2013-cü il ölkəmizə nələri gətirdi və nələri apardı - VİDEO

Azərbaycanda insan yanığının qoxusundan dayanmaq olmur

("Azərbaycan saatı"nın təqdimatında. Surxay Hüseynli ilə birlikdə)

Bir də 2013-ə yekun vuraq. Bu il ərzində yaşadıqlarımızı və yaşamaq istədiklərimizi gözdən keçirək.

Əlbəttə, 2013-cü ilin ən bərbad özəlliyi budur ki, Əliyev sülaləsinin hakimiyyəti davam etdi. Dözülməzdir, amma nibinlik üçün də əsas var. Əliyev törəmələri bu seçki ilində də Azərbaycan xalqından dəstək ala bilmədi. Millət nəyin bahasına olursa-olsun, Əliyev İlhama səs vemədi. İlham Əliyev də, nəyin bahasına olursa-olsun, bu zamana qədər misli görünməmiş saxtakarlıqlara imza atdı. «Mən kampaniya aparmayacağam» bəyanatı, əslində özünə inamdan irəli gəlmirdi, seçki saxtakarlıqları maşınına güvəndən irəli gəlirdi. O, bunu etdi. Azərbaycan xalqından səs almadı, ənənəvi saxtakarlar dəstəsinin rəzalətinin altından əyilərək oturduğu kürsünü bir daha zəbt etdi.

Milli Şura və Rüstəm İbrahimbəyov faktoru

Xronoloji ardıcılığı pozaraq, dərhal onu qeyd edək ki, 2013-cü il ölkə müxalifətinin Azərbaycan xalqının susqun dəstəyini alması, Milli Şuranın yaranması və prezident seçkilərini udması ən mühüm hadisələrdəndir. Milli Şuranın prezidentliyə namizədi xalqın haqlı etirazları və haqlı sualları ilə müsəlləh olaraq İlham Əliyevi böyük mənəvi üstünlüklə məğlub etdi. Milli Şuranın yaranmasında görkəmli ziyalı Rüstəm İbrahimbəyovun misilsiz xidmətləri oldu. Rüstəm bəy, Azərbaycanda avtoritarizmə etirazın yeni dalğasının əsasını qoydu və bu dalğa Azərbaycanda ictimai-siyasi hərəkata yeni bir zümrəni- ziyalıları gətirdi. Doğrudur, bəzi çevrələrdə İbrahimbəyovun fəaliyyətini «rus proyekti» adlandırmağa cəhd edənlər oldu. Amma bu ittihamlara Rüstəm İbrahimbəyovun özündən tutarlı cavab verən olmadı: «Azərbaycanda Rusiyanın bir nömrəli və yeganə proyekti İlham Əliyev və onun komandasıdır!». Və həqiqətən də, Azərbaycanın həqiqi suverenliyini, istiqlalını və istiqbalını müqəddəs sayan hər kəs Əliyevçi hakimiyyətin olmamasından ötrü fəaliyyət göstərməli və ölkədə Rusiyanın məkrli niyyətlərini özünün biznes maraqları ilə birləşdirən hakimiyyətin əvəzinə əsl milli hakimiyyətin qurulması istiqamətində çalışmalıdır.

Yeni reallıqlar və köhnədən qalma repressiya üsulla

Ziyalı sektorundan müxalif görüşü intixab edən və təşkilatlanan parlaq simaların verdiyi töhfələrlə yanaşı Azərbaycanda Gənclik hərəkatının genişlənməsini xüsusilə qey etmək lazımdır. 2013-cü ildə bu hərəkat 10 mart, «Əsgər ölümlərinə son» kimi mühüm və hakimiyyətin gözləmədiyi effektli etiraz aksiyaları keçirərək ölkədə siyasi müxalifətin yalnız « ənənəvi » adlandırılan partiya və təşkilatlardan ibarət olmadığını sübut etdi. 2013-cü il, bu baxımdan, bir çox zümrələrə veni bir siyasi nəslə pasport verdi. Baxmayaraq ki, İlham Əliyev Əli Kərimliyə pasport verməməklə «kürü siyasəti»nin əngəlsiz yürüdüləcəyinə möhkəmcə inanırdı. Amma yeni siyasi nəsil və yeni siyasi gerçəkliklər İlham Əliyevin bütün dünyada diktator obrazının möhkəmlənməsinə, nəticədə, onun üçüncü dəfə prezident seçilməsinin lağ və ironiya hədəfi olmasına səbəb oldu. 2013-cü il Azərbaycan hakimiyyətinin « kürü siyasəti »nin bütün dünyada ifşasını doğurdu. Müxalifət bu zamana qədər heç bir seçkiyə bu qədər az resursla və bu qədər çox repressiya altında getməmişdi. Xatırlayırsınızsa, seçkiyə qədər NİDA gənclər hərəkatının rəhbərlərinin, demək olar ki, tam heyətlə həbs edilməsi, müxalifətçi fəalların addımbaşı qısa müddətli həbslərlə cəzalandırılması, seçki kampaniyasının həm zaman, həm də texniki baxımdan məhdudlaşdırılması, İsmayıllı hadisələrini bəhanə edərək Tofiq Yaqublu və İlqar Məmmədov kimi müxalif simaların, eləcə də vətəndaş mövqeyindən çıxış edən fəal din xadimlərinin böyük bir qrupunun şərlənərək həbsxanaya atılması, əslində ictimai pessimizmi artırmaq, cəmiyyətdə xof yaratmaq və seçkiləri xüsusi gözlənilməz sürprizlər olmadan başa vurmağa hesablanmışdı. Amma alınmadı.

Cəmil Həsənli onların planlarını pozdu

Hər şeydən əvvəl ona görə ki, müxalif düşərgə bu repressiya tədbirlərindən qorxmadı və cəmiyyətə fədakarlıq nümunəsi göstərdi. Seçki kampaniyası ərəfəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin əsl meydan cəngavərliyi nümayiş etdirməsi hakimiyyətin ictimai ümidsizliklə bağlı planlarını alt- üst etdi. Dindar kəsimdən həbs edilənlərin ən müxtəlif şər nominasiyaları altında həbsxanalara göndərilməsinə baxmayaraq, Taleh Bağırzadə kimi insanlar inanc və vətəndaş ləyaqətinin birləşdirici simalarına və simvollarına çevrildilər. Rejimin mahiyyətindən irəli gələn bir sıra mühüm arqumentlər də mövcud hakimiyyətə ictimai nifrətin artmasını şərtləndirməyə bilməzdi.

Sosial partlayışlar hakimiyyətin sosial simasızlığından yaranır

Beləliklə, bu ilin əvvəllərindən başlayaraq sosial qiyamlar hakimiyyətin nüfuzunu sarsıtmağa başladı. Binə və Sədərək ticarət mərkəzlərində sahibkarların qiyamı, eləcə də, bütün ölkənin diqqət kəsildiyi İsmayıllı üsyanı seçki ilində hakimiyyətin reytinqini (əgər buna reytinq, demək mümkündürsə) sarsıtdı. İsmayıllı əhalisinin etirazı əslində, sadəcə yerli hakimiyyətə ünvanlanmamışdı. Burada baş verənlər mərkəzi hakimiyyətin qudurğanlığının yerli görüntülərinə qarşı qiyam idi. Ötən ilki Quba hadisələrindən daha qabarıq və daha sərt mesajlarla baş verirdi. Əgər hökumət Ötən ilki Quba hadisələrini yarıtmaz icra başçısının axmaq davranışları ilə izah edə bilirdisə, İsmayıllı olayları zamanı bunu etmək mümkün olmadı. Əliyev rejiminin ifşası və bütpərəstliyin qırılması təkcə korrupsiya faktları ilə bağlı deyildi. Bu, ciddi sosial fəallıqla müşayiət olunurdu. Bu il, ordudakı nəzarətsizlik və özbaşınalıqların nəticəsində əsgər ölümlərinin qarşısının alınması üçün gəncləri «Əsgər ölümlərinə yox» adlı aksiyası Bakını, respublikanı, eləcə də hakimiyyəti əməlli-başlı titrətdi.

“Azərbaycan saatı”

Həm də ona görə mümkün olmadı ki, artıq həm əhali, həm də elə dövlət məmurlarının özləri bu sistemin başında dayanan İlham Əliyevin korrupsiya əməliyyatları barədə müdhiş faktlarla tanış olmuşdular. Elə buradaca təvazökarlıqdan kənara çıxıb demək istəyirəm ki, ölkə əhalisinin həm ötən il ərzində, həm də 2013-cü ilin ortalarına qədər informasiya təminatı «Azərbaycan saatı» televiziya proqramının müstəsna xidməti idi. Yalnız bu proqram sayəsində ən ucqar kəndlərdə belə adamlar prezident adlandırdıqları adamın hansı iqtisadi cinayətlərlə çevrələndiyini eşidib bildilər. Bu, Heydərizmin xofunu və xarizmasını yerlə bir etdi. Bundan əlavə, Azərbaycan Saatı ölkədə internet televiziyaçılığın və video bloqçuluğun inkişafına böyük bir təkan verdi.

Azərbaycanı ələ keçirməyin yolları haqqında

Ölkə əhalisi «Azadlıq» radisonun araşdırmalarının nəticələrindən çoka düşdü. Bəlli oldu ki, İlham Əliyevin ailəsi ölkənin qızıl yataqlarını mənimsəyib. Və bu mənimsəməni sata parlamentin üzvləri ratifikasiya ediblər. Söhbət, əlbəttə, Çovdar qızıl yataqlarından gedir. Bəlli oldu ki, son 10 il ərzində Mərkəzi Amerikadakı offşor zonalarına Azərbaycan mənşəli 48 milyard dollar oğurlanaraq yerləşdirilib. Buradaca, bir balaca haşiyə. Həmin Mərkəzi Amerika ölkələrindən sayılan Meksikaya 4 milyard dollar rüşvət boyun olaraq Heydər Əliyevin heykəlini ucaltmışdılar. Amma Meksika ictimaiyyəti və ziyalıları belə bir diktatorun heykəlinin öz paytaxtlarında tikilməsini təhqir saydılar və onu yıxıb sürüyərək şəhər zibilliyinə atdılar. Azərbaycan hökuməti isə həmin 4 milyardı daha Meksikaya verəsi olmadı. Amma başqa bir yerdən başqa bir 4 milyardın sorağı gəldi. Bəlli oldu ki, İlham Əliyev Britaniyanın Virciniya adalarında 4,8 milyard dollarlıq oğurluq investisiya yatırıb. Amma yalnız xaricdəki biznes təfərrüatları deyil. Hətta o da məlum oldu ki, dövlət proyekti adı ilə tikilən Sumqayıt Texnoloji parkı da İlham Əliyevin ailə biznesi imiş. Və 2013 ən vicdansız ölkə daxili korrupsiya faktının üstünü açdı. Bəlli oldu ki, Zaqatalada zəlzələdən zərər çəkənlər üçün dövlət büdcəsindən ayrılan 300 milyon manatdan artıq vəsait oliqarxlar tərəfindən məmimsənilib. Mətbuat bu faktın üstünü açdı, amma rəsmi reaksiya olmadığından ictimai rəy bu məbləğə də İlham Əliyev tərəfindən əl qoyulmasına inanmaqda haqlıdır.

“Gülərqeyt” əməliyyatları

2013-ün ciddi sürprizlərindən biri də prezident aparatının rəhbəri Ramiz Mehdiyevin adının hallandığı «Gülərqeyt» olayı oldu. Bəlli oldu ki, hakimiyyət ölkə parlamentinin formalaşdırılması prosesində onlarla adamdan milyonlarla rüşvət alır və Azərbaycan parlamentinin yaradılmasında bu rüşvət mexanizminin rolu əvəzsizdir. Hakimiyyət bu rüsvayçılığı ört-basdır edə bilmədi. Hətta İstanbulda ölümü ən müəmmalı şəkildə qeydə alınana Sevinc Babayevanın ortadan qeyb olması da kifayət etmədi. Buna görədir ki, prezident aparatının və şəxsən İlham Əliyevin ən sadiq personalarından sayılan Gülər Əhmədovanın mandatı əlindən alındı, özü isə, simvolik də olsa, hər halda 3 il azadlıqdan məhrum edildi. Ölkədə bu əməliyyatların arxasında Ramiz Mehdiyevin dayandığına inanmayan bircə nəfər də qalmadı. Amma milyonlarla insan üçün bu inam başqa səpkidə daşlaşdı : bu mexanizmin başında şəxsən İlham Əliyev dayanır.

***

İlham Əliyevin hakimiyyətdaxili savaş zəminində, hələ 2005-ci ildə həbs etdirdiyi dustaqların taleyində bəzi dəyişikliklər baş verdi. Həbs həyatını sakitcə yaşayan, hətta həbsxanada olduğu müddətdəki bütün seçkilərdə İlham Əliyevə mədhiyyələr yağdıran Fərhad Əliyev 8 illik həbsdən sonra azadlığıa buraxıldı. Həbsxanadan verdiyi bəyanatları ilə sınmadığını və ölənə qədər İlham Əliyevə qarşı mübarizə aparacağını bildirən Əli İnsanov isə Avropa Məhkəməsinin qərarı olsa belə azadlığa buraxılmamaqdadır. Ölkədən çıxarılan, oğurlanan sərvətlərin həcmi misilsizdir. Bəlkə, elə buna görədir ki, 2013-cü ildə azərbaycandan qızıl sikkə çıxarmaqda ittiham olunaraq həbs edilən oldu. Bu, Akif Muradverdiyevdir. Onu və sabiq nazir Nicat Quliyevi Rüstəm İbrahimbəyovla telefon danışıqlarına görə tutdular.

Azərbaycan neftinin soyadı nədir

Amma korrupsiyaçı Əliyev rejiminin beynəlxalq aləmdə də ifşası davam etdi. Birdən-birə bəlli oldu ki, Dövlət Neft Şirkətinin bütün gəlirləri Anar Əliyev adlı bir iş adamının adına yapılan əməliyyatlar vasitəsilə yeyilir. Bunu Rövnəq Abdullayevin oynuna yıxmaqda israrlı olmağa dəyərmi? Əlbəttə yox. Neft sərvətlərinə əl uzadan bir kəsin soyadı Abdullayev-filan ola bilməz. Bu soyad hökmən Əliyev olmalıdır. Hətta saxta olsa belə, Əliyev olmalıdır. Bu, hakim sülalənin dəmir qanunudur. Bu Əliyevin Neft Şirkəti hesabına qazandıqlarının 100 milyonlarla ölçüldüyü bəlli oldu. Daha doğrusu, bəlli olanlar hələlik, bu qədərdir.

Bizim, onların və kimsizliyin dostları

2013-cü ildə Azərbaycan mətbuatı bu zamana qədər misli görünməyən bir zərbə aldı. Söhbət jurnalistlərin həbsindən getmir. Bu nominasiya üzrə biz, vərdişkar olmuşuq, hətta Sərhədsiz Reportyorlar beynəlxalq jurnalist təşkilatı Azərbaycanı « mətbuatın yırtıcı düşmənləri » siyahısında iki nəfərlə mükafatlandırıb. Adətən, bu siyahıda yalnız İlham Əliyev olurdu, bu il Vasif Talıbov da siyahıya əlavə edildi. Amma Azərbaycanda çox cəsarətli bir təşkilat belə hesab etdi ki, İlham Əliyev jurnalistlərin dostudur. Həm də, İlham Əliyev o mərhələdə jurnalistlərin dostu elan edildi ki, iqtidarlı-müxalifətli bütün qəzetlərin satışı üzərinə əməlli-başlı yasaq qoyuldu. Cəmiyyətin qəzet satışının yasaqlanmasına görə ittiham etdiyi metro başqanı Tağı Əhmədov da şəxsən, barmağını yuxarı dikləyərək «mənə nə göstəriş verirlərsə, onu da edirəm» söylədi.

Siz tutmayacaqsınız, onlar tutacaqlar!

2013-cü ildə Azərbaycanın korrupsiya məmurları xarici ölkələrdə hüquqi məsuliyyət faktları ilə rastlaşmalı oldular. Əliyevlərin özlərinə həddən atıq dost saydığı Fransada rejimin bel sütunu sayılan Kəmaləddin heydərov korrupsiya ittihamı ilə cərimə edildi, yalnız diplomatik qalmaqaldan yayınmaq üçün onun haqqında həbs qətiimkan tədbiri seçilmədi. Amma başqa bir məmur, Sədərək gömrüyünün sahibi Mirməhəmməd Həsənov başqa bir qardaş ölkədə, türkiyədə rüşvət və korrupsiya əməliyyatının təkərinin altına düşüb Ərzrum həbsxanasına atıldı.

***

Cənab Əliyev 2013-cü ildə də özünü prezident elan etdi. Həm də, hətta seçkilərdən bir gün əvvəl onun seçildiyi elan edilmiş sayılırdı. Amma cənab Əliyev heç vaxt azərbaycanın legitim prezidenti ola bilmədi və belə görünür ki, heç vaxt ola bilməyəcək. «Azadlıq» meydanını vətəndaşların qanı ilə suvararaq hakimiyyəti zəbt edən İlham Əliyev Azərbaycan hakimiyyətini yalnız zəbt edə bilər, Azərbaycan xalqından isə mandat ala bilməz.

Ağ göl, Səttar Mehbalıyev və diri-diri yandırılan insanlar

Cənab Əliyev son zamanlar ad günlərini Ağcabədidəki Ağ göl deyilən qoruqda keçirməyə adət edib. İki il əvvəl bunu prezidentin öz ad gününü qaçqınlar arasında və cəbhə bölgəsində keçirmək lütfü kimi təqdim etmək istəsələr də, hələ o zaman alınmamışdı. Bəlli olmuşdu ki, İlham Əliyev oraya ov üçün gedir. Bu il ov ərəfəsində macal tapıb qaçqınlara baş məkib-çəkmədiyini deyə bilmərik, amma bir Qarabağ qazisi Həmkarlar Komitəsinin sədri Səttar Mehbalıyevin təqiblərindən bezib özünü yandırmağa macal tapdı. Durum belədir. Ya özünü yandırmağa macal tapmalısan, ya da macal tapıb səni həbsxanaya soxacaqlar. Hələlik, ilin son həbsi Siçki Monitprinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin payına düşüb.

2014-ə baxın...

Əlbəttə, bir baxışla Azərbaycandakı gərginliyi, yolsuzluğu, talanı, çeşidli ittihamlarla şərlənərək həbsxanalara doldurulan 150-yə qədər siyasi dustağın iztirablarını, on illərlə davam edərək ölkəni on illərlə geriyə atan hakimiyyətin yaramazlığını və yararsızlığını dolğun və müfəssəl şəkildə çatdırmaq asan deyil. Sadəcə olaraq, « Azərbaycan Saatı » 2013-cü ili bu cür qiymətləndirdi.... Bu gerçəklik dəyişdirilməlidir. Hökmən dəyişdirilməlidir. Bizim bir millət olaraq 2014-ü də avtoritarizmin talanları ilə qarşılamağa və yola salmağa haqqımız yoxdur. Bu, yalnız on illərdir ki, sinəsini bütün çətinliklər önündə sipər edərək fədakarlıqlara mübarizə aparanların işi deyil. Hamının və hər kəsin vicdan borcudur!(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar