Azərbaycan: Cənubu Koreya qanunları ilə Şimali Koreya həyatı- Cəmil Həsənlinin yazısı

Yaxud 2013-cü ilin nəticələrinə və növbəti dönəmə baxışlarım

Professor Cəmil Həsənli, Milli Şura sədri

2013-cü il başa çatır. Azərbaycan XXI əsrin daha bir ilini tarixin yaddaşına verir. Yaddaşlarda necə qaldı 2013-cü il? Necə başladı, necə bitdi son günlərini yaşadığımız seçki ili? Bu məramla 2013-cü ilə qısa bir ekskurs edib, bəzi mətləblərə aydınlıq gətirmək istərdik.

2013-cü il gərgin siyasi hadisələrlə başladı. 2012-ci ilin Quba hadisələri bir az fərqli formada İsmayıllı rayonunda təkrarlandı, ondan bir-iki gün öncə Binə Ticarət Mərkəzində satıcıların açıq etiraz hərəkatı baş verdi. Mandat alveri ilə bağlı Elşad Abdullayevin videolarının yayılması isə hakimiyyətin mahiyyətini ortaya qoydu və Azərbaycanda korrupsiyanın yalnız iqtisadi hadisə olmayıb, siyasi məzmun kəsb etdiyini təsdiqlədi. Mart ayında isə gənclərin əsgər ölümünə qarşı Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış etiraz aksiyası bütün ölkəni silkələdi.

Göründüyü kimi, 2013-cü il gərgin başlamışdı. Seçki ili olduğu üçün ilk günlərdən etibarən siyasi partiyalar öz fəallıqlarını artırmışdı. Seçki müzakirələri bütün siyasi həyatı ağuşuna almışdı. Azərbaycan ictimai mühitinə yeni nəfəs gətirmiş Ziyalılar Forumu da ilin əvvəlindən başlayaraq siyasi burulğanları diqqətlə izləyir və həyatın irəli sürdüyü bir sıra məsəllərə cavab tapmağa çalışırdı. Bunlar hamısı ilin anonsu idi. Hakimiyyət də baş verənlərə biganə deyildi.

Ərəb baharından yeni talançılıq revanşı ilə

Hələ 2011-in əvvəllərində Ərəb inqilablarından rahatsız olmuş Azərbaycan hakimiyyətinin korrupsiya və rüşvətə kiçicik fasilə verməklə vəziyyəti dəyişmək cəhdləri uzun sürmədi. Ərəb baharının isti nəfəsinin Azərbaycandan hələ uzaq olduğunu hiss edən hakimiyyət yetkililəri dərhal “dədənin əvvəlki yurduna qayıtmağa” qərar verdilər və fasiləsiz talançılıq mexanizmini şövqlə bərpa etdilər. Hakimiyyətin Ərəb baharından xofa düşməsi yalnız qeyri-stabillik rahatsızlığı deyil, daha çox siyasi orientasiya məsələsi idi. Çünki bizdə də neft pullarının fonunda avtoritarizmin güclənməsi Ərəb dünyasının “şeyxlik təriqəti”, Şərqin padşahlıq, qonşu İranın yaxın keçmişdəki şahənşahlıq idarəçiliyinə daxili bir istək yaratmışdı. Azərbaycanda hakimiyyətin vərəsəlik prinsipi ilə ötürülməsinin gizli əsasları hazırlanır və hətta bəzi televiziya verilişlərində Şərq dəyərlərinin Qərb dəyərləri ilə müqayisədə üstünlükləri təlqin edilirdi. Müstəqilliyin birinci onilliyindəki Qərbə inteqrasiya arzuları Şərq “ədalətinin” bizə daha yaxın olması istəkləri ilə əvəz olunmağa başlamışdı. Misirin ərpimiş hökmdarı Hüsnü Mübarəkin Bakıda ucaldılan abidəsi təkcə heykəl mübadiləsi olmayıb, daha çox dünyagörüşü məsələsi idi. Müstəqilliyimizin 20-ci ilində Azərbaycanın müqayisə coğrafiyası da dəyişirdi, indi onu daha tez-tez Ərəb əmirlikləri, maliyyə imkanları ərazilərindən böyük olan ərəb şeyxləri, Şərq müstəbidləri və İslam kralları ilə müqayisə etməyə başlayırdılar. Hakimiyyət nəinki bu müqayisələri inkar edir, hətta bundan məmnun kimi görünürdü. Lakin qəfildən Ərəb səhrasında başlayan tufan ölkələrini ailə malikanəsinə çevirmiş müstəbidlərin külünü göyə sovurdu. Həmin tufan nəinki Hüsnü Mübarəki, onun Bakıdakı heykəlini də vurdu.

Amma bu, instinktiv bir qorxu idi. Məlum olanda ki, Misir ehramları ilə Qobustan qayaları arasında tək coğrafi deyil, siyasi və sosial məsafə də hələ böyükdür, o zaman hakim elita qəddini düzəltdi, çox yox, cəmisi bir-iki ay ərzində güzəşt edilmiş xəracı yenidən toplamağa başladılar. Ona görə də iş adamlarının sevinci çox çəkmədi. Monqol tarxanlarından (xərac toplayanlarından) daha acgöz və daha səriştəli olan vergi orqanları dərhal fəaliyyətə keçdi. Payız aylarından başlayaraq əli iş tutan adamlardan kütləvi şəkildə toplanan “dövriyyə vergisi” (illik dövriyyənin 10 faizi) mütəşəkkil rüşvət mexanizmi kimi son illərdə “qanuni” xarakter almağa başladı. Lakin bu yığım aksiyası Azərbaycan korrupsiya şəbəkəsinin kiçik bir hissəsidir. 2012-2013-cü illərdə açılmış böyük korrupsiya faktları sözün tam mənasında təkcə hakimiyyəti deyil, bütövlükdə ölkəmizi simasızlaşdırdı. Hakim ailənin Dubay mülkləri, Vircin adalarındakı bank hesabları, Panama şirkətləri, hətta Avstriyada əskinasların kəsilməsi üçün iri həcmli vəsaitlərin mənimsənilməsi, Global Vitnesin “Anonim Azərbaycan” hesabatı və nəhayət, Global Financial İntegrity təşkilatının 2002-2011-ci illər arasında ölkəmizdən xaricə 17 milyard dollar vəsaitin çıxarılması barədə açıqlaması vəziyyətin nə yerdə olduğunu daha aydın göstərir. Amma gəlin “nəhayət” deməyək, heç kim təminat verə bilməz ki, bu, sonuncu korrupsiya sensasiyasıdır.

Nə ölü kimi ölüyük, nə də diri kimi diri

Siyasi sistemin necə olması xalqların həyatında mühüm rol oynayır. Bunun klassik nümunəsi Amerika Birləşmiş Ştatları, müasir nümunəsi isə Koreya xalqının taleyidir. 1950-ci ilə qədər eyni həyat və eyni tale yaşayan, eyni düşüncə tərzinə malik olan koreyalılar fərqli siyasi sistemlərdə fərqli yol keçdilər. Nəticələr gün kimi aydındır. Hər iki Koreyanın kəskin ayrılan bugünkü durumunun səbəbləri də hamıya bəllidir. Biz azərbaycanlılar isə indi Cənubu Koreya qanunlarını, Seulun konstitusiyasını qəbul edib, Şimali Koreya həyatını yaşayırıq, Pxenyanın qaydaları ilə idarə olunuruq. Bizim respublika quruluşumuzun quruca adı qalıb: qanunlar var, amma məhəl qoyan yoxdur, insan var, amma dəyəri yoxdur, vətəndaş var, amma hüququ yoxdur. Zülm ərşə dayanıb, haqsızlıq tüğyan edir bu məmləkətdə. Qarabağ müharibəsinin odu-alovu içərisindən keçmiş ikinci qurup əlil Bakının ortasında od vurub özünü yandırdı. Vətəndaş etirazın daha hansı formasına əl atmalıdır ki, bunlar insafa gəlsinlər. Axı Tunisdə Bin Əlinin bir göyərti satanın özünü yandırması ilə yandığı cahi-cəlali elə də uzaq keçmişin hadisəsi deyildir. Tunisdə, Misirdə, Liviyada olduğu kimi bizdə də avtoritar hakimin göstərişi konstitusiya toplusunun üzərində, mütləq hakimin iradəsi qanunun fövqündə, millətin maraqları hakim ailənin maraqlarının kölgəsindədir. Konstitusiyanın vətəndaşa verdiyi insani haqlar, fərdi hüquqlar, siyasi və sosial imtiyazlar işləmir və işləməyəcək də. Çünki hakim elitanın fəaliyyəti qanunla tənzimlənmir, onlar bir kralın, bir padşahın, bir şahənşahın və bir müstəbidin edə biləcəyindən daha çox şey etmək imkanına malikdir, üstəlik, adlarını sıraladığımız ali məqamlıların mənimsəyə biləcəklərindən daha çox şey mənimsəmək iştahasına malikdir.

Rəsmi vərəsəlik qaydaları olan dövlətlərdən fərqli olaraq, ölkəmizdə “cümhuriyyət” vərəsəliyinin təməli atılır. Ölkənin problemlərinin həll edilməsi əvəzinə müdhiş bir yaltaqlıq mühiti yaradılır və hakimiyyət yetkililərinin əhli-beytin müqəddəslərinə bənzədilməsindən belə həya edilmir. Bir millət olaraq bizim dirilik nişanələrimiz, milli ruhumuz bu yaltaqlıq bazarında dəfn edilməkdədir. Ölkənin problemləri ilə bağlı gerçək bir müzakirə yox, sağlam tənqid yox, düşdüyümüz vəziyyətin real təhlili yox! Bazara gerçək istehsal məhsulları çıxara bilməsək də, ictimai mühiti yalan tullantıları ilə doldura bilmişik. İndi bizim ölkəmizdə “cümhuriyyət” ideyaları qatı yalan dumanında getdikcə öləziyən və işartısı güclə sezilən bir ümid çırağına bənzəyir. Bu dumanda elə azmışıq ki, həmin ümid çırağının keçmişin xatirə şamı, yoxsa gələcəyin bulanıq işartısı olduğunu belə müəyyən edə bilmirik. Bizim bütün varlığımız o dumanın içində getdikcə yox olub görünməz hala düşür və diri-diri dəfn edilmiş adamların dumana bürünmüş ruhları kimi mövcudluğumuzdan xəbər verir.

Biz bugünkü halımızla dirilərin arasında ölü, ölülərin arasında diri həyatı keçiririk. Nə ölü kimi ölüyük, nə də diri kimi diri. Əliyev xanədanının iyirmi illik idarəçiliyinin canbəsər hala saldığı milli həyatımızın gerçək mənzərəsi bundan ibarətdir. Biz döyüşə bilmirik, amma lazım gəlsə döyüşərik, biz işğal altında olan torpaqlarımızı azad edə bilmirik, amma lazım gəlsə edərik, biz müstəqilliyimizi azadlığımızla tamamlaya bilmirik, amma lazım gəlsə tamamlayarıq, biz diri bir millət ola bilmirik, amma lazım gəlsə olarıq. Yeni azərbaycanlının öz mövcudiyyətini direktivdən asılı etməsi, öz varlığını keçmişdə axtarması, ölü bir həyat tərzi keçirib, sərəncam gözləntisi ilə “var olması” analoqsuz inkişafın XXI əsr hadisəsidir.

“Güclü ordu, güclü dövlət” İllüziyası

İçində olduğumuz siyasi, iqtisadi, inzibati idarəçilik, milli və mənəvi sistem dəyişməlidir. Bu sistem dəyişmədikcə biz doğulmaq üçün özümüzü fəda etmək hissindən uzaq olub, ölmək üçün doğulan vətəndaşlar olaraq mənasız bir həyat sürəcək, başqa mənzərələrə və örnəklərə həsədlə baxmaqda davam edəcəyik. Məsələn, biz görürük ki, bu gün Ukrayna xalqı Kiyev meydanında doğulmaq üçün, var olmaq üçün canını fəda etməyin tarixi bir örnəyini yaradır.

Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var - hər gün biz bu reklamı televiziya ekranlarından eşidirik və görürük. Mən bu reklamı dinlədikcə pəncərəmin qarşısında Qarabağ qaçqınlarının məşəqqətli yataqxana həyatını seyr etməli oluram. Əcəba, bu necə güclü dövlətdir ki, onun bir milyona yaxın vətəndaşı 20 ildən artıqdır həyatın dibində cəhənnəm əzabı çəkir və 10-15 manatlıq çörək puluna möhtacdır. Əcəba, bu necə güclü ordudur ki, 20 ildir onun qorumalı olduğu Vətənin 20 faizi düşmən tapdağı altındadır. Bu 20 ildə Azərbaycan hakimiyyəti Sumqayıtın icra başçısının ali baş komandanın doğum gününə hazırladığı tortun uzunluğu qədər vətən torpağını düşmən tapdağından azad edə bilmədi. Budurmu güc?!

Bu halda Bakı küçələrində səliqəli geyinmiş rəngbərəng ordu növlərinin, bir-birinin ardınca şütüyün tankların, yedəyə qoşulmuş lülələri bağlı topların paradını keçirmək, paytaxt səmasında qırıcı təyyarələrin uşaqları heyrətləndirən fiqurlu uçuşunu seyr etməklə düşmənə deyil, öz xalqına güc nümayiş etdirmək olur. İndi Bakı öz korrupsiyası, öz rüşvəti, öz çal-çağırı və hakim ailəyə yarınmaq üçün öz yaltaq mühiti ilə cəbhədən çox uzaqdır. Bu məsafə ildən-ilə daha da böyüyür. 2013-cü il bu məsafənin bir az da artmasıdır. Səngərdə keşik çəkənlərlə gecə barlarında keşikçilik edənlər, ehtiyac içərisində günbəgün saralıb solanlarla qısa müddətdə zənginləşib milyonçu olanlar, taleyi xam neftin rəngi kimi qara yazılanlarla sərvətləri ofşor zonaların qara siyahılarında yozulanlar, iş, çörək, dirilikdən məhrum edilib sinəsinə dağ çəkilənlərlə təbii ehtiyatlarla zəngin dağları da sinəsinə çəkənlər arasında uçurumun dərinləşməsi baxımından ölkəmiz əvvəlinci yerdədir. Bu gedişlə Qarabağa qovuşmaq, ölkənin suverenliyini və sərhədlərini bərpa etmək heç ANS-in meyxana yarışında da mümkün olmayacaq. Korrupsiyaya qurşanmış hakimiyyət torpaq azad edə bilməz. Bu, tarixin yüz dəfələrlə sınaqdan çıxmış həyat həqiqətidir.

Əliyev rejimi isə korrupsiyaya qarşı mübarizə aparmaq gücündə deyil, çünki onun gücü elə korrupsiyadadır. Bu hakimiyyətin korrupsiya üzərində qələbəsi özünün-özü üzərində qələbəsi olardı. Bu minvalla biz gözümüz görə-görə, ağlımız kəsə-kəsə, “güclü orduya malik güclü dövlət ola-ola” vətənimizin bir hissəsini itiririk. Hakimiyyət ideoloqlarının “ötən hər gün Qarabağı bizə daha da yaxınlaşdırır” mülahizəsi yurd sevgisinə köklənmiş əməli addımlara, hakimiyyətin millət qarşısında məsuliyyətinə deyil, vətəni ərazi, milləti əhali kimi təsəvvür edən “obıvatel” düşüncəsinə söykənir. Onların hesablamalarına görə, 2013-cü ilin 365 günü bizi Şuşanın başı dumanlı uca dağlarına daha 365 addım yaxınlaşdırmalı idi. İllüziyadır. Suya təşnə adamın səhrada ilğımı dalğa bilib ona can atması qədər illüziyadır. Mən bilmirəm Azərbaycan hakimiyyəti 2013-cü ildə Qarabağa nə qədər yaxınlaşdı, amma Azərbaycan xalqı müstəqilliyinin 22-ci ilini də Qarabağsız yola saldı. Yəqin ki, Azərbaycan prezidenti dekabr ayının 31-də gecə saat 12-yə bir neçə dəqiqə qalmış Azərbaycan xalqına yeni il təbrikində “güclü ordusu olan güclü dövlətin” 2014-cü il üçün yeni Qarabağ vədini verəcək və biz də Qarabağa bax beləcə “yaxınlaşacağıq”.

Müstəqilliyin məzlumluğa çevrilməsi

Az qala hər kəlmədə müstəqillik deyirik, amma unuduruq ki, xalq ona nail olmaq üçün atəşdən keçdi, hər türlü çətinliklərə dözdü, fədakarlıq göstərdi və nəticədə ölkəmiz istiqlaliyyətini bərpa etdi. Bu, tarixi nailiyyətdir. Həmin nailiyyətin baş qəhrəmanı isə hazırda qorxudulan, məzlumlaşdırılan, hüquqsuzlaşdırılan, seçim haqqı əlindən alınan və sözün tam mənasında diz çökdürülən xalqdır. Ötən iyirmi il ərzində Əliyev xanədanı bütün avtoritar rejimlərdə olduğu kimi öz xalqı üzərində qələbə çaldı. 2013-cü ildə onlar bu “qələbəni” bir daha “rəsmiləşdirdilər”. Düşmən tapdağında olan yurd yerini azad edəcək güclü bir xalq hazırlamaq əvəzinə, öz taleyi ilə barışan, bütün vücudunu rejimin rüşvət şəbəkəsinə təslim edən amorf bir toplum hazırlamağa davam etdilər. Müstəqilliyi ölkənin müstəqil şəkildə talan edilməsi, yalnız hakimiyyəti deyil, ölkənin milli sərvətlərini də mənimsəmək anlamına gətirdilər. Hakimiyyət “biz müstəqilik, heç kəs bizim daxili işimizə qarışa bilməz” deyəndə, bu müstəqillik nədənsə xalqın ləyaqətli həyat, demokratik cəmiyyət istəklərində təcəssüm etmək əvəzinə, daha çox müstəqil korrupsiya şəbəkəsi yaratmaq, rüşvəti adi həyat normasına çevirmək, ağzını açanın ağzını yummaq, dili söz tutanın dilini kəsmək, etiraz edənin cibinə narkotika, maşınına, evinə silah atmaq, Vyaçeslav Mixaylovuçin yadigarı kimi “Molotov kokteyli” hazırlamaq, ram olmayanların fatihəsini vermək kimi təfsir olunmağa başladı. Böyük Şəhriyar içində olduğu oxşar rejimlərdən birinin öz xalqına “qayğısını” belə nəzmə çəkirdi:

Öldürür xəlqi sonra xətmin tutub, yasin oxur,

Bar ilahə sən bizə qıl hoqqa yasindən nicat!

Azərbaycan gənclərini saxta ittihamla, şər-böhtanla tutub, öz vətəndaşı hesabına beynəlxalq təşkilatlarla demokratiya alveri etmək, məhbusların gizli seçim haqqını siyasi bəyanatlarla təbliğat vasitəsinə çevirmək, günahsız insanları prezidentin adına bağışlanmaq ərizəsi yazdırmaqla onları alçatmaq, vətəndaşın haqqına, canına və malına təcavüz etmək indiki rejimin mahiyyətidir. Ona görə də, 2013-cü il bizim yaddaşımıza həm də siyasi məhbus ili kimi həkk olundu. Təqvimdə sonuncu hələlik Anar Məmmədlidir, bir qədər əvvəl isə Pərviz Həşimli həbs edilmişdi. Başa çatmaqda olan ilin həbsləri isə İlqar Məmmədov, Tofiq Yaqublu, İsmayıllı sakinləri, Rəşad, Rəşadət, Zaur, İlkin, Üzeyir, Nicat, Şahin, Bəxtiyar, Məmməd və digər gənclərin, Yadigar Sadıqlı, Tale Bağırzadə, Qurban Məmmədov kimi vicdanlı adamların zindana salınması ilə davam etmişdi. Əvəz Zeynallı, Sərdar Əlibəyli, Hilal Məmmədov, Nemət Pənahlı və geniş bir dairəni əhatə edən islam inanclı mömin vətəndaşlar da 2013-cü ili zindanda keçirməli oldular. İndi söz, vicdan, fikir azadlığına, ədalət axtarışına görə mövqe ortaya qoyan 142 Azərbaycan vətəndaşı siyasi mülahizələrə görə həbs yerlərində saxlanılır.

Çətin işlərin “asan” yozumu

Dövlətin rəsmi idarələrini işlədə bilməyib “Asan xidmətlə” fəxr edirlr, bir fikirləşmirlər ki, ölkənin nazirliyi, komitəsi, idarəsi niyə öz vəzifəsin yerinə yetirə bilmədi, niyə öz şıdırğı rüşvətindən əl çəkə bilmədi ki, adi bir vəsiqə almaq müşkül işə çevrildi və “Asan xidmətə” möhtac oldu. 10 aydır hökmünü gözləyən 18 məhbusun Şəkidə həftədə bir dəfə, Bakıda 9 aydır “cəzasını” gözləyən” 8 Nidaçının həftədə bir dəfə məhkəməsi keçirilir. Bəlkə bu müşkülləri də həll etmək üçün “Asan məhkəmə” yaradasınız? Ötən dəfə Nidaçıların məhkəməsində müşahidə etdiyimiz istintaq səhlənkarlığı, insan taleyinə biganəlik adamı heyrətə salır. Rəşad Həsənovdan həbs olunduğu gün martın 14-də üç-dörd səhifəlik ifadə alınıb, aprel, may, iyun, iyul, avqust aylarında həbs yerində onu itirən-axtaran olmayıb, bir də altı aydan sonra sentyabr ayının ortalarından ondan heç bir təqsiri özündə ehtiva etməyən iki səhfəlik ifadə alınıb. Bəlkə bu işləri də qaydaya salmaq üçün “Asan istintaq”, “Asan polis” orqanları yaransın. Tarixən Azərbaycan anaları həbəçi ilə dünyaya uşaq gətiriblər və həkimin, loğmanın olmadığı bir dövrdə heç vaxt bu qədər ana dünyaya övlad gətirərkən həyatını itirməyib. Bəlkə cavan anaları bu fəlakətdən qurtarmaq üçün “Asan doğum evləri” də açılsın? Hanı ölkənin bir vaxtlar iftixar ediləcək tibb potensialı? Niyə biz bu günə düşdük? Burnu qanayandan barmağı qanayana qədər hər kəs etibarlı müayinə və müalicə almaq üçün İrana qaçır. Uzun müddət Arazın o biri tərəfində Azərbaycan dilinin durumundan, işlədilməməsindən rəncidə idik. Gözünüz aydın olsun indi “analoqsuz inkişaf edən” ölkəmizdən Təbrizə o qədər xəstə gedir ki, klinika və poliklinikalarda müalicə və müayinə otaqların qapısı üzərində təyinatları latın əlifbası ilə türk dilində yazılır, dərman pereparatlarının adları qəbul qaydaları Azərbaycan dilində izah edilir. Bax, beləcə “analoqsuz” inkişafla biz Cənubi Azərbaycanda türk dilinin inkişafına da böyük təkan veririk.

Milli Şura nə üçün yarandı?

Heç şübhəsiz ki, 2013-cü ilin ən mühüm siyasi hadisəsi Milli Şuranın yaranması və onun 9 oktyabrda keçirilmiş prezident seçkilərinə qatılması oldu. Milli Şura ideyasını Rüstəm İbrahimbəyov irəli sürmüşdü. Ziyalılar Forumu daxilində gedən müzakirələrdə hələ 2012-ci ilin axırlarında ideya axtarışları başlamışdı və 2013-ün yanvarında Milli Şura ideyası ətrafında müxalif düşərgənin birliyini yaratmaq məqsədəuyğun hesab edilmişdi. Cəmiyyətdə də birliklə bağlı gözləntilər var idi. Milli Şura ideyası ətrafında demokratik düşərgədə olan güclərin – həm siyasi partiya və hərəkatların, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin, ayrı-ayrı ziyalıların və gənclər təşkilatlarının bir araya gəlməsi nəzərdə tutulurdu. Bu birliyə nail olmaq üçün Rüstəm bəy çox çalışdı, uzun müzakirələr oldu, çətinliklə də olsa siyasi partiyalar bir araya gəldilər. Aparıcı müxalifət partiyaları doğrudan da bu prosesdə yetkinlik nümayiş etdirdilər və nəticə etibarı ilə Milli Şura ideyası gerçəkləşdi. Əslində hakimiyyət bunu gözləmirdi və Şura yarananda ona qarşı kəskin reaksiyalar ifadə olunmağa başladı. Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi və onun prezidentliyə vahid namizəd kimi göstərilməsi hakimiyyət düşərgəsində əməlli-başlı psixoz ovqat yaratmışdı. Milli Şuranın Rusiyanın proyekti olması ideyasının arxasında da bu psixoz təşviş dayanırdı. Əslində, bu qurumun nə müzakirə mərhələsində, nə yarandığı və nə də sonrakı mərhələlərində Rusiya ilə heç bir əlaqəsi olmayıb. Bütün bunlar hakimiyyətin müxtəlif xidmət orqanlarının ortaya atdığı nüfuzdansalma kampaniyasının tərkib hissəsi idi. Rüstəm öz xalqına, vətəninə ürəkdən bağlı adamdır, təmiz adamdır. Fikir və məramında bütöv adamdır. Demokratik prosesə qoşulması da içində olan azadlıq ruhu ilə bağlıdır. İçində bu ruhu gəzdirən böyük fikir və əməl adamı heç vaxt kiminsə proyekti ola bilməz. Onun ən böyük proyekti azad, demokratik, harmonik inkişaf yoluna qədəm qoyan Azərbaycandır. Ona qarşı qarayaxma kampaniyasında hakimiyyət bacarıqsız oldu. Heç bir nüfuzlu adamı bu kampaniyaya qoşa bilmədilər və ona görə də son anda “Rusiya proyekti” cəfəngiyatı ortaya çıxdı. Amma işləmədi, işləmədi ona görə ki, son 20 ildə “Rusiyanın proyekti” elə bu hakimiyyət özüdür və şimal qonşumuz nə indiki hakimiyyətdən yaxşı proyekt axtarır, nə də bunlardan daha itaətkar, daha kriminal, daha natəmiz güruh tapa bilər.

Bütün əngəllərə baxmayaraq Milli Şura ideyası alındı. Düzünü deyim ki, bu ilin yanvarında başlayan ilkin müzakirələrdə Ziyalılar Forumunun rəhbərliyi kiçik istisnalarla Milli Şurada təmsil olunmağa qərarlı olsa da, lakin məsafə saxlamağa üstünlük verdi. Forumla Şura arasında məsafə saxlamağın tərəfdarlarından biri də mən olmuşam, lakin son anda Rüstəmi tək qoymamaq və başlanan işə kömək etmək üçün mən Şuraya gəldim, eyni zamanda Gültəkin xanım Hacıbəyli də belə bir addım atdı. Forum rəhbərliyinin qalan təmsilçiləri nəzərdə tutulan qaydada məsafə saxlamaqda davam etdilər, amma bu məsafə əvvəlkindən bir az çox oldu...

Seçkinin nəticələri

Seçkilərdə namizəd olmağı düşünmədiyim halda, Rüstəm İbrahimbəyovla bağlı yaranmış böhran bunu qaçılmaz etdi və mən Milli Şuranın vahid namizədi kimi seçkiyə qatıldım. Vaxt çox az olsa da seçki komandamız operativ işlədi və biz uğurlu bir seçki kampaniyası apara bildik. Bu, bir tərəfdən Milli Şuranın fərqli bir biçimdə seçkiyə girməsi ilə bağlı idisə, digər tərəfdən hakimiyyətin çox zəif komanda ilə xalqın qarşısına çıxmasının nəticəsi idi. Son 10-15 ildə iqtidar texnoloqlarının əxlaqsız kampaniya strategiyası tam məğlubiyyətə uğradı. Oktyabrın 8-də axşam bizə müxtəlif rayonlardan məlumat gəldi ki, İlham Əliyevin xeyrinə nişanlanmış bülletenlər axşamdan seçicilərə paylanıb. Seçki başa çatdıqdan bir gün sonra həmin bülletenlərdən təxminən 400 ədədini bizə çatdırdılar. Sonralar bu say daha da artdı. Lakin bu faktlar pozuntuların ən sadəsi idi. Monqol ordu sistemindən qalan onbaşı, yüzbaşı, minbaşı şəbəkəsinin tamamlama işləri seçkiyə üç gün qalmış başa çatdırılmışdı, təkrar-təkrar səs verəcək “karusel” düşərgələri müəyyənləşdirilmişdi. Amma məsələni bunlar həll etmədi. Yuxarıdan verilən tapşırığa əsasən, seçki strukturları bilavasitə açıq əməliyyata başladılar, topa bülletendən tutmuş bir çox yerlərdə səslərin sayılmamasına və ya çox pis sayılmasına qədər hər şeyə gedildi, həm də tam açıq şəkildə gedildi.

Əldə olan seçki sənədlərinin təhlili göstərir ki, Milli Şura seçkiyə qatılan 20 faizə qədər real seçicinin mütləq əksəriyyətinin səsini qazandı. Anar Məmmədlinin həbsinin arxasında da məhz bu təhlillər dayanır. ATƏT-in bu günlərdə 9 oktyabr seçkiləri ilə bağlı elan olunmuş yekun hesabat seçki saxtakarlığının tam mənzərəsini bir daha təsdiq etdi. Orada təsdiqini tapan pozuntular prezident seçkilərinin qeyri-legitim hesab edilməsi üçün yetərlidir. Özünə hörmət edən hakimiyyət bundan nəticə çıxarmalı olduğu halda seçki “saxtakarı” kimi Anar Məmmədlinin həbsinə qərar verildi.Sən demə bütün seçki saxtakarlığının günahı Anar Məmmədlidə imiş. Milli Şura təkcə düşüncəsi deyil, vücudu da aləmi mədəniyyətə zidd olan kriminal bir güruh ilə qarşı-qarşıya dayanmışdı. Bu demokratiya mücadiləsində nələri etmək mümkün oldu: Milli Şura ideyası ilk dəfə müxalif siyasi və qeyri-siyasi düşərgəni özündə birləşdirə bildi; onun namizədi səsverməyə qatılan seçicilərin mütləq əksəriyyətinin səsini aldı; ilk dəfə olaraq texniki ehtiyatsızlıq üzündən seçkinin nəticələri seçki günündən bir gün əvvəl elan edildi; ilk dəfə olaraq seçkini müşahidə etməyə rəsmi mandatı olan ATƏT-in Varşava Bürosu 9 oktyabr seçkilərinin nəticəsini qeyri-legitim hesab etdi və saxtakarlığı təsdiq etdi; ilk dəfə olaraq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilat öz müşahidə missiyasına etimad göstərməyib onun rəyindən imtina etdi; ilk dəfə olaraq beynəlxalq rəydə seçki saxtakarlığının 50 faizin üzərinə qalxıb 58 faiz olduğu və bununla da Azərbaycan xalqının öz hakimiyyətini formalaşdırmaq haqqından məhrum edildiyi rəsmən etiraf edildi; saxtakarlığa start yuxarıdan verildiyi üçün ilk dəfə olaraq Azərbaycan seçki tarixində heç bir məntəqənin nəticələri ləğv edilmədi; ilk dəfə olaraq saxtakarlığın rəsmi təsdiqi kimi xeyli sayda seçki məntəqəsində məntəqədən kənar səs verən seçicinin sayı məntəqədə səs verən seçicinin sayından çox olması MSK-nın rəsmi saytında yer aldı; ilk dəfə olaraq nüfuzlu beynəlxalq mərkəzlər Azərbaycan seçkilərini ilin ən rüsvayçı hadisələri sırasına saldı və nəhayət, ilk dəfə olaraq Azərbaycan hakimiyyəti ölkə ictimaiyyəti və beynəlxalq aləmdən gizlin andiçmə mərasimi keçirdi.

Əslində. sonuncu hadisə məntiqə uyğun idi, elə seçkinin belə inaqurasiyası olmalı idi və oldu da. Bütün bunlar ona görə baş verdi ki, Milli Şura var idi və o, 21 günlük təbliğat kampaniyasının cəmi-cümlətanı 54 dəqiqəsi ilə xalqın sosial cəhətdən aktiv hissəsinin rəğbətini qazana bilmişdi. Sosial cəhətdən aktiv olan bu təbəqə bu gün pərdə arxasında səs verməyə hazır idi, açıq meydanlarda səsini qorumağa isə hazır deyildi və amma Milli Şura ölkədə dəyişikliklərə ölmüş ümidlərin dirilməsinə təkan verə bildi.

Əgər Milli Şura uğurlu birlik modeli kimi bunları edə bilibsə, biz ondan niyə imtina etməliyik?

Nə etməliyik: “islahata” dəstək, dialoq, yoxsa mübarizə?

Seçkidən dərhal sonra təslimçilik əhval-ruhiyyəsinin mətbuat səhifələrinə sızması, Milli Şuranın gərəksizliyi haqqında bədbin çağırışların səsləndirilməsi, güclü birlik formalaşdırmaq üçün “dağılıb, yenidən birləşməliyik”! kimi dualist ideyanın səslənməsi, hakimiyyətlə əməkdaşlıq etmək və hətta İlham Əliyevin islahatlarının müdafiə edilməsinin zəruriliyi haqqında mülahizələrin irəli sürülməsi düşündürücü suallar doğurur. Birincisi, doğurdanmı İlham Əliyev islahatlar aparır və ümumiyyətlə onun islahat aparmaq fikrimi varmı? O, belə bir vədi 2003-cü ildə versə də, buna əməl etmədi və 2013-cü ildə deklarativ şəkildə bunun ola biləcəyini bəyan etdi. İkincisi, Azərbaycan müstəqilliyinin birinci on ilində qəbul edilmiş qanunların və hətta konstitusiyanın başlıca mütərəqqi maddələri məhz İlham Əliyevin idarəçiliyi dövründə dəyişdirilərək mürtəce məzmun almağa başladı. Bunun sonucu nümunəsi bu günlərdə QHT-lər haqqında qanuna anti-demokratik əlavə və dəyişikliklərin təsdiqlənməsindən ibarət oldu. Üçüncüsü, ATƏT-in Varşava bürosunun məlumatına görə, 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz olub. Saxtakarlığın belə artım dinamikası ilə cəmiyyət bu hakimiyyətdən hansı islahatları gözləyə bilər?

Hakimiyyətlə dialoqa gəldikdə isə, bu, cəlbedici ideyadır, lakin bərabərhüquqlu, tərəflərin qarşılıqlı hörmət və etimadına əsaslanan dialoq müxalifətin güclənməsi, bu gücün təsiri altında hakimiyyətin ictimaiyyətlə əlaqəyə zərurət duymasından keçə bilər. Beynəlxalq təşkilatların, nüfuzlu xarici qüvvələrin dialoq təklifi də məhz bunu özündə ehtiva edir. Belə bir şərait yetişmədən dialoq adı altında hakimiyyətə biət etmək dialoq yox, separat sövdələşmədir, milli yox, korporativ maraqlara xidmət etməkdir. Partiya başına bir mandat alsalar da, bu yolun yolçularının aqibəti göz qabağındadır. Bu gün Azərbaycan hakimiyyəti üçün təhlükəsizlik anlayışı müxalifətə qarşı mübarizədən keçir. Dövlətin resursları müxalifətə qarşı səfərbər edilməklə müxalif siyasi qüvvələr zəiflədilib. Bu, faktdır. Amma əvəzində hakimiyyət sözün tam mənasında xalqın nifrəti ilə qarşılaşıb. Bu da faktdır. Düzdür, insanların içindəki bu nifrəti meydanlarda etiraz dalğasına çevirmək hakimiyyətə biət etmək qədər asan deyil, amma dialoq adı altında separat sövdələşmənin mənəvi yükünü çəkmək qədər ağır da deyil.

Bu hakimiyyəti Azərbaycan xalqının qəzəbindən tez, özünün tamahı yıxacaq. İndi dünyada elə bir maliyyə qalmaqalı, elə bir oğurluq faktı yoxdur ki, onun içindən bizim hakimiyyət “elitarları” çıxmasın. Bütün prizmalardan baxdıqda, bəlli olur ki, bu hakimiyyət ömrünü yaşayıb. O, rüşvəti ilə, korrupsiyası ilə, monopoliyası ilə, feodal təbiəti ilə, qaba rəftarı ilə simasızlaşıb, etimadı itirib, nəinki etimadı, hətta islahat keçirmək şansını da itirib. Avtoritar və diktatura rejimlərinin, vərəsəliklə hakimiyyəti alanların və verənlərin aqibəti isə göz qabağındadır. Azərbaycan dəyişən dünyada feodal malikanəsi olaraq qalmayacaq. Bu proseslərdə birinci olmasa da, sonuncu da olmayacaq. Avropanın coğrafi sərhədlərinin siyasi sərhədləri ilə tamamlanması labüddür. Bu sərhədlər isə Xəzər dənizinin Qərb sahillərindən keçir. Ümid edirik ki, bu elə də uzaqda deyil və həmin vaxta qədər Azərbaycan kimi kiçik ərazilərin Xəzərin Şərq sahillərinə sürüşdürülməsinin texniki təminatı yəqin ki, kəşf edilməyəcək. Birlikdə mübarizəyə davam etməliyik! 2013-cü ildə baş verənlər bunu deyir!(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar