7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib – Konstitusiya Məhkəməsində

“Mən onu hiss elədim ki, Konstitusiya Məhkəməsinə qanun dili ilə yox, iqtisadi qorxuzma yolu ilə təsir etmək cəhdi var”. Bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Azadlıq" Radiosuna müsahibəsində deyir. O, mayın 7-də Konstitusiya Məhkəməsinin xarici valyutadakı kreditlərin hansı məzənnə ilə qaytarılmasını müəyyən etmək üçün keçirdiyi Plenum iclasında vəkil kimi iştirak edib. Məhkəmə dinləmələri bitirib, qərarını yaxın vaxtlarda elan edəcək.

Bugünkü toplantıda iştirak etmiş Əkrəm Həsənov deyir ki, iclasda çıxış edən 7 nəfərdən 4-ü bankların, 3-ü vətəndaşların mövqeyini müdafiə edib. Məhkəmədə baş verənlərin nəqlinə keçməzdən öncə Azərbaycan banklarının dollarla kredit portfelinin həcminə diqqət yetirək.

8 milyardlıq xarici valyuta krediti var

kredit pul qaytar_2Mərkəzi Bankın saytında bu məlumat yalnız regionlar üzrə kredit qoyuluşu bölümündə yerləşdirilib. Burda kreditin tipi həm milli, həm də sərbəst dönərli valyutada göstərilib. Bu il fevralın 28-ə olan məlumata görə, ümumilikdə iqtisadi regionlar üzrə xarici valyutada kredit portfelinin həcmi təxminən 8 milyard 300 milyon dollardır. Bu məbləğ həm uzunmüddətli, həm də qısamüddətli kreditləri əhatə edir. Xarici valyutada kredit portfelinin təxminən 7 milyard dolları Bakının payına düşür.

Manatın 35 faizlik devalvasiyası fevralın 21-də baş verib. Bu kreditlərin götürüldüyü vaxt dolların manata nisbətən məzənnəsi 78 qəpik idi. İndi isə banklar krediti dolların indiki məzənnəsi ilə qaytarmağı tələb edir. İndiki məzənnə isə təxminən 1 manat 5 qəpikdir. Ortada 2 milyard 200 milyon manatdan çox fərq yaranır. İndi bu qədər ziyanı kredit borcu olan vətəndaşlar, yoxsa, banklar ödəməlidir? Konstitusiya Məhkəməsinin bu qərarı bu suala cavab verməlidir.

Dollarla kredit götürənlər ümidlidirlər

[caption id="attachment_116962" align="alignleft" width="300"]

Əkrəm Həsənov[/caption]

“Mən biznesim üçün kredit götürmüşdüm. Manatın devalvasiyasına qədər 1150 manata 1450 dollar alıb aparıb banka ödəyirdim. İndi isə yenə 1450 dollar əldə etmək üçün gərək 1520 manat odəyəm. Yəni, indi 1450 dollar əldə edib bankın borcunu qaytara bilmək üçün ayda əlavə 370 manat çox pul ödəməli oluram”.

Adinin şərti olaraq Nazim Sadıqov söyləyən və kiçik sahibkarlıqla məşğul olan müsahibimiz deyir ki, o, həmin fərqi satdığı malların üzərinə gələ bilmir, çünki onsuz da artıq dolların 35 faiz bahalaşmasından dolayı yaranan fərqi malın üzərinə gəlib: “Əvvəl 10 manata satdığım malı indi 13 manat 50 qəpiyə satmağa məcburam. Çünki malı xaricdən dollarla alıb gətirirəm. Satış xeyli zəifləyib, müştəri qiymətin qalxmasına görə qaçır”, - Nazim Sadıqov əlavə edir.

Nazilə Axundova da nə qədər müştərisi olduğu bankla mübahisə aparsa da, axırda naəlac qalıb dollarla olan kreditini indiki məzənnə ilə qaytarır. O, deyir ki, kredit götürəndə maaşına baxıb ayda nə qədər ödəyə biləcəyini ölçüb-biçib: “İki kreditim var, birinə 100 manata yaxın ödəyirdim, indi 130-140 manat ödəyirəm, o birinə də hər ay 420 manat ödəyirdim, indi də 560-570 manat arası ödəyirəm”.

Nazilə Axundova əlavə edir ki, bəlkə də devalvasiya yumşaq getsəydi, o, çətinlik hiss etməzdi, həm də əvvəldən iki kreditə birdən girməzdi. Amma indi geriyə yolu yoxdur, bir müddət kəməri sıxmalı olacaq. Ancaq Nazilə Axundova da ümidini üzmür ki, Konstitusiya Məhkəməsi vətəndaşların marağına uyğun qərar verəcək.

“Dollarla kredit ödəniş deyil, əşyadır”

dollarHərçənd, Konstitusiya Məhkəməsinin Plenar iclasında Mərkəzi Bankın nümayəndəsi bankların əleyhinə qərar çıxarsa, iqtisadi fəlakət ola biləcəyini bəyan edib. Marja.az saytının məlumatına görə, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bildirib ki,“Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”.

O, dollarla olan krediti ödəniş yox, əşya kimi tanınmasını istəyib:“Əgər kredit dollar əşyasında verilibsə, dollarda, manat əşyasında verilibsə, manatda geri qaytarılmalıdır”.

Mərkəzi Bankın rəsmisi vurğulayıb ki, kreditlərin dollarda verilməsi Azərbaycan Konstitusiyasına zidd deyil. Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87 faizi cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəsini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:“Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37 faizi xarici valyutada idisə, bu gün əmanətlərin 67 faizi xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilib, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.

Mərkəzi Bank rəsmisi iqtisadi fəlakətdən danışır

Mərkəzi Bank_0R.Orucov deyib ki, bankların əleyhinə qərar qəbul edildiyi təqdirdə onların itkiləri arta bilər: "Bununla da onlar öz öhdəliklərini yerinə yetirə bilməyəcək, o cümlədən əmanətləri geri qaytara bilməyəcəklər ki, beləliklə maliyyə sistemində sabitlik pozula bilər. Bankların kredit vermək imkanları azalar, biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyər, bu zaman işçiləri ixtisar edilə bilərlər".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Azadlıq" radiosuna müsahibəsində deyir ki, Mərkəzi Bank rəsmisinin gətirdiyi arqumentlər xof yaratmaqdan başqa bir şey deyil:“Bizim banklarımız son illərdə əhaliyə yüksək faizlə kredit verməkdən kifayət qədər qazanıblar. Mərkəzi Bankın özü də dəfələrlə bəyan edib ki, bankların vəziyyəti yaxşıdır. Sadəcə, banklar əldə etdiklərini vermək istəmirlər”.

Vətəndaşların daşdan keçən arqumenti

kreditBəs, vətəndaşların necə, daşdan keçən arqumenti varmı? Əkrəm Həsənov deyir var və məhkəmədə çıxış edənlər də bu arqumenti vurğulayıb: Kreditin xarici valyutada verilməsi Konstitusiya ilə qanunidirmi?

Konstitusiya Məhkəməsi qarşısında iki sual dayanır. Xarici valyutada kreditlər və əmanətlər qanunidirmi? Xarici valyutada kredit və əmanətlər öhdəliyin yarandığı, yoxsa cari məzənnə ilə manatla qaytarılmaldır?

Əgər Konstitusiya Məhkəməsi birinci suala “yox” desə, bu, əhalinin xeyrinə olacaq. Yəni, xarici valyutada verilən kreditlər qanuni sayılmazsa, banklar həmin kreditlər üzrə faizləri itirəcəklər. Yox, əgər Konstitusiya Məhkəməsi bunu qanuni saysa, onda vətəndaşlar bu vəsaitin faizini ödəməkdə davam edəcəklər. İkinci sual üçün əgər məhkəmə qərar versə ki, kredit verildiyi günə uyğun məzənnə ilə qaytarılmalıdır, onda banklar itirəcək.

Konstitusiyanın 19-cu maddəsi bank-kredit münasibətlərinə aid deyil?

Əkrəm Həsənov deyir ki, Konstitusiya Məhkəməsinin iclasında çıxış edənlərdən Ombudsman Aparatının rəsmisi bildirib ki, xarici valyutada olan kreditlər qanunsuzdur və kredit məbləğləri alındığı günün məzənnəsi ilə banklara qaytarılmalıdır. Həsənovun sözlərinə görə, bəzi çıxışçılaırın xarici valyutada kreditlərin verilməsi sualına cavabları vətəndaşların xeyrinə olub.

Əkrəm Həsənov deyir ki, məsələ xarici valyuta kreditinin ödəniş kimi qəbul edib-etməməsindən gedir. “Əgər bu kredit ödəniş sayılarsa, Konstitusiyaya ziddir, çünki Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır.

Çıxış edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov dedi ki, Konstitusiyanın 19-cu maddəsi bank-kredit münasibətlərinə aid deyil. Mehdi Əsədov deyir ki, bank istədiyi valyutada krediti ifadə də edə bilər, verə də bilər, qaytara da bilər. Niyə görə Konstitusiya banklara aid deyil – sual olaraq qaldı.

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova iclasda çıxışlara belə bir reaksiya verdi. Dedi ki, “subyektiv fikrimə görə, kredit müqaviləsi üzrə iki öhdəlik yaranır. Bank kredit verməli, borc alan onu ödəməlidir. Deməli, kreditin verilməsi də ödənişdir. Buna görə də məndə sual yaranır. Biz bu il Konstitusiyanın 20 illiyini qeyd edəcəyik. Belə çıxır ki, banklar 20 il ərzində Konstitusiyanı pozub?!” Bunu Südabə Həsənova dedi”.

İndi bankların da, müştərilərin də gözü Konstitusiya Məhkəməsindədir: Qərar kimin xeyrinə olacaq? /Azadlıq radiosu/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar