İCRA BAŞÇISININ OĞLU HƏBS EDİLDİ - Reportaj + VİDEO

Əhliman Süleymanovun vəkili: «Bu işdə bəndə qorxusu Allah qorxusunu üstələdi»

Paytaxtın Səbail rayonunun icra başçısı Asif Əsgərovun 17 yaşlı oğlu Ilham Əsgərli tərəfindən törədilən və “Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə prosesi yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, Ilham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi ötən il sentyabrın 27-də baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.

“Bu məhkəmə haqq-ədalətdən uzaq oldu...”

Dünən hökm elan olunmamışdan əvvəl Əhliman Süleymanovun vəkili Ilqar Musayev çıxış edərək, məhkəmə prosesinin ədalətsiz aparıldığını, müvəkkilinə münasibətdə ayrı-seçkiliyə yol verildiyini bildirib: “Əhliman Süleymanova verilmiş ittihamın əsasını təşkil edən avtotexniki ekspertizanın rəyi nə qədər haqq-ədalətdən uzaq olmuşdusa, məhkəmə də eyni qaydada keçirildi. Əgər buna məhkəmə demək olarsa... Təqsirləndirilən şəxslərdən birinin mənafeyi hərtərəfli müdafiə olunduğu halda, qanunsuz və əsassız ittihama məruz qalmış digərinin ədalətli mühakimə olunmaq hüququ, özünü müdafiə etməsi üçün qanunun verdiyi imkanlar əlindən alındı. Iş materiallarındakı maddi sübutlar tam tədqiq edilmədi, avtotexniki ekspertizanın rəyi ümumiyyətlə araşdırılmadı. Rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi haqda vəsatətimiz təmin edilmədi. Halbuki, onların dindirilməsi, rəydəki ziddiyyətlərə aydınlıq gətirməsi vacib idi.

Bu məhkəmə prosesində iştirak edən hər kəs çox gözəl bilir ki, müvəkkilimin əməlində cinayət tərkibi olmayıb. Baş vermiş hadisədə onun zərrə qədər günahı yoxdur. Müvəkkilimə qarşı irəli sürülmüş ittiham bu işdə günahkar olan əsas şəxsin məsuliyyətdən kənarda saxlanılması, bu da mümkün olmadıqda alacağı cəzanın azaldılması məqsədi daşıyır. Bu belə olmasaydı, birinə maddəsinin sanksiya həddinin maksimumundan 2 il 6 ay az, günahı sübuta yetirilməmiş, baş vermiş qəzada xətası olmayan, iki azyaşlı uşağı olan, hadisədən sonra əlindən gələn bütün mümkün köməkliyi göstərmiş digərinə isə maksimum həddə cəza istənilməzdi.

Məhkəmə kollegiyasının, dövlət ittihamçısının təqsirləndirilən şəxslərə münasibətdə fərqli yanaşması, onların bu işdə maraqlı olduğuna dair kifayət qədər şübhələr yaradıb.

Hətta himayəsində iki körpə uşağın olduğunu nəzərə almasaq belə, Əhliman Süleymanovun qəzadan sonrakı davranışları - yanan maşının söndürülməsi, yaralıların avtomobildən çıxarılması, hadisə yerinə təcili yardımın çağırılması və s. CM-nin 59.1.10-cu maddəsinə əsasən yüngülləşdirici hal sayılır. CM-nin 60-cı maddəsində də göstərilib ki, 59.1.9 və 59.1.10 maddələrində göstərilən yüngülləşdirici hallar olduqda şəxsə verilən cəza maddənin sanksiyasının maksimum həddinin dörddə üçündən çox ola bilməz. Yəni, hətta Əhliman Süleymanovun təqsiri olsa belə, ona verilən cəza 4 il yarımdan artıq ola bilməz. Maraqlıdır, qanunun tələbi bu olduğu halda, dövlət ittihamçısı hansı əsasla ona maddədə nəzərdə tutulmuş cəzanın ən yuxarı həddini - 6 il həbs istədi? Təqsirləndirilən şəxslərdən birinə göstərilən lütf və humanizm bəs niyə iki azyaşlı uşaq atası olana göstərilmir?

Ədalətli mühakimə prinsipi bu prosesdə müşahidə olunmadı. Qanun qarşısında bərabərlik prinsipini də bu məhkəmədə görməzdən gəldilər. Humanizm prinsipi bu məhkəmə zalında cəmiyyətdə tutulan mövqeyə, vəzifəyə görə təmin edildi. Bir sözlə, bu işdə bəndə qorxusu Allah qorxusunu üstələdi.

Hörmətli məhkəmə? bilmirəm ki, diqqətə çatdırılan faktlar nə dərəcədə sizg maraqlıdır. Bir məsələni də nəzərinizə çatdırım ki, mənim müvəkkilim sizdən ədalət istəyir. Onun Allahdan və bir də bu tərkibdə təmsil olunan hakimlərdən başqa güvənə biləcəyi bir yeri yoxdur. Sizlər hər şeyi yaxşı bilirsiz. Ədalətli olun, nümunə olun, Əhliman Süleymanovun barəsində bəraət hökmü çıxarın!"

“Barışıq üçün istənilən addımı atmağa hazırıq”

Qeyd edək ki, Ilham Əsgərlinin vəkili Bəylər Məmişov ötən məhkəmə iclasında artıq müdafiə nitqilə çıxış etmişdi. Dünən zərərçəkmiş Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva replika hüququndan istifadə edərək, onun çıxışında səslənən fikirlərə münasibət bildirib: “Ilk gündən bu iş Xəzər Rayon Polis Idarəsində qeyri-obyektiv araşdırılıb, ona görə də alınaraq, Bakı şəhər Baş Polis Idarəsinə verilib. Əvvəlcə Ilham Əsgərli və Pərvin Fətullayev yalan ifadə verib. Deyiblər ki, guya, sükan arxasında Pərvin olub.

Maqsud Mirzəyev soğan başı basdırmayıb, övladını itirməyib. Hətta azadlıqdan məhrum edilənlər belə, bir müddətdən sonra ailəsinin yanına qayıdır, onun övladı isə qayıtmayacaq.

Dəfələrlə dövlət başçısı məmur övladlarının qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edib. Burada bir məmur övladının atasına arxayın olub avtoşluq etməsi nəticəsində Maqsud Mirzəyev övladını itirib.

Maqsud Mirzəyevlə qarşı tərəf arasında heç bir barışıq yoxdur. Cinayət törədən şəxs kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir".

Bəylər Məmişov da öz növbəsində Qazıyevaya cavab verərək bildirib ki, ilk gündən Mirzəyevlərdən üzr istənilib: “Bu gün də üzr istəyirik. Barışıq üçün istənilən addımı atmağa hazırıq”.

“Mənim heç bir günahım yoxdur...”

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Əhliman Süleymanov son sözündə bir daha vurğulayıb ki, qəzanın baş verməsində onun heç bir günahı olmayıb. Üstəlik, qəzadan sonra əlindən gələni edib, bütün mümkün köməkliyi göstərib: “Buna baxmayaraq, prokurorun mənə ən yuxarı həddi cəza istəməsi, üstəlik, həmin vaxt üzümə baxıb gülməsi o demək idi ki, gördün, biz necə istəyirik elə oldu... Əvvəlcə mənim günahımı dəqiqləşdirin. Mənim heç bir günahım yoxdur”.

“Elə bilirsiz mənə asandır?”

Ilham Əsgərli son sözündə bir daha Maqsud Mirzəyevdən üzr istəyib: “Elə bilirsiz mənim üçün asandır? Mənim üçün çox ağırdır. Mən yaxın dostumu itirmişəm. Mən belə olmasını istəmirdim...”

Məhkəmə bir neçə dəqiqəlik müşavirədən sonra hökmü elan edib və Ilham Əsgərli 5 il 6 ay, Əhliman Süleymanov isə 6 il azadlıqdan məhrum edilib.

“Hökm qanunsuz və ədalətsizdir”

Əhliman Süleymanovun vəkili Ilqar Musayev “Azadlıq”a açıqlamasında bildirib ki, hökm qanunsuz və ədalətsizdir. Hökmün surətini alan kimi apellyasiya şikayəti veriləcək: “Hətta günahı olsaydı belə, Əhliman Süleymanova 4 il 6 aydan artıq cəza verilə bilməzdi. Bu, qanunun tələbidir. Ona ittiham verilən 263.2-ci maddənin sanksiyasında 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu qədər yüngülləşdirici hal varkən niyə ən yuxarı həddi verdilər? Deməli, ortada başqa məqsəd var. Ilham Əsgərlinin ittiham olunduğu maddənin sanksiyasında isə 5 ildən 8 ilə qədərdir. Ona isə ən aşağı həddən cəmi 6 ay çox verdilər. Bu, ayrı-seçkilik deyilmi?”(azadlıq.info)

---------------------

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Ələsgərli və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib. S. Əhlimanov isə təqsirinin olmadığını deyib. Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, İ. Ələsgərli 5 il 6 ay , S. Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.

Təqsirləndirilən İlham Ələsgərli Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar