NÖVBƏTİ YÜZ İLDƏ NƏLƏR OLACAQ? – “Türkiyə dünya gücünə çevriləcək” (II HİSSƏ)

"Təhlükəliliyi və miqyası (qloballığı) baxımından, daha «solğun» ikinci soyuq müharibənin sonunda - birinci soyuq müharibədə olduğu kimi - Rusiya çökəcək"

«Amerikanın gücü o qədər nəhəngdir ki, onu əymək-sındırmaq real görünmür.

Ştatların gücü 21-ci əsrin sonunda pik həddinə çatacaq.

İradəsiz Avropa öz əhəmiyyətini itirəcək.

Çinin qalxınması (son dövrlərdəki iqtisadi inkişafı) sabun köpüyü kimi bir şeydir və artıq yaxın zamanlarda «partlayacaq».

Dünyanın geosiyasi üfüqündə yeni ulduzlar parlayacaq – Yaponiya, Türkiyə, Polşa, Meksika.

Rusiya postsovet məkanında nəzarəti bərpa edəcək, amma bundan sonra daha güclü dövlətlərlə rəqabətə dözməyib, tamamilə parçalanıb dağılacaq…».

Bu sətirlər amerikalı politoloq-analitik Corc Fridmanın kitabından götürülüb.

Çinin son vaxtlar Rusiya ilə yaxınlaşma meylləri nümayiş etdirməsi, Dünya Bankına alternativ qismində yeni bank – Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) yaratması, bir neçə gün bundan əvvəl isə Belarusla əməkdaşlıq haqqında bir sıra müqavilələr bağlaması 21-ci əsrin qlobal proqnozu mövzusunu xeyli aktual və maraqlı edir. Sanki Çin, dünyada cərəyan edən bəzi qapalı tendensiyalara sinə gərmək, onların nəticələrini önləmək, həm də proseslərin axarının səmtini dəyişmək istiqamətində preventiv addımlar atır. Fəqət, nüfuzlu mərkəzlərin, siyasətçi-analitiklərin proqnozları 21-ci yüzillikdə Çinə özünün arzuladıqlarını vəd etmir. Buna əmin olmaq üçün C.Fridmanın kitabından bəzi fraqmentlərə nəzər salmaq kifayət edər…

(Əvvəlini burdan oxu:

Əgər 21-ci əsrin əvvəlinə Amerika əsrinin (Avropa əsrini əvəzləyən əsr) «dan yeri» kimi baxsaq, görərik ki, bu dövr bəzi müsəlman qruplaşmalarının Xilafətin - bir vaxtlar Atlantik okeandan Sakit okeana qədər uzanıb gedən böyük İslam imperiyasının bərpası istiqamətində göstərdiyi cəhdlərdən sonra başlayıb. Bu baxımdan, islamçıların ABŞ-a zərbələr endirmək, dünyanın bu güclü dövlətini müharibəyə çəkmək, onun zəifliyini nümayiş etdirmək, bununla da müsəlmanların üsyanını təşkil etmək cəhdləri təbii sayılmalıdır.

Buna cavab olaraq, ABŞ islam dünyasına soxuldu. Amma Amerika qarşısına qalib gəlmək məqsədi qoymamışdı. Hətta bu savaşda məhz nələrin (hansı nəticələrin - M.A.) qələbə demək olduğu belə, aydın deyildi. ABŞ-ın məqsədi sadəcə, İslam dünyasını dağıtmaq, bu birliyə daxil olan ölkələri qarşı-qarşıya qoymaqdan ibarət idi ki, bir də onlar islam imperiyası yaratmaq barədə düşünə bilməsinlər.

ABŞ-a mütləq bu müharibəni udmaq lazım deyil. Onun planlarına rəqibin bütün həyati əhəmiyyətli sistemlərini dağıtmaq, ABŞ-la rəqabət apara bilmək üçün onun yetərli güc toplamaq imkanlarını sıfıra edirmək məqsədləri daxildir.

RUSİYA AMİLİ

Bir tərəfdən, 21-ci əsr qarşıdurmalar silsiləsindən ibarət olacaq ki, bu zaman «ikinci dərəcəli» dövlətlər ABŞ-ın davranışlarına nəzarət etmək məqsədilə koalisiya qurmaq cəhdləri göstərəcəklər. ABŞ isə öz növbəsində, bu planlara mane olmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirəcək.

21-ci əsrdə müharibələr daha çox olacaq və yeni əsrin ilk 20 ili bu baxımdan, istisna təşkil etməyəcək. Amma texnoloji dəyişikliklərin sayəsində, həm də geosiyasi problemlərin mahiyyəti baxımından bu müharibələrin nəticələri daha az fəciəvi olacaq.

Göründüyü kimi, yeni əsrin gəlişinə aparan dəyişikliklər həmişə tamamilə gözlənilməz halda baş verir. ABŞ-ın İslam dünyası ilə apardığı müharibə artıq sona çatmaqdadır, yeni münaqişə isə elə də uzaqda deyil. Rusiya özünün əvvəlki təsir dairəsini bərpa edir və bu yolda ABŞ-ın maraqları ilə toqquşma qaçılmaz olacaq. Ruslar, Şərqi Avropa düzənliyi ilə qərbə doğru irəliləyəcəklər. Rusiya yenidən özünə gələn kimi, ABŞ-ın nəzarət etdiyi NATO ilə üç baltikyanı dövlətin (Estoniya, Latviya və Litva) və Polşanın ərazilərində baş-başa gələcək. Yeni əsrin əvvəlində fikir ayrılığı yaradan digər mətləblər də olacaq, amma məhz bu yeni soyuq müharibə müsəlmanlarla müharibədən sonrakı mərhələdə qaynar nöqtələrin yaranması ilə nəticələnəcək.

Rusiya mütləq yenidən öz düzənini qurmağa çalışacaq, ABŞ isə mütləq buna mane olmağa cəhdlər göstərəcək. Sonda Rusiya qalib gələ bilməyəcək. Onun dərin daxili problemləri, əhalisinin sürətlə azalmağa doğru getməsi və yararsız infrastrukturu nəticədə, bu ölkənin uzunmüddətli mövcudluğuna olan ümidləri puça çıxarır. Beləliklə, təhlükəliliyi və miqyası (qloballığı) baxımından, daha «solğun» ikinci soyuq müharibənin sonunda - birinci soyuq müharibədə olduğu kimi - Rusiya çökəcək.

ÇİNİN YERİ

Bir çoxları proqnoz edirlər ki, yeni əsrdə ABŞ-ın əsas rəqibi Rusiya yox, Çin olacaq. Üç səbəbə görə, mən bu fikirlə razı deyiləm. Birincisi, əgər Çinin xəritəsinə diqqətlə baxsaq, görərik ki, o, xeyli təcrid olunmuş vəziyyətdədir - şimaldan Sibirlə sərhədlənir, cənubdan isə Himalay və cəngəlliklə örtülmüş ərazilərlə hüdudlanır. Nəzərə alsaq ki, əhalisinin əksəriyyəti ölkənin Şərq hissəsində yaşayır, aydın olar ki, öz sərhədlərini genişləndirmək Çin üçün elə də asan olmayacaq.

İkincisi, artıq uzun illərdir ki, Çin nəhəng «dəniz gücü» deyil. Donanma yaratmaq isə təkcə gəmi istehsal etməkdən ibarət deyil. Bunun üçün həm də ixtisaslı və təcrübəli dənizçilərin hazırlanması vacib məsələdir ki, bu da uzun vaxt tələb edir.

Üçüncüsü, Çin məsələsində narahatlıq doğuran daha vacib səbəb var - bu ölkə xroniki qeyri-sabitliyi ilə seçilir. Hər dəfə Çin öz sərhədlərini xarici aləmə açanda onun sərhədboyu rayonları çiçəklənməyə başlayır. Amma ölkənin dərinliklərində yaşayan əhalinin əksəriyyəti yoxsulluq içində boğulur ki, bu da ölkədə qeyri-sabitlik mühiti yaradır, münaqişələrə və gərginliyə səbəb olur. Bu səbəbdən, iqtisadiyyat sahəsindəki problemlərin həllinə siyasi motivlərdən yanaşılır. Belə yanaşma həmin çalışmaları effektsiz edir və korrupsiyaya rəvac verir. Günümüzdə, daxili bazarını xarici ticarət üçün açıq elan etmək Çinin ilk cəhdi deyil. Hər dəfə də bu cəhdlərin qeyri-sabitliyə gətirib çıxarması da sonuncu olmur. Şübhəsiz, bu ölkənin tarixində onu ətraf dünyadan təcrid edən və hamını eyni cür varlı (və ya eyni cür kasıb) edən, bu sikli təkrarlayan Mao Tszedun kimi rəhbərlər də sonuncu olmayacaq. Bəziləri hesab edirlər ki, son 30 ildə dünyada müşahidə olunan sülh tendensiyaları qeyri-müəyyən müddətdə davam edəcək. Mən hesab edirəm ki, gələcək onilliklərdə Çinin sikli özünün növbəti və qaçılmaz mərhələsinə keçəcək. Çini özünə rəqib hesab etməyən ABŞ isə Rusiya ilə «ballast» (pərsəng - M.A.) yaratmaq məqsədilə, ona kömək etməyə və dağılmaqdan qurtarmağa çalışacaq. Çinin iqtisadiyyatının indiki dinamik inkişafı uzunmüddətli uğura çevrilməyəcək.

YENİ GÜC - YAPONİYA

Yeni yüzilliyin ortalarında dünya səhnəsinə başqa ölkələr çıxacaq ki, onları hələlik «böyük güc» saymırlar. Amma mənim hesablamalarıma görə, bu ölkələr bir neçə onillikdən sonra daha güclü və təsir imkanlı olacaqlar. Bu sıradan, əsas üç ölkə diqqətii cəlb edir. Onlardan birincisi - Yaponiyadır. O, iqtisadi gücünə görə hazırda dünyanın ikinci ölkəsi sayılır. Eyni zamanda, Yaponiya ən «zəif» ölkələrdən sayılır, çünki xammal baxımından (özünün demək olar, heç nəyi yoxdur) ifrat asılı durumdadır.

Əminliklə söyləmək olar ki, Yaponiya özünün militarist ənənələri ilə son illər ərzində olduğu kimi, periferiyalarda yer almış sülhsevər ölkə kimi qalmayacaq. Bu, Yaponiyada sadəcə, alınmayacaq. Dərin demoqrafik problemlər və arzuolunmaz genişmiqyaslı immiqrasiya Yaponiyanı başqa ölkələrdə işçi qüvvəsi axtarmağa vadar edəcək. Keçmişlərdə yazdığım kimi, Yaponiyanın zəif tərəfləri və indiki halda qarşıya qoyulmuş işlərin öhdəsindən mənim düşündüyümdən də uğurla gəlinməsi son nəticədə, bu ölkəni öz siyasətini dəyişməyə məcbur edəcək...

TÜRKİYƏ VƏ POLŞA

Bunun ardınca Türkiyə gəlir. Bu ölkə hazırda iqtisadi potensialına görə, dünyada 17-ci yerdə qərar tutub. Tarixən, belə olub ki, güclü islam imperiyası meydana çıxan zaman onun birinci rollarında türklər yer alıb. Birinci dünya müharibəsinin sonunda Osmanlı imperiyası çökdü və onun xarabalıqları üzərində müasir Türkiyə boy verdi. Bu dövlət hazırda xaos içərisində bir «sabitlik adası» təsiri bağışlayır. Balkanlar da, Qafqaz da, Türkiyənin cənubunda ərəb dünyası da qeyri-sabitliyi ilə diqqəti cəlb edir. Bu ölkənin gücünün artmasına uyğun olaraq (nəzərə almaq lazımdır ki, bu bölgədə Türkiyə iqtisadiyyatının və ordusunun bərabəri yoxdur), təsir gücü də artacaq.

Nəhayət, Polşa gəlir. XVI əsrdən bəri Polşa böyük güc ola bilməyib. Amma nə vaxtsa o, böyük güc olub və hesab edirəm ki, yenə olacaq.

Buna çatmaqda iki amil kömək edəcək. Birincisi, Almaniyanın geriləməsidir. Uzunmüddətli artım və nəhəng həcminə baxmayaraq, son dövrlər bu ölkənin iqtisadiyyatı son iki əsr boyunca özünə məxsus olan dinamikliyini itirib. Bundan başqa, qarşıdan gələn 50 il ərzində Almaniyanın əhalisi kəskin şəkildə azalacaq ki, bu da onsuz da əldən düşmüş iqtisadi sektoru dağıdacaq. İkinci amil isə Rusiyanın şərqdən Polşaya təzyiqləri artırması fonunda, almanların Rusiya ilə üçüncü müharibəyə girmək istəməsi məsələsidir. Almaniyadan fərqli olaraq, ABŞ Polşanı dəstəkləyəcək - ona hər cür iqtisadi və texniki kömək təklif edəcək.

Əgər, müharibə müəyyən bir ölkəninin məhvinə səbəb olmursa, o zaman onun iqtisadiyyatında artımı stimullaşdırır. Bunun sayəsində də Polşa Rusiyanın yaxınlığında yerləşən koalisiya dövlətləri arasında aparıcı «oyunçu»ya çevriləcək.

NÖVBƏTİ MÜHARİBƏ

Bu ölkələrin hər biri - Yaponiya, Türkiyə və Polşa ABŞ-ın nöqteyi-nəzəri ilə Rusiyanın ikinci çöküşü zamanı olduğundan az hesablaşacaq. Partlayış təhlükəli vəziyyət yaranacaq. Bu dörd ölkə arasındakı münasibətlər 21-ci əsrə böyük təsir göstərəcək və növbəti dünya müharibəsinin başlanmasına gətirib çıxaracaq. Bu müharibədə hərbi əməliyyatlar prinsipial olaraq yeni formada - günümüzdə elmi fantastika sahəsinə aid olunan silahlardan istifadə edilməklə aparılacaq.

Müharibə əhəmiyyətli texniki tərəqqiyə gətirib çıxaracaq - İkinci dünya müharibəsində olduğu kimi. Burada, bir texniki yenilik xüsusilə əhəmiyyətli olacaq. Məlum səbəblərdən dolayı, bütün tərəflər enerjinin, karbohidrogenləri əvəzləyə biləcək formasını axtarmaqla məşğul olacaq. Nəzəri cəhətdən, Yer kürəsində ən effektli enerji mənbəyi Günəş enerjisidir. Amma onun əldə olunması üçün çoxsaylı günəş batareyalarının qurulması lazımdır. Belə batareyalar Yer səthində çoxlu ərazini tutur və ətraf mühitə mənfi təsir göstərir, gündüzlə gecənin yerdəyişməsi isə onun faydalılığını əhəmiyyətli dərəcədə aşağı salır.

Gələcək müharibənin gedişində, onun başlanmasına qədərki mərhələdə işlənib hazırlanmış «kosmosda elektrik enerjisinin əldə olunması və onun mikrodalğa şüalanması şəklində Yerə ötürülməsi» konsepsiyası ildırım sürətilə prototip formasından reallığa çevriləcək.

Yeni enerji mənbəyinin inkişafı praktiki olaraq, internetin və ya dəmir yolunun inkişafının dövlət səviyyəsində maliyyələşdirilməsi sayaq maliyyələşdiriləcək. Bu da lazım olan avadanlıqların orbitə çıxarılması məsələsində hərbi-kosmik güclərin bütün imkanlarından istifadəni mümkün edəcək. Nəticədə, sözün gerçək mənasında, «inqtisadi bum» başlanacaq.

DEMOQRAFİK PARTLAYIŞ

Bütün bunların əsasında isə 21-ci əsrin ən vacib hadisəsi dayanacaq - demoqrafik paptlayışın sonu. Mahiyyət etibarilə, 1750-ci ildən başlayaraq, bütün dünya sistemi əhalinin daimi artımının gözləntisi üzərində qurulub. Daha çox fəhlə, daha çox istehlakçı, daha çox əsgər - bax, bütün gözləntilər bundan ibarət olub. Amma 21-ci əsrdə bu, aktuallığını itirəcək. Çünki bütün istehsal sistemi dəyişikliyə məruz qalacaq. Yeni əsrin 50-ci illərinə sənaye cəhətdən inkişaf etmiş ölkələrin əhalisi katostrofik ahənglə azalmağa başlayacaq. 22-ci əsrin əvvəlinə hətta ən zəif inkişaf etmiş ölkələr də əhalisinin sayının sabitləşməsini təmin edəcək doğum səviyyəsinə çatacaqlar.

Bunun nəticəsində dünyada texnologiyalardan (əsasən də insan əməyini əvəz edən robotlardan) və dərin genetik tədqiqatlardan (əsasən, insanların əmək qabiliyyətliliyi dövrünün artırılmasına yönəlmiş, insan ömrünün uzadılmasına yox!) asılılıq yüksələcək.

Bəs, dünya əhalisinin azalması hansı birbaşa nəticələrə səbəb olacaq? Sadə dildə ifadə etsək, 21-ci əsrin birinci yarısında belə azalma inkişaf etmiş sənaye ölkələrində işçi qüvvəsinin kütləvi çatışmazlığına səbəb olacaq.

Günümüzdə inkişaf etmiş ölkələr bu problemin həllini öz ərazilərinə immiqrantları buraxmamaqda görür. Amma 21-ci əsrin birinci yarısına yaxınlaşdıqca, məhz immiqrantların cəlb olunması məsələsi problemə çevriləcək. Bu, ABŞ-a da aid olacaq...

Belə dəyişikliklər 21-ci əsrin nəticə böhranına gətirib çıxaracaq.

MEKSİKA İLƏ QARŞIDURMA

Hazırda Meksika iqtisadi gücünə görə, dünyada 15-ci yerdə durur. Avropa ölkələri dünya səhnəsindən düşdükcə, Meksika da Türkiyə kimi daha böyük çəkiyə nail olacaq və 21-ci əsrin sonunda dünyanın ən aparıcı «gücləri»ndən birinə çevriləcək.

Şimala yönəlmiş və ABŞ tərəfindən stimullaşdırılan irimiqyaslı miqrasiya zamanı keçmiş Meksika ərazilərində (19-cu əsrdə ABŞ tərəfindən Meksikadan qoparılmış ərazilər) əhalinin nisbəti kəskin şəkildə dəyişəcək və nəticədə, həmin ərazilərdə yaşayanların əksəriyyəti meksikalılardan ibarət olacaq.

Meksika hökuməti yaranmış vəziyyəti nə az, nə də çox, keçmişdəki məğlubiyyətlərin «düzəldilməsi» kimi dəyərləndirəcək. Hesab edirəm ki, 21-ci əsrin 80-ci illərinin əvvəlinə ABŞ və daha güclü və təsirli Meksika arasında ciddi qarşıdurma baş verəcək. Belə qarşıdurma ABŞ üçün gözlənilməz nəticələr verə bilər. 22-ci əsrin əvvəlinə bu qarşıdurmanın başa çatacağını gözləmək olar.

İlk baxışda, yuxarıda göstərilənlərin bir çoxu ağılasığmaz və həqiqətdən uzaq görünə bilər. Məsələn, Meksika ilə ABŞ arasında qarşıdurmanın 21-ci əsrin kulminasiyası olacağını bu gün təsəvvür etmək çətindir. Güclü Türkiyə və Polşanı da. O zaman məqalənin əvvəlini yada salın - mən orada, dünyanın 20-ci əsrdə, 20 illik dövrlərlə, necə dəyişdiyini yazmışam. O zaman nəyə işarə etdiyimi anlayacaqsınız - bu məsələdə sağlam düşüncəyə söykənmək səhvə bərabər olardı...

Çevirdi: Mirzə AĞ

AzPollitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar