu haqda ehtimallar isə, sensasiya xarakterli olmaqla, daha dərin müəmmalara yol açırdı. Hər halda, Azərbaycan reallığında deputatın, xüsusən də qüdrətli dairələrlə yaxın qohumluq əlaqələri olan nüfuzlu bir şəxsin ailə üzvlərinə qarşı təzyiqlərin edilməsi praktikasına çox nadir hallarda rast gəlinir. Bu, yalnız o halda baş verir ki, həmin şəxs ya ağır cinayətə yol versin, ya da bağışlanılmaz siyasi səhv etsin...

Ona görə də, ictimaiyyət arasında ya Sabir Rüstəmxanlının, ya da Əlövsət Əliyevin özünün hakimiyyəti qəzəbləndirəcək ciddi siyasi səhvə yol verdiyinə dair fikirlər irəli sürülürdü.

Ancaq bu günlərdə Əlövsət Əliyevin “Yeni Müsavat” qəzetinin Almaniyaya səfər edən əməkdaşı Sevinc Telmanqızına verdiyi müsahibədən məlum olur ki, onun ailəsi ilə birlikdə xaricə mühacirət etməsinin səbəbi bir VƏZİFƏLİ ŞƏXSİ qəzəbləndirməsi olub. Daha dəqiqi, Ə.Əliyev bu vəzifəli şəxsin KEÇMİŞ XANIMI ilə bağlı planlarını pozaraq, onun xaricə köçməsinə yardım etdiyi üçün qəzəbə gəlib.

Əlövsət Əliyevin müsahibəsinin bu mövzu ilə bağlı hissəsini təqdm edirik:

- Əlövsət bəy, necə oldu bura gəlişiniz? Öncə səhhət problemi dedilər, sonra QHT problemi... Əsas səbəb nə oldu?

-Mən 2014-cü ilin Novruzunda gəldim bura. Bayramı həmin vaxt burda olan oğlum Türkellə keçirdik. Ailəlikcə gəlmişdik. Belimdə ağrılar olduğu üçün burada həkimə yazılmışdım... Bakıya qayıdandan sonra Türkel zəng vurdu. Aprelin 16-sı idi. Dedi ki, təcili gəl, həkim səni qəbul edəcək. Tez və ucuz olmaq üçün Moskvaya gəldim, oradan da bura – Viersen şəhərinə . İki illik vizam var idi. Həkim qəbul etdi, müalicə yazdı. Müalicəyə görə iki ay Almaniyada qalmalı və müalicə almalı idim. Ölkədən çıxandan sonra mənimlə bağlı baş verənlər qayıtmamağıma səbəb oldu.

- Elə biz də həmin səbəblər barədə danışmaq istəyirdik...

- Burda müalicə aldığım zaman evə zəng vurdum. Dedilər ki, polislər məni axtarır dalımca evə gəliblər. Polis əməkdaşları özlərini Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər. Başqa kanallarla öyrəndim ki, barəmdə cinayət işi qaldırılıb. Mənim çevrəmdən olan iki nəfəri tutdular. Onlardan biri bu yaxınlarda azad edildi. İkincisi, o vaxtdan bir il keçməsinə baxmayaraq hələ də ibtidai istintaq davam edir, insanlar isə hələ də həbsdə saxlanılır. Daha sonra bəlli oldu ki, uşaqlarımın ölkədən çıxışına qadağa qoyublar. Qardaşlarımı və bacılarımı istintaqa çağırıb ifadə alırlar ki, Əlövsət Əliyev haradadır? Əslində buna ehtiyac yox idi; çünki mən dövlət sərhədindən keçərək ölkəni tərk etmişəm və bu barədə məlumat bazasında informasiya var.

-Barənizdə açılan cinayət işi nə ilə bağlıdır? Məlum QHT işi?

-Əslində bu mənim QHT fəaliyyətim ilə bağlı idi. Çünki buna qədər rəhbəri olduğum QHT-ni humanitar təşkilatların siyahısından çıxartdılar, daha sonra heç bir əsas olmadan 500 manat cərimə etdilər, daha sonra Ədliyyə Nazirliyi donorla aramızda olan müqaviləni qeydiyyata almadı, bu da onun davamı idi. Hətta hesabımızda olan pulları götürə bilmədik. İşçilər 6 aydan artıq müddətdə əmək haqqı almadan çalışdılar. Bunlar məni QHT kimi fəaliyyətimə olan hücumlar idi. Lakin başladılmış cinayət işinin detalları mənə indi də bəlli deyil. Ümumi məlumatım var. İşlədiyim zaman hər gün mənim yanıma miqrasiya sahəsində məsləhət almaq ucun çoxlu insanlar gəlirdi. QHT-nin iş prinsipindən biri də müraciət etmiş şəxsə layihə çərçivəsində ödənişsiz məsləhət vermək və onun haqqında məlumatları gizli saxlamaqdan ibarətdir.

Bir dəfə də bir xanım gəlmişdi. Əvvəllər onun bacısına və qardaşına da məsləhət vermişdim. Onun istəyinə uyğun olaraq xaricdən necə qaçqın statusu ala biləcəyi haqqında məsləhət vermişdim. Müraciət edənlərə məsləhət vermək mənim işimdi, ona xəyanət edə bilmərəm. Bu yüksək rütbəli məmurlardan birinin keçmiş xanımı idi və məndən məsləhət alandan sonra uşaqlarını götürüb getmişdi xaricə. DİN rəhbərliyi isə məni ittiham edir ki, mən həmin xanımın istəyi haqqında xanımın keçmiş ərinə məlumat verməli idim. Məlumat verməmişəmsə cinayət etmişəm. İndi də deyirlər o xanımı və uşaqları qaytarım sonra isə ölkəyə qayıdım. Çünki o xanım mənə güvənirdi. Onunla özünün qardaşı, bacısı vasitəsilə tanış idim. Məndən tələb ediləni, yəni, o xanımı ölkəyə qayıtmağı təmin etsəydim, ya da gedib onu Azərbaycana gətirsəydim, öz işimə xəyanət etmiş olacaqdım. O xanım mənə müraciət edəndə sənədlər təqdim etdi ki, keçmiş əri onu ruhi-əsəb xəstəlikləri dispanserinə saldırmaq və uşaqları almaq istəyir. Mən bir çox vəzifəli şəxslərə zəng vurdum bu məsələ ilə bağlı. Mənim haqqımda niyə cinayət işi başlanmasını niyə axtarışa verilməyimin səbəblərimi soruşdum, lakin cavab verən olmadı. Hətta Bakıya qayıtmağa qərar verdim, düşündüm ki bəlkə deyilənlər yalandır və Gürcüstana qayıtdım. Qırmızı Körpü sərhəd buraxılış məntəqəsinə qədər getdim. Lakin məlum oldu ki ölkəyə girəcəyim halda saxlanılacağam. Çünki Nərimanov məhkəməsi barəmdə axtarış elan edib. Odur ki yenidən geriyə qayıtmalı oldum.

- Bu hekayəni bilmirdim düzü... Mənimçün yenilik oldu.

-Hərə bir şey danışır. Mənim QHT-mi dəfələrlə yoxladılar. Lakin əsaslı şeylər tapa bilmədilər. Sonra isə bu xanımla bağlı məsələyə görə cinayət işi başlamalı oldular. Halbuki onun ölkədən getməsi ilə mənim əlaqəm yoxdur və olmayıb. O xanım Gürcüstandan mənə zəng edib dedi ki, “gəlmişəm bura, Siz mənə hüququ yardım göstərmisiz. Bunu təsdiq etməyinizi xahiş edirəm.” Məndən arayış istədi. Mən də ona bu barədə arayış da göndərdim. Bunu etməsəydim, gördüyüm işə xəyanət etmiş olardım. Çox sevinirəm ki, bunu etmişəm.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar