ABŞ HÖKMRANLIĞINA ƏN BÖYÜK TƏHDİD - Rusiya-Çin alyansı

"Əgər ABŞ və Yaponiya arasındakı hərbi alyans güclənər və onların müdafiə sferasındakı əməkdaşlıqları hər tərəfə yayılarsa..."

Son vaxtlar Çinlə Rusiya, Aya uçuş proqramından başlamış, Aralıq dənizindəki hərbi təlimlər və Moskvada keçiriləcək qələbə paradı da daxil olmaqla, hərbi, maliyyə və siyası əlaqələrin genişləndirilməsi tədbirləri istiqamətində birgə çalışırlar. ABŞ–ın bu iki rəqibi arasındakı alyansın möhkəmləndirilməsi Vaşinqtonu narahat etməyə bilməz.

"The Wahington Times" qəzetinin “ABŞ-a qarşı zərbə - Rusiya Çin alyansı” adlı məqaləsində qeyd olunur ki, soyuq müharibə zamanı bir-birilərinə rəqib olan Pekin və Moskva, artıq bu gün əlaqəli formada ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına qarşı meydan oxumaq istəyirlər. Bu iki böyük dövlət, onlara mane olmağa çalışan Vaşinqtona qarşı həm simvolik, həm də konkret əməli fəaliyyət addımları atırlar. Çin və Rusiyanın ilk dəfə olaraq, Aralıq dənizində müştərək hərbi təlimlər keçirəcəklərini elan etmələri və həmçinin də, Rusiyanın Çinin təşəbbüsü ilə yaradılan Asiya İnkişaf və İnfrastruktur Bankının əsas sərmayəçilərindən biri kimi fəaliyyət göstərmək niyyəti, bu iki ölkə arasındakı yaxınlaşmanın bariz nümunələridir. Hal-hazırda iki ölkə Rusiyanın 2024-cü il üçün Ay səthində yaratmaq istədiyi elmi stansiyada Çinin əsas əməkdaş kimi necə iştirak etməsi məsələsini də müzakirə edir. Bir çox analitiklər bidirirlər ki, Rusiya prezidenti Vladimir Putin ilə Çin rəhbəri Si Çzinpin arasında əsl dostluq əlaqələri yaranıb.

Prezident Barak Obama və digər Qərb liderləri alman nasistləri üzərindəki qələbənin 70 illiyinə həsr edilmiş Qızıl Meydandakı paradda iştirak üçün Putinin göndərdiyi dəvətdən imtina ediblər. Ona görə də, cənab Si Çzinpin parada gələn qonaqlar içərisində ən nüfuzlu lider olacaq.

Keçən il Rusiya və Çin liderləri beş dəfə görüşüblər. Rusiyanın Pekindəki səfiri Andrey Denisovun sözlərinə görə, Putin və Si Çzinpin bu il ərzində də xeyli görüş keçirəcəklər.

Karnegi mərkəzinin Moskva nümayəndəliyinin direktoru Dmitri Trenin məsələ ilə əlaqədar bildirib: ”Ruslar və çinlilər gələcək bir neçə on illiklər ərzində ABŞ-ın dünyanın ən güclü dövləti olacağını bilsələr də, ancaq onu da yaxşı anlayırlar ki, Vaşinqtonun digər ölkələrə təsiri sürətlə zəifləyir. Moskva və Pekin dünyanın ABŞ hökmranlığına nisbətən daha azad nizam qaydalarına doğru getdiyini görürlər. Bu Çinə öz təsirini gücləndirməyə, Rusiyaya isə bir qədər sərbəst hərəkət etmək imkanı yaradacaq. Həmçinin onların hər ikisi deyilən bu prosesin tempinin artdığını da görürlər”.

ƏLAQƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ

Biz, Çin və Rusiya arasındakı intensiv inkişafın konkret və əyani tərəfləri ilə yaxından tanış olaq.

- Bu ilin mart ayında Çinin “Commercial Aircraft” şirkəti Rusiyanın təyyarə istehsal edən dövlət müəssisələriylə birlikdə uzaq məsafələrə uça biləcək, iri füzelyajlı təyyarələrin hazırlanması proqramı çərçivəsində xüsusi iş qrafiki tərtib ediblər. Böyük sərnişin təyyarələrinin istehslı üçün nəzərdə tutulan həmin layihə 2025- ci ildə başa çatmalıdır. Aprel ayında isə Çin Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üçün Rusiya ilə 3 milyard dollar məbləğındə saziş imzalayıb.

- Rusiya Asiya infrastruktur və investisiyalar Bankının əsas sponsorlarından biri olub. Bir çox analitiklərin fikrinə görə bu bank Dünya Bankı və Qərbin maliyyə institutlarına alternativ olmaq üçün qurulub. Rusiyanın İqtisadi İnkişaf nazirininin müavini Stanislav Voskresenski repatyorlarla söhbəti zamnı deyib ki, Rusiya bu bankın sponsorları arasında öz mövqeyinə görə üçüncü yerdə dura bilər.

- Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Raqozin ilə onun çinli məsləkdaşı Van Yanın görüşü zamanı kosmik tədqiqatlar sahəsindəki əməkdaşlıq məsələləri müzakirə obyekti olub. Hal-hazırda Çin aya uçmaq üçün “Çanjen-9” raketinin yaradılması üzərində çalışır.

- Çinin Müdafiə nazirliyinin nümayəndəsi Qen Yanşen bildirib ki, Aralıq dənizində Rusiya ilə keçiriləcək ilk müştərək hərbi təlimlər digər ölkələrə qarşı yönələ bilməz. Bu sözləri deməklə yanaşı, cənab Qen Yanşen Amerika-Yaponiya müdafiə müqaviləsini də kəskin tənqid atəşinə tutaraq bildirib: "Əgər ABŞ və Yaponiya arasındakı hərbi alyans güclənər və onların müdafiə sferasındakı əməkdaşlıqları hər tərəfə yayılarsa, onda regiondakı və dünyadakı sülh və sabitliyə necə təsir göstərəcək? Çox yaxşı olar ki, bütün tərəfələr özünə də belə bir sualla müraciət etsinlər”.

Lakin bütün bu yaxınlaşmalara baxmayaraq, analitiklər xəbərdarlıqla bildirirlər ki, Moskva ilə Pekin arasındakı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi müəyyən mənada şişirdilib. Həmçinin xatırladılır ki, hətta Sovet İttifaq ilə Mao Tzedun dövründəki Çin arasında 1969-cu ildə şiddətli mübahisələr və müharibə də baş verib. Rusiya siyasi şərhçiləri açıq şəkildə bildirirlər ki, Çinin iqtisadi təsir imkanlarını nəzərə alarıqsa, onda Moskvanın Pekinlə istənilən alyansı onu kiçik qardaş olmağa məhkum edir.

Dmitri Treninin fikrinə görə, Çin ilə Rusiyanın yaxınlaşması ABŞ tərəfindən Avropa və Asiyada yaradılması istənilən dünya nizamı qaydalarına qarşı dayanacaq yeganə alyans ola bilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar