“Jurnalistlər məni məcbur edir...” - Barak Obama

obama-halo-ap-new-550x362ABŞ prezidenti Barak Obama 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çıxış edib.Prezident Obama ilk öncə Ümumdünya Mətbuat Azadlığı Günündə mətbuatın demokratiyanın bərqərar olmasında, bir çox çətinliklərin, amansızlıqların işıqlandırılmasında oynadığı əhəmiyyətli rolu və dünyanın müxtəlif ölkələrində mövcud olan ümidverici hadisələri qeyd edib.“Jurnalistlər bizə bir vətəndaş olaraq öz ölkəmiz, özümüz və hökumətimiz barəsində həqiqəti öyrənmək imkanını təmin edirlər. Bu, bizi daha da təkmilləşdirir, gücləndirir. Bu, öz fikrini ifadə edə bilməyənlərə səs verir, ədalətsizliyi ifşa edir və mənim kimi ölkə rəhbərlərini daha da cavabdeh olmağa məcbur edir” - deyə B.Obama bildirib.

Prezident təəssüflə deyib ki, dünyanın bir çox yerlərində azad mətbuat, həqiqəti gizlətmək istəyən və yaxud vətəndaşların müstəqil qərarlarına etibar etməyən hökumətlər tərəfindən hücumlara məruz qalır: “Jurnalistlər təqib olunur, bəzən hətta qətlə yetirilirlər. Müstəqil kütləvi informasiya vasitələri bağlanır. Fikir ayrılığı susdurulur. Sərbəst ifadə azadlığı boğulur”.

Obama bu baxımdan çox çətin şəraitdə inanılmaz dərəcədə cəsarət göstərmiş üç jurnalist haqqında məlumat almaq imkanını yüksək qiymətləndirib və dəyər verib: “Onların hər üçü mətbuat azadlığını kəskin şəkildə məhdudlaşdırmış ölkələri təmsil edirlər. Onların hər üçü əvvəllər həbs edilmiş və yaxud təqiblərə məruz qalmışlar. Hazırda onların hər üçü burada - Birləşmiş Ştatlarda sığınacaq tapıb. Biz, onların qarşısında duran əhəmiyyətli vəzifələrini davam etdirə bilmələri üçün onları qəbul etmişik”.

Prezident həmin üç jurnalist haqqında bunları deyib: “Onlardan biri Rusiyadan olan Fatima Tlisovadır. O, Şimali Qafqaz bölgəsində baş verən hərbi əməliyyatlar, eləcə də insanların yoxa çıxması və korrupsiya barəsində məlumatlar yaymışdı. Onun özü hücuma məruz qalmış, qaçırılmış və ona işgəncə vermişdilər. Hal-hazırda o, “Amerikanın səsi” radiosunda çalışır və bu yaxınlarda Boston şəhərində baş vermiş partlayışla bağlı keçirilən məhkəmə prosesi haqqında məlumat vermişdi. Biz, Fatimanın burada olmasını yüksək qiymətləndiririk.

Digəri Vyetnamdan olan bloger Diyeu Kaydır. Bu, onun ədəbi təxəllüsüdür, o, insan haqları, o cümlədən dini etiqad azadlığı haqqında yazılar yazmış, Vyetnamda mətbuat azadlığının təmin olunması istiqamətində böyük mübarizə aparmışdı. O, 6 il həbsdə yatıb və oktyabr ayında azadlığa buraxılıb.

Nəhayət, onlardan üçüncüsü Efiopiyadan olan Lili Menqeşadır. O, erkən yaşlarda uşaqların zorla ərə verilməsi problemini işıqlandırmışdı. Mətbuat azadlığının müdafiəsinə qalxdıqdan sonra o, təqiblərə məruz qalmış və həbs edilmişdi. Bu gün o, Milli Demokratiya Fondunda çalışır.

Beləliklə, onların hər biri ilə bağlı yaxından məlumat almışam və bizim hər birimiz, o cümlədən Birləşmiş Ştatlar hökuməti üçün mətbuat azadlığının əhəmiyyətini müdafiə etmək böyük əhəmiyyət kəsb edir. Mən onlarla olan söhbətimdə qeyd etdiyim kimi, onların təmsil etdikləri ölkələrlə biz əməkdaşlıq edirik və bir sıra işgüzar əlaqələrimiz mövcuddur. Düşünürük ki, bizim iştirakımız və diplomatiya, Birləşmiş Ştatların milli maraqları baxımından son dərəcə həlledici əhəmiyyət kəsb edir”.

Prezident deyib ki, bununla bərabər ABŞ Konstitusiyasında və ona edilmiş hüquqlar haqqında ilk 10 düzəlişdə təsbit edilmiş dəyərləri müdafiə etməyi də vacibdir: “Çünki biz hesab edirik ki, bu dəyərlər yalnız Amerika dəyərləri deyil, hər hansı bir təhlükə olmadan özünü ifadə etmək və vicdanının səsini dinləmək kimi başlıca dəyərlər insan hüququdur, ümumbəşəri hüquqdur və son nəticədə fərdlərin öz vicdanlarını sərbəst ifadə etməsi və mətbuat azadlığının bərqərar olması dünyanı daha da nəcibləşdirir və gücləndirir”.

Barak Obama eyni zamanda həbsxanalarda əziyyət çəkən, təqiblərə məruz qalan, təhlükədə olan və həyatlarını itirmiş jurnalistləri də yad edib: “Biz onların xatirəsini əziz tutmalıyıq. Bu jurnalistlər arasında “Çarli Hebdo” jurnalında çalışmış və Parisdə qətlə yetirilmiş Stiven Sotlof, Ceyms Foley, Lyuk Somers də var. Biz haqsız yerə həbs edilmiş jurnalistlərin, o cümlədən hazırda İranda saxlanılan “The Washington Post” qəzetinin müxbiri Ceson Rezaianın azadlığa çıxması üçün öz fəaliyyətimizi davam etdirəcəyik.

Bu gün burada iştirak edən və insanların üzləşdikləri çətinlikləri aydın və qəti şəkildə mənimlə paylaşan bu üç jurnalistə bir daha təşəkkür etmək istəyirəm. Mən istəyirəm ki, hər bir kəs bilsin ki, bu, bizim xarici siyasətimizdə Birləşmiş Ştatlar üçün prioritet məsələ olmaqda davam edəcək. Yalnız sadəcə ona görə yox ki, bu doğru addımdır, eyni zamanda həm də ona görə ki, son nəticədə bu, Birləşmiş Ştatların milli maraqlarına cavab verən bir məsələdir” (“Amerikanın səsi”).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar