Nazirin qardaşı məhkəmə qarşısına cıxarılır

“Dəmirbank"  Yavər Camalovun qardaşı haqda açıqlama verdi

“Dəmirbank”la müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı arasında çoxmilyonluq kredit davasının olması haqda məlumat vermişdik. Bu mübahisənin yaranmasının səbəbi kimi nazirin qardaşı Əlikram Camalov bankdan götürdüyü 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödəməməsi göstərilirdi. Nazir qardaşının nümayəndəsi isə israr edirdi ki, Ə.Camalov vicdanlı müştəri kimi bankdan götürdüyü kreditin fazilərini vaxtı-vaxtında ödəyib. Tərəflərdən hansının doğru, hansının isə yalan məlumat verməsini aydınlaşdırmaq üçün “Yeni Müsavat” “Dəmirbank”a sorğu ilə müraciət etmişdi. Sentyabrın 3-də banka ünvanladığımız sorğuya dünən cavab verilib. Bankın baş direktoru Oktay Əliyevin imzaladığı cavabda Mülki Məcəllə və “Banklar haqda” qanunun 41-ci maddəsinə istinad olunmaqla bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, müştəri haqda məlumatların bank sirri olması əsas gətiriliməklə sorğuya cavab verilmir. Eyni zamanda  məktubda bankın hər hansı bir müştərisi haqda məlumatların yayılmasına yol vermədiyi də vurğulanır. Bankdan sorğumuza aldığımız cavabda göründüyü kimi həqiqət üzə çıxmır. Yəni bəlli olmur ki, haqlı tərəf Əlikram Camalovdur və ya bankdır.

“Yeni Müsavat” Nərimanov Rayon Məhkəməsindəki  mənbədən öyrənmişdi ki, “Dəmirbank” iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bank Yavər Camalovun qardaşı, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibi Əlikram Camalovdan bankdan götürdüyü 3 milyon 950 min manat və həmin məbləğə hesablanmış 386 min manat faiz borcunun ödənilməsini; kreditin geri qaytarılmayacağı təqdirdə borcun girov qoyulan əmlaka yönəldilməsini tələb edir.

“Borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” adlanan iddia sənədinin niyə görə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini də aydınlaşdırdıq. Öyrəndik ki, “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının baş ofisi Nərimanov rayonu ərazisində yerləşir və qeydiyyat ünvanı da bu rayonun ərazisindədir. Salyan rayonunda isə “Hacı Camalxan” KTF-nin fermer təsərrüfatı var. Yəni iddia ərazəsi fermer təsərrüfatının yerləşdiyi rayona göndərilə bilməzdi.

“Hacı Camalxan” KFT-dan “Yeni Müsavat”a daxil olan məktubda isə təsərrüfatın bankdan götürdüyü 3 milyon 950 min manat kreditin tam olaraq təyinatı üzrə xərcləndiyi qeyd olunurdu.

“Kreditin təyinatı üzrə istifadə edilməsinin monitorinqi bank tərəfindən bir neçə dəfə keçirilmiş, nəticədə kreditin bütünliklə öz təyinatı üzrə sərf edildiyi təsdiqlənmişdir. Təsərrüfatın götürdüyü kreditin əsas məbləğindən ödəniş edilməsi müqaviləyə əsasən 2013- cü ilin oktyabr ayından razılaşdırıldığından, həmin dövrə kimi olan müddətdə yalnız kreditə görə hesablanmış kredit faizlərinin ödənişinin yerinə yetirilməsi rəsmiləşdirilmişdir. Bu səbəbdan də bank tərəfindən 2010, 2011, 2012-ci il üzrə kreditə görə ödənilməli olan kredit faizi hesablanaraq təsərrüfata təqdim edilmiş, həmin kredit faizləri isə bütünlüklə banka ödənilmiş, 2013-cü il üçün isə hesablanmış kredit faizinin bir qismi ödənilmiş, qalan bir qismi isə oktyabr-noyabr 2013-cü il tarixə kimi ödənişi təmin ediləcəkdir. Bankla təsərrüfat arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kredit faizi ödənişinin gecikdirilməsi təqdirdə əlavə faiz məbləği hesablanaraq təsərrüfat tərəfindən ödənilməsi razılaşdırıldığından, faiz borcunun gecikdirilməsi təqdirdə, əksinə bank əlavə qazanc əldə edir”- deyə məktubda vurğulanırdı.

Sentyabrın 11-də yenidən Nərimanov Rayon Məhkəməsi ilə əlaqə saxladıq. Öyrəndik ki, bankın nazir qardaşına qarşı iddiasına sentyabrın 24-də baxılacaq. İddia üzrə 14:30-a təyin olunmuş iddia ərizəsinə hakim Məzahir Sadıqov sədrlik edəcək.

Qeyd edək ki, avqustun 26-da “Dəmirbank”ın nümayəndəsi İlhamə Həsənova mətbuata bildirmişdi ki, Ə.Camalovun təsisçisi olduğu “Hacı Camalxan” KFT-in direktoru olaraq “DəmirBank”dan 3 milyon 950 min manat kredit götürüb və 1 qəpik də olsa banka faiz ödəməyib. Bank rəsmisi deyib ki, Əlikram Camalov qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürüb və hazırda faizi ilə birlikdə “DəmirBank”a 4 milyon 336 min manat borcu yaranıb: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar