XƏYANƏT VƏ SABOTAJ, YOXSA TAMAH VƏ FIRILDAQ? - Cahangir Haciyevin və oliqarxların DOSYESİ

Cahangir Hacıyevin və bəzi vəzifəli şəxslərin, iş adamlarının uzunmüddətli həbsi gözlənilir

Artıq bir neçə gündür ki, ölkə gündəmi, sözün həqiqi mənasında, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) həyata keçirdiyi kütləvi həbslərlə silkələnir. Rəsmi açıqlama verilməsə də, həbslərin Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan cinayət işi ilə əlaqədar olduğu məlumdur. İstintaqa cəlb olunanların bəzilərilə bağlı məhkəmələrdə dələduzluq və ictimai əmlakın mənimsənilməsi maddələrilə həbs qətimkan tədbirinin seçilməsi də bunu təsdiqləyir.

Həbs olunanlar, istintaqa cəlb edilənlər isə sıradan adamlar deyil. Bəziləri 100 milyonlara, hətta milyardlarla dollar kapitalı, sərvəti olan və yaxud olduğu haqda iddialarla çıxış edən tanınmış iş adamlarıdır. Hansı ki, onların arasında nazirlərin qardaşları və qohumları, sabiq və indiki deputatlar, icra başçıları, oliqarx məmurların ən yaxın adamları, Cahangir Hacıyevin dostları var. Bunlardan bəzilərinin həbsi və istintaq altında olması haqda məlumat verilsə də, əksəriyyətin kimliyi açıqlanmır.

Maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki...

Bununla belə hüquq-mühafizə orqanlarından mətbuata sızan məlumatlardan bəlli olur ki, bu işlə əlaqədar son günlər “Bandotdel”ə çağırılıb dindirilən iş adamları və onların yaxınlarının sayı 100-lərlədir. Məlumata görə, maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki, müstəntiqlər işi aparmağa vaxt çatdıra bilmirlər. Hər gün isə yeni faktlar ortaya çıxır və dairə genişlənir…

Son məlumatlara görə, bu işlə bağlı 4-5 min arası şəxs dindirilib, 100-ə yaxın adam haqda həbs qətimkan tədbiri seçilib.

Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində) ödəmək öhdəliyi götürənlərin sərbəst buraxıldığı bildirilir. Məsələn, 2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskini “Bandotdel” əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyib və buraxılıb. Dunən daha 14 nəfərini borcunu ödədiyi üçün buraxıldığı xəbəri yayılıb.

Həbs olunanlar əsasən Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək, fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Hansı ki, onların kredit adı ilə dövlət bankından alıb mənimsədikləri vəsaitin həcmi milyonlar, hətta 10 və 100 milyonlarla ölçülür. Məsələn, artıq həbs olunan neft maqnatı, oliqarx Nizami Piriyev Beynəlxalq Bankdan 300 milyon dollar kredit götürüb qaytarmayıb.

Özünü mətbuatda dünyaca məşhur iş adamı kimi təbliğ etdirən, ancaq verdiyi vədlərin 1 faizinə belə əməl etməyən Hacı İbrahim Nehrəmlinin isə “Xəzər adaları” kimi mifik bir layıhə üçün Beynəlxalq Bankdan 850 milyon kredit aldığı iddia edilir. Düzdür, özü Beynəlxalq Banka 70 milyon borcu olduğunu deyir. Ancaq ola bilsin ki, bu zaman aldığı kreditə görə faizlərlə birgə Beynəlxalq Banka qrafik üzrə ödəməli olduğu, ancaq ödəmədiyi məbləğı nəzərdə tutur. Yəni, borcun ümumi həcmi dəfələrlə böyükdür. Təsadüfi deyil ki, oliqarxların işi üzrə vəkillərdən biri virtualaz.org saytına bildirib ki, Beynəlxalq Banka ən çox borcu olan şəxs Hacı İbrahimdir: “Mənim müdafiə etdiyim şəxsin borcu Hacı İbrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı İbrahimi necə azad edə bilərlər?”

Nəzərə alsaq ki, Nizami Piriyevin Beynəlxalq Banka 300 milyon dollar borcu var, onda ən çox borcu olan şəxs kimi Hacı İbrahimin götürdüyü kreditin həcminin daha böyük olduğu ortatya çıxar. Hacı İbrahimin niyə bu qədər borclandığı ilə bağlı əlavə yazımız olacaq. Sadəcə xatırladaq ki, əksər tanınmış mətbuat orqanları Hacı İbrahimin mifik layıhəsini göylərə qaldıran zaman, yalnız “AzPolitika.info” bunun növbəti bir FIRILDAQ olduğunu yazırdı... (bax:

Qeyd edək ki, bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başladığından, hər hansı sui-istifadə və ya kiməsə güzəşt olunması istisna edilir. Çünki prosesə Prezidentin tapşırığı ilə şəxsən daxili işlər naziri Ramil Usubov nəzarət edir. Odur ki, həbslərin dairəsinin genişlənəcəyi, Beynəlxalq Bankdan götürdükləri iri həcmdə kreditləri qaytarmayanların bütün mal varlıqlarına əl qoyulacağı, istənilən vasitə ilə onlara dövlətə olan borclarının ödətdiriləcəyi şübhə doğurmur.

Ancaq bu prosesin sadəcə kimlərinsə aldığı kredit borcunu qaytarması üçün başladıldığı və yalnız borcunu ödəməyənlərin həbsi ilə yekunlaşacağını düşünmək doğru olmazdı. Xəsisliklə verilən məlumatların, hökumətə yaxın çevrələrin açıqlamalarının təhlili, həmçinin özəl mənbələrdən əldə etiyimiz informasiyalar göstərir ki, bu məsələnin ortaya çıxmasının daha dərin səbəbləri var. Və böyük ehtimalla, yaxın dövrlərdə - ola bisin ki Avropa Oyunlarından sonra - daha səs-küylü həbslərin şahidi olacağıq. Hər halda hər şey istintaqın qənaətindən asılı olacaq...

Dediklərimizi açıqlamaq üçün bəzi məsələlərə diqqət yetirməyi vacib bilirik.

İlk növbədə bu işin prokurorluğa deyil, nazir Ramil Usubovun nəzarəti altında “Bandotdel”ə tapşırılmasından başlayaq.

Bu addım yəqin ki, prosesin daha cevik, qısa müddətdə və səs-küysüz aparılması üçün atılıb. Belə ki, prokurorluqda cinayət işi açılması, kredit alanların əvvəlcə istitaqa cəlb edilməsi, sonra işin məhkəməyə göndərilməsi həm uzun vaxt tələb edir, həm də əlavə səs-küy yarada bilər. Ancaq “Bandotdel”ə aparılanların özü və yaxud “krışası” borcu ödəməyə razılaşdığı halda cinayət işi açılmadan buraxılır. Borcu ödəmək istəməyənlərin həbs olunaraq “Bandotdel"in zirzəmisinə salınması isə, onların ailələrində və başqa borclularda istər- stəməz qorxu yaradır, borclarını ödəmək yollarını axtarırlar. Piriyevin oğlunun Londonda borc axtarması kimi...

Həm də bu zaman işin bəzi tərəfləri gizli saxlanılır, Beynəlxalq Bankdan milyonlar, 10 milyonlarla kredit alanların arxasında dayanan yüksək vəzifəli şəxslərin adları ictimaiyyətə açıqlanmır. Hər halda Azərbaycanda iri iş adamı kimi tanınanlar və bankdan milyonlarla kredit çıxaranlar ya oliqarx nazirlərin yaxın qohumları, ya da onların himayəsində olan şəxslər olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur.

Beynəlxalq Banka borcluların sayı və borcun miqdarı astronomik həddədir

beynelxalq_bank_327904505İndi işə keçək bu məsələ ilə bağlı cinayət işinin açılmasının və belə geniş miqyaslı həbslərin aparılmasının səbəblərinə. Əlbəttə, rəsmi açıqlama olmadığından konret bir fikir söyləmək çətindir. Ancaq ortada olan məlumatlara, açıqlamalara istinadən bəzi mülahizələr irəli sürmək olar.

BİRİNCİ səbəb kimi fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətində acınacaqlı vəziyyətin yaranması göstərilir. Banklar maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da, Milli Bankın ekspertləri bu təsirin cüzi ola biləcəyini əsaslandırıblar. Uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən banklarda, o cümlədən Beynəlxalq Bankda yaranmış ağır vəziyyətin başqa səbəblərinin olduğu bildirilib. Araşdırmalar başlanılıb və bu zaman məlum olub ki, banka borcluların sayı və borcun miqdarı astronomik həddədir. Üstəlik bəzi oliqarxların aldığı kreditlərin ödənmə vaxtı xeyli keçsə də, bu adamlar pulları ola-ola borclarını qaytarmırlar.

İlkin məlumatlarda Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcminin 6 milyard manata yaxın olduğu bildirilsə də, bunun izahı verilməyib. Məsələ ondadır ki, Beynəlxalq Bankın ötən ilə dair hesabatına görə, vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 100 milyon manat olub. Onun 749.2 milyon manatı vaxtı keçmiş, lakin dəyərsizləşməmiş, 377.7 milyon manatı isə dəyərsizləşmiş kreditlər sayılır.

Sual oluna bilər ki, onda 6 milyard nədir?

Böyük ehtimalla, bu zaman Beynəlxalq Bankdan alınan, hələ vaxtı keçməyən, ancaq şübhəli layihələrə yatırıldığı üçün qaytarılması perspektivi görünməyən vəsait nəzərdə tutulur.

Belə ki, 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın ümumi kredit portfeli 8 milyard manatdan çox təşkil edir. Onun 7 milyarddan çoxu korporativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da ümumi portfelin 90 faizindən çoxdur. Yəni bu pullar iri iş adamlarına, dövlət qurumlarına, oliqarxlara verilib. Onlar isə bu pulları adətən sonradan ləğv etdikləri şikətləri vasitəsilə şübhəli layihələrə yatırıb ortadan çıxarırlar. Sonradan bank pulunu istəyəndə də, nə ortada bir şirkət tapılr, nə də müsadirə etməyə əmlak.

Təsdüfi deyil ki, Beynəlxalq Bankın ötənilki hesabatına örə, qaytarılma vaxtı keçmiş 1,1 milyard kreditin demək olar ki, hamısı iş adamlarına məxsusdur. Belə ki, dəyərsizləşmiş kreditlərin 356 milyon manatını (bu istiqamətdə olan borcun təqribən 99 faizini), dəyərsizləşməmiş kreditlərin isə 660 milyon manatını korporativ (yəni biznes) kreditləri təşkil edirdi. Buradan aydın olur ki, Beynəlxalq Bankdan kredit götürən iş adamlarının heç biri borcunu geri ödəməyib və belə fikri də olmayıb.

Cahangir Hacıyev və oliqarx məmurlar 100 milyonlarla dövlət vəsaitini necə talayıblar?

Bu cür hallarla bağlı məlumatlar zaman-zaman mətbuatda da işıqlandırılıb. Məsələn, hələ 4 il əvvəl mətbuatda Xəqani Bəşirov adlı iş adamının Beynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsilə 185 milyon manat kredit götürdüyü və qaytarmadığına dair araşdırma dərc olunmuşdu. Hansı ki, Xəqani Bəşirovun Cahangir Hacıyevlə yaxın dost olduqları məlumdur.

Başqa bir fakt: hələ bir neçə il əvvəl «K 800» traktoru sürmüş Füzuli Dünyamalıyev adlı şəxsin adına təsis edilən “Qafqaz Holdinq”in Beynəlxalq Bankdan zəmanətsiz 10 milyonlarla dollar kredit götürdüyü, sonradan isə holdinqin “iflas etdiyi”, milyonların ortadan çıxarıldığı məlum olmuşdu. Onun baş nazir Artur Rəsizadənin himayəsi altında olduğu da bilinmişdi.

Və yaxud iki il öncə «Anonious» haker qrupu «Azərenerji» ASC ilə bağlı sənədləri açıqlayarkən maraqlı faktlar ortaya çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankdan «Azərenerji» 140 milyon manat, «Şəki RET» MMC isə ə 36.02 milyon manat kredit götürüb qaytarmayıb. İş məhkəmə getsə də, nəticə olmayıb.

“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmədovun Beynəlxalq Bankdan götürdüyü 100 milyon manatdan artıq krediti qaytarmadığı üçün məhkəməyə verilməsi haqda məlumatı isə ötən il “Azpolitika.info” yaymışdı.

Belə faktların sayını artırmaq da olar. Hansı ki, bunun nəticəsində Beynəlxalq Bankıhəm vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan, həm də maliyyə çətinliyi ilə qarşılaşan banka çevrilib...

Hacıyev və bəzi iri oliqarxlar “maliyyə xəyanətinə” yol verib

Göründüyü kimi, Beynəlxalq Bankda belə bir vəziyyətin yaranmasında Cahangir Hacıyevlə yanaşı, müxtəlif sahələrin rəhbərlərinin, ayrı-ayrı oliqarxların da ciddi rolu olub. Sözsüz ki, C.Hacıyev Hacı İbrahim kimi iş adamlarına 10 və ya 100 mlyonlarla krediti onları himayə edən, arxasında dayanan yüksək vəzifəlilərin xahişi, zəmanət ilə verib. Bəzi yerli və xarici iş adamlarına, oliqarxların sonradan ləğv olunan şirkətlərinə külli miqdarda pul verilməsinə də C. Hacıyevin təkbaşına qərar vermədiyi şübhə doğurmur. İşin “Bandotdel”də məxfi aparilmasının bir səbəbi də yəqin ki, budur.

Müəyyənləşdirilir ki, dövlət bankından alınıb qaytarılmayan kreditlər təyinatı üzrə xərclənib, yoxsa başqa məqsədlərə. Bəzi məlumatlara görə, C.Hacıyevin həm özünün, həm də bəzi iri oliqarxların “MALİYYƏ XƏYANƏTİNƏ” yol verdiyinə dair şübhələr olduğundan, bu cür araşdırmaya ehtiyac duyulub.

Elə buna görə də, C.Hacıyev istefaya göndərildikdən sonra onun himayəsində olan şirkətlərin fəaliyyətinin yoxlanmasına təxminən bir aya yaxın vaxt sərf olunub. Eyni zamanda C.Hacıyevə yaxın «məmur-biznesmenlərin» fəaliyyəti yoxlanılıb, onlara məxsus daşınmaz əmlak sənədlərinə baxış keçirilib. Və bəzi faktlar əldə olunub. Belə ki, Cahangir Hacıyevin ölkə rəhbərliyinin etibarından sui istifadə edərək dövlətin pullarını özünə yaxn müxtəlif adamlara verdiyi, onların isə özünə böyük biznes qurduqları halda bu vəsaitləri geri qaytarmadığı ortaya çıxıb. Keçmiş deputat Dünyamin Xəlilov, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı, dostu Xəqani Bəşirov və digərləri buna misaldır.

Bankdan pul götürən şirkətlərin hamısının fəaliyyəti yoxlanılır

Paralel olaraq Beynəlxalq Bankdan pul götürən və bank vasitəsilə çoxmilyonluq dövriyyələri olan şirkətlərin hamısının fəaliyyəti təftiş edilib. Bu zaman da Beynəlxalq Bankdan götürdüklər kredit hesabına bir sıra vəzifəli məmurların özlərinə ölkə daxilində və xaricdə gizli biznes qurduqları məlum olub. Onlara bağlı şirkətlərin, iş adamlarını ortaya çıxarıldığı bildirilir. “Yeni Müsavat”in məlumatina görə, bəzi adamlara külli miqdarda pul verilməsini məhz həmin oliqarxlar Beynəlxalq Bank rəhbərindən xahiş edib. Məlumata görə, Cahangir Hacıyev kimə nə qədər kredit verilməsi ilə bağlı ona yüksək vəzifəlilərin etdiyi xahişləri (zamini) də fiksə edib və bu barədə məlumatları istintaqa təqdim edb.

Eyni zamanda özünü hakimiyətə yaxın göstərib, dövlətin pulunu kredit şəklində götürüb iş yeri, fabrik, istehsal müəssisəsi yaratmağı vəd edən bəzi iş adamlarının bu vəsaiti bir sıra qonşu ölkələrdə, eləcə də Avropada özlərinə biznes yaratmağa, lüks villalar almağa xərclədiyinin məlum olduğu bildirilir. Nizami Piriyevin, Hacı İbrahimin belələrindən olduğu deyilir. Onların cəzalandırılacağı bildirilir.

Yəni istintaqın sonunda Cahangir Hacıyevin və “MALİYYƏ XƏYANƏTİNƏ” yol vermiş bəzi vəzifəli şəxslərin, iş adamlarının uzunmüddətli həbsi istisna deyil. Hazrda bu adamarın dosyesi hazırlanır.

Dövlət bankını soyub sovuranlar niyə indi istintaqa cəlb olunurlar?

Təbii sual ortaya çıxır ki, bu adamlar neçə illərdir bu işlərlə məşğuldurlar, dövlətin bankını soyub sovurublar, indi niyə istintaqa cəlb olunurlar?

Bunun da dəqiq səbəbini, əlbəttə, söyləmək çətindir. Ancaq böyük ehtimalla, neftin qiymətinin düşməsi ilə bağlı ölkədə yaranan maliyyə problemi hökuməti hər qəpiyin dalınca düşməyə vadar edib. Və bu zaman baxıb görüblər ki, dövlətin milyardlarını Beynəlxalq Bankdan götürüb xərcləyənlər özlərinə geniş biznes qurduqları halda, aldıqları kreditləri qaytarmağı belə düşünmürlər.

Amma bunu da təsdüfən görməyiblər. Daha dəqiqi, bunu "görmələri" maliyyə böhranı və fevraldakı devalvasiya prosesi ilə bağlı olub. Elə indiki həbslərin İKİNCİ səbəbi də fevraldakı devalvasiyaya bağlanılır. Bununla bağlı da 2 versiya var.

Birinci versiya odur ki, Maliyyə Nazirliyi devalvasiyadan qaçmaq üçün Beynəlxalq Bankı əlavə pul kütləsi verməsi üçün “sıxıb”, ancaq bu zaman, bankın xəzinəsinin boş olduğu ortaya çıxıb. Bununla bağlı prezidentə məruzə olunub. Nəticədə hökumət yumşaq devalvasiya qərarından imtina edərək, bir gündə manatı təxminən 34 faiz ucuzlaşdırmağa məcbur olub. Prezident də məsələni araşdırmağı tapşırıb. Maliyyə Nazirliyi ilkin araşdırmalardan sonra ortaya çıxan ağır vəziyyət barədə ölkə rəhbərliyini məlumatlandırıb. Və nəticədə C. Hacıyev istefaya göndərilib, bankdakı vəziyyətin hüquqi baxımdan araşdırılmasına başlanıb. Nəticəsi də ortadadır və proses davam edir.

Hacıyev bəzi iş adamları ilə əlbir olaraq «devalvasiya möhtəkirliyinə» yol verib

İkinci və daha inandırıcı versiya odur ki, Cahangir Hacıyev bəzi iş adamları ilə əlbir olaraq, necə deyərlər «devalvasiya möhtəkirliyinə» yol verib. Belə ki, hökumətin devalvasiya qərarından öncədən xəbərdar olan C. Hacıyevin iri kapital sahiblərilə əlqaqəyə girərək, onların 100 milyonlarla, ümumilikdə bir necə milyard manat vəsaitini dövlətin sərəncamında olan dollarlarla dəyişdiyi bildirilir. Hətta bəzi iddialara görə, devalvasiyadan öncə C. Hacıyev özünə yaxın bəzi iş adamlarına manatla külli miqdarda kredit buraxıb, sonra onu dollara çevirib. Bu «devalvasiya möhtəkirliyindən» C.Hacıyev və ona yaxın iş adamları yüz milyonlarla dollar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib.

Millət vəkili Zahid Oruc “Azadlıq” radiosuna açıqlamasında bunu bir növ təsdiqləyib. Sitat: “Manatın 33,5 faiz devalvasiyası dövründən faydalanan, dövlət vəsaitlərini əlində ümumi bir kredit resursu kimi saxlamaqla varlanmaq istəyənlər qanun qarşısında cavab verməlidirlər. Məsələ bu qədər sadədir. Elə bilin ki, dövlətin vəsaiti hansısa bankların ətrafındakı müxtəlif insanlara yönləndirilib. Onlar da bu vəsaitlərlə necə deyərlər, pulla pul qazanıblar. Belə maliyyə maxinasiyalarından hansısa tikinti layihələri, və ya bina alınıb, satılması, yaxud başqa binzeslərdən daha çox gəlir götürüblər”.

Hökumətin qərarı sobataj edilib?

Hətta Mərkəzi Bankın mərhələli devalvasiya qərarının dəyişməsinin səbəbi də C.Hacıyevin bəzi oliqarxlarla əlbir olub bir neçə milyardlıq dollar alveri həyata keçirməsi ilə bağlanır. Belə ki, bir neçə gün ərzində milyardlarla dolların dövriyyədən çıxarılması dövlətin sərəncamında olan valyuta ehtiyatını xeyli azaldıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub.

Məsələ ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidenti məlumatlandırdıqdan sonra, C.Hacıyev vəzifədən uzaqlaşdırılıb. Prezident öz çıxışında konkret ad çəkməsə də, bu məsələyə toxunub. Sitat: “Bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi”.

Göründüyü kimi, prezident bəzi adamları faktiki olaraq hökumətin qərarını SABOTAJ etməkdə ittiham edib. Təbii ki, bunun məsuliyyətini daşıyanlar olacaqdı və hazırda bu prosesin getdiyini söyləyə bilərik.

Yəni hazıda “Bandotdel”də kütləvi həbslərlə müşayiət olunan cinayət işinin bir neçə istiqamətdə - “maliyyə xəyanəti”, iqtisadi sabotaj, talançılıq, fırıldaqçılıq və dələduzluq istiqamətlərində aparıldığını söyləyə bilərik.

Ancaq ortada iqtisadi sabotaj varsa, bunun arxasında ölkədə xaos yaratmaq istəyən xarici dairələrin dayanıb- dayanmadığı ehtimalının araşdırılacağı da mübahisə doğurmur. Elə belə səs-küylü və kütəvi həbslərin bir ay sonra keçiriləcək Avropa Oyunlarının başa çatmadan aparılmasının səbəbini də hökumətdə bununla bağlı şübhələrin olmasıyla bağlamaq olar. İstənilən halda, bu xəmirin hələ cox su aparacağı gözləniləndir.

İsmayıl İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar