“VƏFA MÜƏLLİMİN MƏNDƏN XOŞU GƏLMİRDİ...” – Keçmiş deputatın xatirələri 

“Vəfa Quluzadə dedi ki, atam bilsəydi illər keçəcək və Eldar Sabiroğlu milli ruhda böyütdüyü övladına satqın deyəcək, onda o qələmi sənə verməzdi”

Görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin dəfn mərasimində uzun illər birlikdə işlədikləri hökumət, YAP təmsilçilərindən heç kimin gözə dəyməməsi gözlənilməz oldu. Elə həmin gün axşam saatlarında əməkdaşımız şəhərdə təsadüfən sabiq YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu ilə qarşılaşıb və ona yaxınlaşaraq, günün aktual mövzusu ilə bağlı bir neçə sual ünvanlayıb. O, müxbirimizin Vəfa Quluzadə, onun dəfnində iştirakla bağlı sualları ona ünvanlamasını əvvəlcə təəcüblə qarşılasa da, daha sonra mərhum diplomatla bağlı bəzi xatirələrini bölüşüb.

- Eldar müəllim, 5-6 dəqiqə vaxtınız varsa, sizə Vəfa Quluzadə, onun dəfn mərasiminin təşkili ilə bağlı bir neçə sualla müraciət etmək istəyirik...

- Niyə məhz mənə?

- Sadə səbəbə görə - Vəfa Quluzadənin dəfn günündə Sizinlə qarşılaşdığımız üçün... Dəfndə az adam göründü...

- Eşitdiyimə görə, onu öz vəsiyyətinə uyğun olaraq oğlunun yanında dəfn etdilər. Vəfa Quluzadəni tanıyanlar, dostları orada olublar. Bir halda ki, sual verdiniz, onda sizə maraqlı bir xatirə danışacağam.

- Ancaq əvvəlcə icazə verin soruşaq, dəfnə getmişdiniz?

- Xeyr, getməmişdim. Bəlkə də, bu mənim qəbahətimdir, ancaq çalışacam ki, qırxında olum. Bu arada yadıma düşən bir xatirəni sizinlə bölüşmək istəyirəm. Bəri başdan deyim ki, rəhmətliyin məndən xoşu gəlmirdi. Səbəbini söhbət əsnasında izah edəcəm. Vəfa müəllimin atası akademik Mirzağa Quluzadə Azərbaycanın tanınmış ziyalılarından idi. 1978-ci ilin payızında Mirzağa müəllim İrəvana gəlmişdi. Mən onda Azərbaycan dilində dərc olunan "Sovet Ermənistanı" qəzetində müxbir işləyirdim. Redaktorumuz Mirzağa müəllimin tələbəsi Məhərrəm Bayramov məni yanına çağırıb dedi ki, maşınımla “Şiraz" otelinə get. Müəllimim Mirzağa Quluzadəni götürüb redaksiyaya gətir. O zaman mənim 22-23 yaşım olardı. Sürücü milliyətcə erməni olsa da, azərbaycanca yaxşı bilirdi. Maşına oturan kimi Mirzağa müəllim məndən iki dəfə soruşdu ki, oğlum, sənin milliyətin nədir? Hər dəfə Cavab verdim ki, azərbaycanlıyam. Düzü, bir az təəccüb etsəm də, o böyük şəxsiyyətə, ədəbiyyat korifeyinə bu həyacanımı bildirə bilməzdim. Mirzağa müəllim qəti tərzdə mənə irad tutub dedi ki, ay bala, hansı millətə məxsus olduğunu bilmirsən? Niyə mən türkəm demirsən? Sonra Səməd Vurğunu oxuyub oxumadığımı soruşdu. Dedim, bəli, oxumuşam. Yenidən sual verdi: Puşkinin “Yevgeni Onegin” əsərini tərcümə edən böyük şairimizin sonda öz adından yazdığı şeirdən xəbərin varmı? Cavab verdim ki, xeyr, xəbərim yoxdur. Mirzağa müəllim yenə də mənə irad tutub bildirdi ki, çox pis, buralar Türk torpağı olub. Get o misraları oxu. Onda soy-kökünün də haradan gəldiyini bilərsən. Və dərhal özü o misraları əzbərdən dedi. Həmin misralar o vaxtdan yaddaşıma həkk olub:

Yanmadım ömrümün iki ilinə,

Rusiya şeirinin şah əsərini,

Çevirdim Türkün şirin dilinə.

Mirzağa müəllim daha sonra bildirdi ki, Stalinin zamanında türk kəlməsi sevilməzdi, buna görə də türk sözünü həmin sətirlərdən çıxartdılar, azəri sözü ilə dəyişdilər. Ancaq bu söz də poetik dilə uyğun gəlmədiyindən, "Vaqifin şirin dilinə" misrası ilə əvəzləndi. Mirzağa müəllim fikrini tamamlayan kimi mənə ikinci və daha çətin sualını verdi:

- Oğlum, burda gavurlar sizi incitmir ki?

Düzü, özümü bir qədər itirdim, duruxdum. Yanımızdakı erməni sürücü azərbaycanca yaxşı bilirdi. Bunu duyan kimi, Mirzağa müəllim niyə duruxduğumu soruşdu. Dedim heç, duruxmadım… Daha söhbəti uzatmadı. Ancaq maşından düşəndə dedim ki, Mirzağa müəllim, sürücü erməni olduğuna görə sizə cavab verə bilmədim, bəli, əziyyətlərimiz var. Həmin gün axşam qəzetin baş redaktoru Məhərrəm Bayramovla şam yeməyi zamanı cibində olan qızıl qələmi ona verib və halallıq üçün mənə çatdırmasını xahiş edir. O qələmi bugünə qədər dəyərli bir xatirə kimi saxlayıram. Görün həyatda necə mərd kişilər olub. Adicə xırda əziyyətimə verdiyi böyük qiymətə baxın…

- Bəs sonra nə oldu?

- Sonra illər dolandı, Bakıya gəldim və siyasətə qoşuldum, parlament üzvü seçildim. O dövrdə də Dağlıq Qarabağ məsələsilə bağlı çoxlu problemlər vardı. İstambul sammiti ərəfəsində üç nəfər – Eldar Namazov, Tofiq Zülfüqarov və Vəfa Quluzadə gözlənilmədən tutduqları vəzifələrdən istefa verdilər. Mən Milli Məclisin üzvü kimi buna sərt münasibət göstərdim. Onları tənqid etdim. Ona görə də adını çəkdiklərimin heç birinin, o cümlədən də rəhmətliyin məndən xoşu gəlmirdi. Hətta tədbirlərin birində salamımı elə aldı ki, almasaydı ondan yaxşı idi...

Sonralar təsadüfən bulvarda Vəfa müəllimlə qarşılaşdıq. Mənə yaxınlaşdı, "salam, cavan oğlan, olarmı yolunu dəyişəsən?" dedi. Mən razılaşdım və birlikdə davam etdik. Soruşdu ki, sən o zaman niyə bizim haqqımızda kəskin bəyanatla çıxış etdin? Dedim, səhvdi-düzdü, hər halda, bu mənim öz fikrimdir. Tutduğum mövqedə həmişə dövlətin strateji xəttini müdafiə etməyə çalışmışam. Cavabında Vəfa müəllim bildirdi ki, bu yaxşı xüsusiyyətdi, ancaq həqiqəti bilmək ondan da vacibdir. Siz bizi satqınçılıqda ittiham etdiniz, amma hansı satqınçılıqdan söhbət getdiyini şəxsən mən tam anlaya bilmədim. Dedim, Vəfa müəllim, axı elə ifadə işlətməmişəm və çox güman ki, hansısa siyasi məqsədə qulluq edə biləcəyinizi nəzərdə tutmuşam. Vəfa müəllim etiraz etdi: öz yazdığınızın fərqinə varmırsınızmı? Nə isə, söhbəti uzatmadıq. Mirzağa müəllimin mənə bağışladığı qələmi xatırlatdım. Vəfa müəllim dedi ki, atam bilsəydi illər keçəcək və Eldar Sabiroğlu milli ruhda böyütdüyü övladına satqın deyəcək, onda o qələmi sənə verməzdi. Dedim, Vəfa müəllim belə çıxır ki, o qələm haramdı mənə? Vəfa müəllim, daha ciddi görkəm aldı və dedi ki, məndə qarğış tökmək yoxdu, o qələm sənə halaldı, ancaq bundan sonra belə danışma…

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar