RUSİYANIN NÜVƏ DAŞIYAN YENİ BOMBARDMANÇILARI – Amerika qorxmalıdırmı?

“TU-160” tipli strateji bombardmançıların ilk zərbə vurma imkanının xüsusi və əlahiddə hal kimi qəbul etdirilməsinə heç bir lüzum yoxdur”

Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sovet dövründə yaradılmış “TU-160” bombardmançı təyyarələrinin istehsalının yenidən bərpa olunacağını söyləyib. Bu təyyarələr NATO təsnifatında “Blackjack” adı ilə tanınır. ”TU-160” təyyarəsi Amerikanın “B-1” bombardmançısının özünəməxsus versiyasıdır və nüvə başlıqlı qanadlı raketlər daşımaq xüsusiyyətinə malikdir. 1980-ci illərdə Sovet İttifaqında 35 ədəd “TU-160” bombardmançı təyyarə istehsal edilmişdi və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında bu cür 15 təyyarə qalıb.

Rusiya hökumətinin bombardmançı təyyarələr istehsal etmək qərarı, ABŞ və Rusiya arasındakı strateji silahlar balansına necə təsir göstərəcək?

Əlbəttə, geniş hərbi planda bu çox da böyük məna kəsb etməsə də, hər halda Şoyqunun söylədiklərini siyasi anlamda növbəti təxribat kimi qiymətləndirmək lazımdır. Ümummiyyətlə isə, biz məsələyə rusların bu tipdən olan bir neçə təyyarə istehsal edəcəyi istiqamətdən yanaşaq .

Qu quşuna bənzəyən “TU-160” təyyarələri hərbi əməliyyatlar zamanı öz hədəfinə doğru sürətlə irəliləyən çox yaxşı bombardmançılardır. Digər tərəfdən isə, bu təyyarənin hədəf nöqtəsinə yaxınlaşan zaman qanadlı raketlər vasitəsilə düşmən mövqelərinə atəş açdıqdan sonra radarlara yaxalanmamaq üçün alçaq hündürlükdən uçmaq özəllikləri də var. Amma nüvə müharibəsi zamanı təkcə rusların təyyarəsi deyil, həmçinin Amerikan bombardmançıları da bu cür döyüş qabiliyyətlərini nümayiş etdirəcəklər.

“TU-160”-ların yeni imkanlarından narahatlıq keçirənlər, nüvə bombardmançılarının əhəmiyyətinə xüsusi diqqət yetirməlidirlər. Soyuq müharibə dövründə hər iki tərəf qitələrarası ballistik raketlər, dənizdə bazalaşmış silahlar və bombardmançılardan ibarət triadaya (üçlüyə) xüsusi önəm verirdilər. Çünki vurulacaq geniş miqyaslı ilk zərbə zamanı bu silahların bir hissəsi təcavüzkarın məhv olunması imkanlarını özündə saxlayır. Bu gün rusların və ya amerikanların bir-birlərinə sarsıdıcı ilk zərbə vuracaqları mexanizmi, soyuq müharibədəki texniki imkanlardan fərqlənəcək. Keçmiş günlər artıq arxada qalıb. Ona görə ki, həmin dövrün idarə etmə mərkəzlərinin, peyklərin və strateji sistemlərinin bir yerdən başqa yerə daşınması imkanları, müasir şərtlərə nisbətən xeyli dərəcədə aşağı səviyyədə olub.

Bunlardan əlavə, 1981-ci ildə SSRİ və ABŞ bir-birlərinə qarşı təxminən 50 min ədəd nüvə silahı tuşlamışdılar. Lakin bu gün Rusiya ilə Amerikanın əldə etdikləri razılaşmaya əsasən, hər tərəfdə hücum məqsədli yalnız 1550 ədəd strateji nüvə silahı var. Belə silahların miqdarı hər iki ölkənin bir-birlərini məhv etməsi üçün kifayət qədər yetərlidir. Deməli, “TU-160” tipli strateji bombardmançıların ilk zərbə vurma imkanının xüsusi və əlahiddə hal kimi qəbul etdirilməsinə heç bir lüzum yoxdur.

Bəs, onda ruslar nə üçün bu işlə məşğul olmaq niyyətindədirlər? Burada məsələ heç də birbaşa ABŞ-la bağlı deyil. Məlumdur ki, hazırda Rusiyada çox böyük nüvə silahı infrastrukturu var və onların hərbçiləri isə öz ölkələrinin nüvə potensialı ilə öyünürlər. Moskva əlavə olaraq, bir neçə yeni nüvə “oyuncağının” hazırlanması ilə ölkə daxilindəkilərin hamısını razımı salmaq niyyətindədir? Əslində isə məsələnin əsas məğzi Rusiya hərbi sənaye kompleksinə ayrılacaq əlavə pullardan ibarətdir. Çünki həyata keçiriləcək həmin əməliyyatdan geniş mənada hamı xeyr götürmək istəyir. Yəni, işin yekununda hərbçilər təhlükəsiz nüvə qalxanı ilə təmin olunmaqlarından danışacaq, prezident Vladimir Putin və Sergey Şoyqu kimi liderlər isə, öz döşlərinə döyərək deyəcəklər ki, baxın görün biz amansız və nəhəng nüvə divi Barak Obamanın qarşısını necə ala bildik...

“The National İnterest”

(qısa ixtisarla)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar