Dövlət Muzeyinin eksponatları prezident qızının evindən çıxdı- FOTOLAR

Özbəkistandakı muzeylərdən oğurlanan və rəsmi olaraq axtarışda olan 60-dan çox rəsm əsəri Gülnarə Kərimova Cenevrədəki (İsveçrə) evindən tapılıb

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın Cenevrədəki (İsveçrə) evindən vaxtilə Daşkənddəki Özbəkistan Dövlət Muzeyindən oğurlanmış onlarla rəsm əsərləri çıxıb.

Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, bu faktın üstünü dekabrın 23-də G.Kərimovanın evini “zəbt etmiş” və orada məskunlaşmış özbək dissidentləri aşkar ediblər.

Xəbər verildiyi kimi, dekabrın 23-də özbək siyasi qaçqın Səfər Bekjan və daha dörd dissident G.Kərimovanın Cenevrədəki evinə daxil olub. Evə G.Kərimovaya qarşı korrupsiya araşdırmaları çərçivəsində məhkəmənin qərarı ilə bir neçə ay əvvəl həbs qoyulmuşdu və orada heç kim yaşamırdı.

Evi ələ keçirəndən sonra orada öz təşkilatının ofisini açan S.Bekjan bildirib ki, G.Kərimovanın evində apardıqları axtarışlardan sonra 60-dan çox rəsm əsəri tapıblar. Həmin rəsm əsərləri vaxtilə Özbəkistandakı muzeylərdən oğurlanıb və rəsmi olaraq axtarışda idi. Habelə dissidentlər evdən “Bentli” avtomobili, çoxsaylı qızıl-zinət əşyaları və brilyantlar, o cümlədən XVIII əsrə aid olan nadir Quran nümunəsi tapıblar.

S.Bekjan həmin zinət əşyalarının, rəsm əsərlərinin fotoşəkillərini çəkərək internetdə yayıb. Məlum olub ki, rəsm əsərlərinin üzərində onların müəllifi olan rəssamların imzaları, habelə məxsus olduqları muzeylərin möhürləri yer alır.

Rəsm əsərlərinin arasında Özbəkistanın xalq rəssamı Çingiz Axmarovun “Gözəllər” əsəri, habelə tanınmış rəssamlar Viktor Ufimtsevin və Roza Çoriyevin də əsərləri var.

Səfər Bekjan bildirib ki, o, evdən incəsənət nümunələrini tapanda çox təəccüblənib: “Evin çardağının divarlarında müxtəlif rəsm əsərlərinin asıldığını gördük. Orada Lev Reznikovun nəhəng “Nar” əsəri də var idi. Mən rəsmi divardan götürdüm və arxasında rəssam Reznikovun imzasını görəndə heyrətə gəldim. Bu əsər bura necə düşə bilərdi? Əsərə baxmağa başladım, ancaq onun Özbəkistan Mədəniyyət Nazirliyinin yazılı icazəsi ilə bura daşındığını təsdiq edən heç bir qeyd tapmadım. Sanki şəkil öz ayağı ilə bura gəlmişdi”.

İncəsənət xadimləri S.Bekjanın internetdə yerləşdirdikləri fotolara baxaraq belə qənaətə gəliblər ki, əsərlər orijinaldır və həqiqətən də Daşkənddəki muzeylərə məxsus olub.

Özbəkistanın Mədəniyyət və İdman Nazirliyinin keçmiş əməkdaşı təsdiq edib ki, rəsmlərin orijinalları muzeylərdən yoxa çıxıb, əslində hamı həmin əsərlərin G.Kərimovanın istəyi ilə muzeydən çıxarıldığını bilirdi. Keçmiş məmur bildirib ki, yüzlərlə incəsənət nümunəsi xaricdə sərgilərdə nümayiş olunmaq adı altında ölkədən çıxarılıb və geri qaytarılmayıb.

Bu arada dissidentlərin evə necə daxil olduğu da maraqlıdır. Səfər Bekjan etiraf edib ki, onlarda evin açarı olub, lakin müxalifətçi açarı haradan əldə etdiyini açıqlamayıb. Versiyalara görə, evin ələ keçirilməsində müxalifətçilərə Özbəkistandan yardım edə bilərdilər. İstisna deyil ki, Özbəkistanın Milli Təhlükəsizlik Xidməti G.Kərimovanın Cenevrədəki evinin açarını əldə edib və onu nüfuzdan salmaq üçün müxalifətçilərə ötürüb.

İsveçrə polisinin nümayəndələri evə baş çəksələr də müxalifətçiləri oradan çıxarmayıblar. Özbəkistan səfirliyinin əməkdaşları dekabrın 24-də isə evdən “Bentli” və “BMW” avtomobillərini götürərək gediblər.

S.Bekjan bildirib ki, səfirlik əməkdaşları dekabrın 27-də yenidən qayıdıb və bəzilərinin dəyəri yüz minlərlə dollar olan rəsm əsərlərini siyahıya almağa başlayıblar.

Daşkənd Dövlət Muzeyindən isə rəsm əsərlərinin yoxa çıxması ilə bağlı şərh verməkdən imtina ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar