Bir fədainin son addımı

Bir neçə bu cür hadisədən sonra həmin od məmləkəti sarmazmı?

İntihar ölümlərin ən ağırıdır. Adam əvvəlcə özünə ittihamnamə oxuyur, sonra özünə hökm çıxarır, ən sonda öz hökmünü özü icra edir.

Heç kəs durduğu yerdə intihar etməz, etmir, edə bilməz. Bu, canından, həyatdan bezmiş, ədalətdən əlini üzmüş, haqsızlıqdan cana doymuş, psixoloji baxımdan yıpranmış, ümidləri cilik-cilik olmuş adamları işidir.

İntiharların ən pisi özünü yandırmaqdır. Bu, özünü hündürmərtəbəli bunanın başından atmağa, özünü güllə ilə vurmağa, damarı kəsməyə, yuxugətirici həblərdən bir ovuc udmağa, sirkə və ya öldürücü zəhər içməyə, özünü qatar altına atmağa, boğaza kəndir, mələfə, kəmər ilgəyi keçirməyə bənzəməz.

Özünü yandırmaqla intihar ən əzablı, ağrı-acılı, faciəvi intihardır. Bir barmağını ütüdə yandıran adamlar özünü yandırmağın acısının yüzdən birini yaşayır və bir daha yaşamaq istəmirlər.

Özünü yandıran adamlar qatlaşacaqları əzabın nə olduğunu bilə-bilə bu addımı atırlar.

Özünü yandıran adamlar tez söndürülsələr də sağ qalmayacaqlarını bilirlər. Zatən, özünü benzinlə yandıranlar bu hərəkəti sağ qalmamaq üçün edirlər. Hər kəs bilir ki, bədənin dərisinin 5 faizdən artığı yananda yaşamaq ehtimalı azalır.

Özünü yandırmaq adi intihar deyil, bu etirazdır. Aksiyadır. Canından, həyatdan bezənlər, öz aqibəti ilə barışanlar əsasən kəndirdən yararlanır, etiraz edənlər, “bu iş belə getməz” deyənlər isə bir şüşə benzin və alışqan götürürlər.

Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması haqsızlığa etirazı idi – müharibənin od-alovundan əlil olub qayıtmış adamın əlindən bu gəldi.

O, özünü balalarının istiqbalı üçün yandırdı. Bütün atalar özlərini öz balaları üçün gilə-gilə əridir ha, bax, Zaur da o atalardan idi, sadəcə, o, özünü bir göz qırpımında əritdi.

İndi o, yoxdur. Onun ölümlə çarpışması üç gün davam etdi və igid qazimiz yenildi. Qarabağ müharibəsindən vücudu şikəst, qəlbi sınıq qayıtmış qardaşımız balalarını bu canavarlarla dolu dünyada başsız qoydu.

Onu bu həddə çatdıranlar indi çox peşmandırlar və qorxurlar. Onlar dünyanın ən murdar, ən bağışlanmaz cinayətinə qol qoyublar, bir döyüşçünün ən iztirablı, uzun çəkən ölümünə səbəb olublar. Bunu onlara bağışlayan olmayacaq.

Onlar bu xalqın igid-igid kişilərini sındırır, intihara təhrik edirlər.

Əvvəllər şərə düşən qadınlar namuslarının təmizliyini sübut edə bilməyəndə iftiraçıların ağzını yummaq üçün özlərini yandırardılar.

İndi kişilər haqlarını almaq, iftiraya məruz qalmamaq, övladlarının gözü qabağında təhqir olunmamaq, bir daha maşın baqajına basılmamaq üçün özlərini yandırırlar.

Zalımlar, millətin kişilərinin anasını ağladan, atasını yandıranlar indi kişilərin özlərini yandırır, balalarını ağladır, gözü yaşlı qoyurlar.

Bəs özünüyandırma intiharına əl atanlar özlərini yox, onları buna təhtik edən düşmənlərini yandıra bilməzlərmi?

Xeyr. Çünki onlar özlərini böyük bir mafiya birləşməsinin, azman zor aparatının qarşısında gücsüz sayırlar, onlarla müharibəyə girərlərsə, daha böyük itkilər verəcəklərini bilirlər. Onlar ailələrinə, övladlarına ziyan gəlməsin deyə belə edirlər. İstəmirlər ki, balaları türmə qapılarında qalsınlar, içəriyə sovqat daşısınlar, zalımların təhqirini yesinlər, təqibinə məruz qalsınlar.

Bir də son vaxtlar tez-tez deyirlər: Allah bu zülmü niyə götürür? Onu bilmirəm, əsl sual bundan ibarətdir: insanlar bu zülmü niyə götürür, ona niyə tablaşırlar?

Görəsən, zalımlar qorxmurmu, bax, məzlum insanlar bu cür edərlər: orda-burda özlərinə od vurarlar. Bir neçə bu cür hadisədən sonra həmin od məmləkəti sarmazmı?

İlin əvvəlində Biləcəridə məktəbdən qayıdan 10-12 yaşlı şagird bir saat əvvəl uçurulmuş evlərinin daşı üzərində oturub məhzun-məhzun baxır, polis tərəfindən döyülmüş atasının xəstəxanadan qayıtmasını gözləyirdi. O ata oğlunun o görkəmdəki şəklini görsə, bəlkə də özünü yandırmazdı, amma yerdən daşı götürüb öz başına çırpardı.

Bu il alovlu başlamışdı – İsmayıllıda zalımlara qarşı bir ocaq çatılmışdı, məhkəməsi hələ də gedir. Odlu-alovlu ilin sonu da alovlu gəldi. Bəs bunun mühakiməsi nə vaxt olacaq?

Çox pis oldu. Qarabağ qazisinin intihara cəhdi duyarlı insanları qarsmışdı, ölümü isə onları yandırdı. Heyf, çox heyf...

Xalid KAZIMLI(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar