RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURANIN FƏXRİ SƏDRLİYİNDƏN GETDİ - Müsavatın bəhanələrinə son qoymaq üçün...

"Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədləri hakimiyyətin maraqları ilə üst-üstə düşür"

Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasına daxil olan siyasi qüvvələr arasındakı fikir ayrılığını aradan qaldırmaq, 2013-cü il mayın 28-də onun təşəbbüsü ilə yaradılan bu ictimai institutun fəaliyyətinin davamlılığını təmin etmək üçün qurumun fəxri sədri adının üzərindən götürülməsi barədə qərar qəbul edib.

Turan-nın məlumatına görə, dekabrın 26-da o, aşağıdakı müraciəti yayıb:

-Demokratik Qüvvələrin Milli Şurasına:

Prezident seçkilərindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür.

Qeyd etmək istəyirəm ki, Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın “sıralarının təmizliyindən” narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq MŞ-nin yaradılmasına, prezident seçkilərində ikinci namizəd kimi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar.

Və bu gün yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla MŞ-nin tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi MŞ-ni Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, MŞ-ni faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir.

Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm.

Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək.

Demokratik birliyin yaradılması uğrunda səylərimə haqq qazandıranlara və dəstəkləyənlərə bir daha öz təşəkkürümü bildirirəm və bu məktubun istefam barədə rəsmi bəyanat hecab olunmasını xahiş edirəm .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar