“Ölkənin enerji şəbəkəsi tam yenidən qurulacaq”- Baba Rzayev

“Azərişıq” ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılıb.“APA-Economics”in məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyilir.

B. Rzayev bildirib ki, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, texniki təchizat bazası yaradılıb: “Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir”.

Onun sözlərinə görə, bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. “Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir”, - deyə B. Rzayev vurğulayıb.

“Azərişıq”ın sədri qeyd edib ki, qurumun gələcək fəaliyyəti ilə bağlı hazırlanan 4 bənddən ibarət inkişaf proqramının uğurla reallaşdırılması diqqət mərkəzində saxlanılır: “İnkişaf proqramının birinci - reabilitasiya mərhələsində mövcud imkanları səfərbər edib, enerji təchizatındakı problemləri aradan qaldırmaq nəzərdə tutulur. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçiriləndən sonra enerji təchizatı zamanı baş verən açılmaları iki dəfəyədək azaltmaq mümkün olacaq. İnkişaf proqramının ikinci bəndinə əsasən mövcud şəbəkə planlı şəkildə tamamilə yenidən qurulacaq ki, bununla bağlı dövlət başçısının xüsusi göstərişi var. Sözügedən mərhələdə görüləcək böyük həcmli işlərin reallaşdırılması, başqa sözlə, mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması istiqamətində hazırda ardıcıl tədbirlər görülür. İnkişaf proqramının üçüncü bəndi 2025-ci ilədək olan bir dövrü əhatə edir. Bu müddətdə dairəvi, ikişüalı və dayanıqlı sxemin hazırlanması qarşıda mühüm vəzifə kimi durur. Nəhayət, inkişaf proqramının sonuncu bəndində “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapıb ki, həmin işlərin bu il başa çatdırılması nəzərdə tutulur”.

B. Rzayev vurğulayıb ki, “Azərişıq” ASC tərəfindən inkişaf proqramında nəzərdə tutulan tədbirlər vaxtında və uğurla yerinə yetiriləcək, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmasına, elektrik təchizatında daha müasir metodların tətbiqinə, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsinə nail olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar