İki xəbərin doğurduğu bir sual...

Cavabını özüm axtarsam, 21 il gərək olacaq!

Mirzə AĞ

Hər gün eşitdiyim iki xəbər yalnız bu gün - həm də beyqafıl - məni sanki «silkələyib oyatdı». Qınamayın, lap körpə vaxtımdan «əqli geriqalma»dan (yəni ki, ağıldankəmlikdən) əziyyət çəkirəm - hər mətləbin «səsi» mənə çox gec çatır. Çatanda da artıq gec olur - qalıram başıma döyə-döyə. Barəsində danışacağım «iki xəbər» də elənçinə - hər gün eşitsəm də, mənasına varmağa ağıl ehtiyatım (resursum) yetərli olmurdu...

Birinci xəbər müharibə mövzusundadır. Hər gün eşidirəm ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və sərhəd boyunca «mini müharibə» olub - özü də gecələr. Deyirlər ki, erməni ordusu bizim mövqelərmizi, hərdən də sərhədyanı yaşayış məntəqələrimizi atəşə tutub, ölənlər, yaralananlar və dağıntılar barədə söhbət açılır...

Bizimkilər də erməniləri susdurmaq üçün cavab atəşi açırlar. «Cavab atəşi ilə düşmən susdurulur» və s. Hərdən istəyirdim fikirləşəm, amma ağlımın yetərli olmaması səbəbindən dolayı, fikirləşə bilmirdim ki, ermənilər tərəfə neçə atəş açmışıq, məhz hansı silahlardan atəş açmışıq? Amma əsas məsələ bu deyil...

Bütün bunların fonunda məhz bu gün anladım ki, bizim hərbçilərimiz məhz DÜŞMƏN tərəfə atəş açaraq, DÜŞMƏNi susmağa məcbur ediblər. Bir qədər də konkret olsam, anladığımın mahiyyəti budur ki, bu «mini müharibə»də erməni DÜŞMƏN tərəfdir. Düşmən kəlməsinin izahını isə özünüz axtarıb tapın, mən axtarası olsam, uzun vaxt lazım gələcək...

İkinci xəbər isə idmana aiddir. Hər gün eşidirəm ki, erməni idmaçıları Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etmək üçün Bakıya təşrif buyuracaqlar. Yəni ki, DÜŞMƏN dediyimiz həmin erməni gəlib Bakıda «mübarək qılçı»nı qaldırıb, idman yapacaq.

Ağıldankəm olsam da, olmayan ağlımla anlayıram ki, gəlməsələr yaxşı olmaz. Ən azı, ermənilərin «mama-papası» Fransiski bizdən inciyər, deyər ki, bu əzabkeş xalqı niyə çıxdaş edirsiniz? Niyə qoymursunuz əl-qolunu atıb, «isbort» («abort» yox ha!) eləsin? Nə üçün dini-irqi ayrıseıkilik edirsiniz? Biz də utandığımızdan, lap əriyib, yerlə bir olarıq! Xəcalət təri tökərik! Az qalarıq ki, cəbhə bölgəsində ona güllə atdığımız üçün, Fransiskidən də, «əzabkeş» erməni xalqından da dönə-dönə üzr istəyək. Və sairə, və ilaxır...

İndi qalmışam məəttəl. Anlaya bilmirəm ki, bu erməni düşməndir, yoxsa xoş məramlı «isbort» adamı. Elə hey, fikirləşirəm - bu erməni düşməndir, yoxsa dost «isbort»çu? Düşməndirsə, daha onun Bakıda nə işi var? Düşmən deyilsə, daha cəbhə bolgəsində nə üçün ona güllə atıb, «susmağa məcbur» edirik?

Ey mənim dərin ağıllı və mehribanlığı idiotizm həddinə yüksəlmiş həmvətənlərim! Sizdən acizanə halda xahiş edirəm, mənim əvəzimdən (nəzərə alın ki, mənim ağıldan geriliyim var!) bu suala cavab axtarın: Ermənini hansı məqsədlə Bakıya dəvət edirik və ya Bakıya buraxmağa razılıq veririk?! Mənə qalsa, suala cavab tapmaq üçün uzun zaman kəsiyi lazım gələcək. Çünki hər mətləbin mənası-mahiyyəti mənə gec çatır. Bunu bircə misalla nəzərinizə çatdıracam.

İş elə gətirib ki, mən tam 21 il 10 ay 8 gündür ki, məcburi köçkünəm. Bunu təsdiq eliyən «daqametim» də var - göyçək bir «köçkün qınışqası»! Hər il də gedirəm «qaçqınkomun rayonkomuna», alnımın ortasından bir möhür vurub, bu «həşəmətli» statusumun vaxtını uzadırlar. Tam 21 il 10 ay, 8 gün! Amma bunun manası mənə məhz bu sətirləri yazarkən aydın olldu...

Odur ki, deyirəm, yuxarıdakı suala cavabı özüm axtarsam, onda gərək yenidən 21 il 10 ay 8 gün sərasər fikirləşib baş sındıram. Hərçənd, bunun da xeyiri olmaya bilər. Nədən ki, həm ömrüm çatmaz, həm də başım boşdur axı!

Əziz həmvətənlərim! Lütf edin, bu başıboş «köçkün»ə yardımçı olun, onu düşündürən suala cavab axtarın. Tapsanız, mənə «Kapital Bank»dan verilmiş «0000000000000000...000000...» nomrəli «plastik çörəkpulu kartı»nın «1111111111111111111» nomrəli hesabına boş bir SMS göndərin...

Əvvəlcədən, sizləri bağrıma basıb, duz kimi yalayıram!

Di, gözləyirəm...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar