ÖZÜNÜ YANDIRAN QARABAĞ QAZİSİ ÖLDÜ- - 100 min manata bir can alındı? - FOTOLAR - VİDEOLAR

Bu CİNAYƏTƏ görə kim cavab verəcək?

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov 28 dekabr, saat 22.10 radələrində dünyasını dəyişib. Bu barədə jurnalist Rey Kərimoğlu məlumat verib.

Səhiyyə Nazirliyi əvvəlcə ölüm xəbərini təkzib edən açıqlama yaysa da, sonradan faktı təsdiqləyib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib.

Səhiyyə nazirinin müavinləri, Qarabağ qazilərini özündə birləşdirən təşkilatların təmsilçiləri xəstəxanaya gəliblər.

5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”.

Burada uyğun gəlməyən məqamlar var. Çünki baş həkimin ölüm vaxtı kimi göstərdiyi radədən 6 dəqiqə əvvəl musavat.com Z. Həsənovun ölməsi barədə xəbər yaymışdı.

****

Dünyasını dəyişən qazi yuyulmaq üçün məscidə aparılıb. Mərhum doğulduğu Bibiheybət kəndində dəfn olunacaq. Onun cənazəsinin aparıldığı Göy Məscidin qarşısında onlarla Qarabağ qazisi toplaşıb. Sonradan mərhum qayınatasının Lökbatandakı evinə aparılıb.

Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, iddia edirdi ki, deputat Səttar Mehbalıyev tərəfindən obyekti əlindən alınıb, bu səbəbdən də etiraz olaraq özünü yandırıb.

Qarabağ qazisi özünü yandırdıqdan sonra Həmkarlar Konfederasiyasının sədri ona 100 min manat kompensasiya ödəniləcəyini vəd etmişdi. Ancaq nə yazıq ki, Qarabağ qazisi Zaur Həsənov bu vəsaitdən istifadə edə bilməyəcək. Bilmirik, bəlkə başsız qalan ailəsinə veriləcək. Ancaq necə, nə adla? Deyəcəklər, atanızın ölümünə bais olduq, alın bu da kompensasiyası? Belə çıxmırmı ki, bu ölkədə 100 min manata bir can almaq mümkün olur?

Deputatlar, Əli Həsənov prezident İlham Əliyevin Qarabağ qazisinin özünü yandırmasından sarsıdığını bildirmişdilər. Ailəyə yardım etməyi də onun tapşırdığı bildirilir. Ancaq artıq bu azdır. Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Yəni ortada ölüm faktı var. Bir insanı özünü öldrmək həddinə çatdırmaq CİNAYƏTDİR. Bu CİNAYƏTƏ görə kim cavab verəcək?

Təbii ki, hər kəs bir gün etdiklərinin cavabını verəcək. Ya bu dünyada, ya da o biri dünyada.

Ancaq ölkədə hüquq var, ədalət var deyirlərsə, günahkarların cəzalandırılması o dünyaya saxlanılmamalıdır.

Prezident dərhal bu hadisənin baş verməsinin səbəbkarlarını cəzalandırmalıdır. Ədalət yerini tutsun deyə...

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar