"Binə" Ticarət Mərkəzi son günlərini yaşayır - REPORTAJ, FOTOLAR

Manat böhranı Azərbaycanın ən böyük ticarət mərkəzlərindən birini "vurub"; Belə davam etsə, bazar bağlana bilər

Hər kəsə məlumdur ki, manat böhranı baş verdikdən sonra Azərbaycan vətəndaşlarının gəlir və xərcləri arasındakı nisbət dəyişib. Xərclər artıb, gəlirlər azalıb. Hər bir ailə maddi gəlirlər azaldıqca, xərcləri də mümkün qədər azaltmağa çaılışır. Bu sistem zəncirvari effekt yaradır. Dolayısı yolla, hər kəs bu böhrandan öz payını alır.Ən böyük zərbə də xalqın sosial-iqtisadi cəhətdən müdafiəsiz təbəqələrinə dəyir. Bu da ölkə əhalisinin təxminən 70-80 faizinə bərabərdir. Kasıb təbəqənin az qazanması, alacaqlarının bahalaşması, onları çarəsiz duruma salıb.

Böhranı bəlkə də ən tez hiss edənlər ticarətçilərdir. Çünki onlar satdıqları malları xarici ölkələrdən gətirirlər. Və bütün alış-verişlərini dollarla aparırlar. Tacirlərin aldıqları malları köhnə qiymətə satmaları mümkün deyil. Bunun çox sadə bir səbəbi var.

Ticarətçi Türkiyədən 1 dollara aldığı məhsulu, Azərbaycana gətirənə qədər böyük xərclər çəkir. İstər gömrükdəki rüşvətin artması, istərsə də yol xərcləri onun aldığı malın satış qiymətinə öz təsirini göstərir. Tacirin əvvəllər 1 dollara aldığı malın milli valyuta ilə dəyəri 0.78 manat idi. Və onu burada 1 manata satırdı. İndi isə eyni məhsul, eyni qiymətə alınsa da, ölkədə onun dəyəri 1.05 manatdır. Ticarətçi artıq o məhsulu burada 1 manata sata bilməz. Bu da qiymət artımının səbəbinin sadə bir izahıdır.

“Manatın ölməsi" və bu səbəbdən digər valyutaların dəyərinin artması bazarları çökdürüb. Ölkənin bəlkə də ən böyük ticarət mərkəzi olan və bir neçə ay öncəyə qədər hər kəsin axın etdiyi "Binə" Ticarət Mərkəzi artıq son günlərini yaşayır.

Ticarətçilər bank borcları ucbatından öz obyektlərini satır və ya icarəyə verirlər. Alıcı cəhətdən dəhşətli şəkildə qıtlıq çəkən "Binə" bazarı hər ötən gün daha da çökür.

Əvvəllər icarəyə götürmək üçün yer tapmayan kiçik biznesmenlər indi "Binə" bazarından uzaq gəzirlər. Bunun da tək bir səbəbi var: Alıcı yoxdur!

Ticarət mərkəzinin bu ağır durumunu yaxından öyrənmək üçün oraya yollandıq. Bir neçə ticarətçi ilə danışdıq. Vəziyyətlərinin çox pis olduğunu, bankların borcları geri almaq üçün qapılarına dayandığını deyən tacirlər ümidsiz halda hər şeyin yaxşı olacağını gözləyirlər.

"Mallar dükanda qalıb, alan yoxdur"

Alıcı qıtlığı çəkən ticarətçilərin sözlərinə görə, getdikcə ziyana işləyirlər: "Qardaş, vəziyyətimiz çox pisdir. Nə edək, kimə dərdimizi deyək, bilmirik. Mallar qalıb dükanda, alan yoxdur. Amma yenə də icarə haqqı ödəyirik. Banklar da bir tərəfdən boğazımızdan "yapışıb". Hamı özünü düşünür, biz yaddan çıxmışıq. Hər gün daha da batırıq. Səhər saat 7-dən burdayam. İndi isə saat 4-dür, mənim cibimdə 1 manat 60 qəpik pul var. Bu mənim heç siqaret pulum da deyil. Cəhənnəmə ki, siqaret almasam da olar, ancaq siz deyin, bu pulla nə etmək mümkündür?"

"Qəpiyə güllə "atırıq"

Tacirlər deyirlər ki, bu böhran vəziyyətinə baxmayaraq, onlara heç kim güzəşt etmir: "Özləri də görürlər ki, alver yoxdur. Qəpiyə güllə "atırıq". Sadəcə, gəlirik və gedirik. Amma yenə də güzəşt etmirlər. İcarə haqqı da əvvəlki miqdarındadır. Bir az gecikdirsək, vay halımıza... Demirik ki, aşağı salsınlar, cəhənnəmə ki, heç olmasa, güzəşt eləsinlər. Vaxt versinlər. Az-az, xırda-xırda ödəyək. Əvvəl normal qazanırdıq, ödəyirdik. Heç bir problem də olmurdu. İndi isə qazana bilmirik. Haradan verək, o pulları..? Üstəlik, hər ay bizdən 250 manat vergi də alınır. O pullar hara gedir, kim götürür, bilmirik. Araşdırsanız, görərsiniz ki, biz o qədər vergi verməli deyilik".

"Belə getsə, bazarda bir nəfər də ticarətçi qalmayacaq"

Ticarət mərkəzində gəzişən zaman, qarşımıza çıxan hər 4 mağazadan ikisinin qapısında "İcarəyə verilir", "Biz köçdük", "Mağazanın yarısı icarəyə verilir" kimi elanlar yazılmış kağızlar asılmışdı.

Bunun səbəbini hələ də bazarda çalışan ticarətçilərdən soruşduq: "Səbəbi, böhran... Hamısı müflis olub. Daha qazana bilmirlər. Bəziləri dükanlarını satırlar, bəziləri isə icarəyə verirlər. Eləsi də var ki, aylıq icarə haqqını ödəyə bilmir. Ona görə də, mağazasının yarısını icarəyə verir. Buna biz "yer pulu" deyirik. Belə getsə, bazarda bir nəfər də ticarətçi qalmayacaq. Bizə güzəşt etmirlər, anlayış göstərmirlər. Burada niyə qalaq ki..?"

Müşahidələrimizdən və deyilənlərdən belə anlaşılır ki, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova ticarətçilərə güzəştlər etməsə, yaxın günlərdə onun bazarında heç kim qalmayacaq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar