"Prosesin davamında onların özlərini Müsavatdan qovacaqlar"

Rafiq Bəy İsmayıl: "Müsavat Partiyasına nə Arif Hacılıya, nə də İsa Qəmbərə görə gəlmişəm"

"Müsavat üzvlərinin xaric edilmə prosesi davam edəcəksə, partiya dərnəyə çevriləcək". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Rafiq Bəy İsmayıl deyib. O bildirib ki, partiya rəhbərliyinin addımları yanlışdır: "İndiki olaylar qurultaydan sonra baş verənlərin davamıdır. Hazırkı sistem oturuşmayıb deyə, kimin ağlına nə gəlirsə, onu da edir. İnanmıram ki, partiya rəhbərliyi səhv etdiyini başa düşsün. Belə görünür ki, prosesin davamında onların özlərini qovacaqlar".

Məclis üzvü rəhbərliyin yürütdüyü siyasətlə razı olmasa da, partiyada fəaliyyətini davam etdirəcəyini vurğulayıb: "Mən Müsavat Partiyasına nə Arif Hacılıya, nə də İsa Qəmbərə görə gəlmişəm. Nə də ki, bunların acığına gedəsi deyiləm. Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindən biri olmuşam. Müsavat ideyalarının Azərbaycanda yayılmasına 1960-cı illərdən başlamışıq. Ona görə də kiməsə görə partiyadan gedən deyiləm".

Xatırladaq ki, Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərarın qəbul olunmasına etiraz olaraq professor Adil Qeybulla, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli, tarixçi alim, Suraxanı rayon təşkilatının keçmiş sədri Boran Əziz partiya sıralarından istefa verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar