HƏRBİ BÜDCƏSİ RUSİYANI UÇURUMA APARIR - "Putin də “Armata” tankı kimi qəfil "sönə bilər""

“Rusiyanın özünü doğrultmayan hərbi büdcəsi”

Rusiya 9 mayda Sovet dövründən sonra özünün ən böyük hərbi paradını keçirdi. Həmin dövrün ənənələrinə uyğun olaraq, Qızıl Meydanı “T-14 Armata” tankı da daxil olmaqla, xeyli sayda müasir hərbi texnika doldurmuşdu. Haqqında söhbət açdığımız “T-14 Armata” tankı Qızıl Meydandakı repetisiyası zamanı qəfildən xarab olub dayananda, əhali içərisində dərhal belə bir zarafat yayılmağa başladı: "”Armata"nın qeyri adi dağıdıcı gücü var. Bir batalyon belə tank, bütün Rusiya büdcəsini məhv edə bilər”(Project Syndicate).

Şişirdilməsinə baxmayaraq, bu zarafat Sovet dövründən qalma kabusun yenidən canlanmasını, yəni orduya çəkilən xərclərin hədsiz dərəcədə böyüdülməsinin əlamətlərini bariz formada özündə əks etdirir. Hazırda Kremlin hərbi sahəyə yönəltdiyi xərclərİn böyüdlməsi, aşağı neft qiymətləri və Qərbin iqtisadi sanksiyalarından güclü zərbə almış Rusiya büdcəsinin sabitliyinə ciddi təhlükə yaradacaq səviyyədədir. Digər tərəfdən də, bu cür büdcə özbaşınalığına nə zaman son qoyulacağının konturları isə görünmür. Son aylar ərzindəki hərbi xərclər hakimiyyətin ambisiyalı planlarını da aşıb keçərək, yüksəlməyə doğru gedir.

Rusiyanın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi keçən ilin yay ayında tərtib edilib. Həmin zaman neftin bir barelinin qiyməti 100 dollar, illik Ümumi Daxili Məhsulun (ÜDM) artımı 2%, inflyasiya isə 5% səviyyəsində hesablanmışdı. Məlum olduğu kimi, o vaxtdan indiyə kimi neftin qiyməti aşağıya yuvarlandı, iqtisadiyyat daraldı və inflyasiya isə xeyli yüksəldi. Qəribəsi ondadır ki, Rusiya hökuməti bu reallıqlara çox gec uyğunlaşdı. Prezident Vladimir Putin yenidən baxılmış büdcəni yalnız aprel ayında imzaladı. Rusiya üçün yaxşı xəbər ondan ibarətdir ki, yeni büdcə əvvəlkinə nisbətən bir qədər realdır. Nominal ifadə ilə xərclər 2% azaldılıb.

Neftin qiymətinin aşağı səviyyədə olması və iqtisadi geriləmə büdcə gəlirlərini kəskin azaldır. Nəticədə isə ÜDM-ə nisbətdəki büdcə kəsiri 0,5 %-dən 3,7 %-ə kimi yüksəlib. Bu olduqca ciddi problemdir. Çünki Rusiyanın suveren borcunun (ÜDM-in 13%-i) az olmasına baxmayaraq, sanksiyalar ucbatından onların dünya maliyyə mərkəzlərindən pul götürmək imkanları da bitib.

Belə olan halda, büdcə kəsirini bağlayaraq, onu yenidən maliyyələşdirərək, formalaşdırmaq üçün Rusiya hökumətinin yalnız bir variantı qalır. Bu variant, xarici şok təsirlərini yumşaltmaqdan ötrü Ehtiyat Fondunun pullarından istifadə etmək yoludur. Lakin bu üsul da vəziyyətdən tam çıxış yolu sayıla bilməz. Bu variant problemi yalnız müvəqqəti yumşaldar. Beləki, həmin fondda toplanmış pulun miqdarı, Rusiya ÜDM-nın 6%-nə bərabərdir və elə ona görə də ruslar büdcə kəsirini 3,7%-səviyyəsində iki ildən artıq müddətə saxlaya bilməzlər. Əgər hər şey indiki mövcud vəziyyətdəki kimi davam edərsə, onda Rusiya Qərb sanksiyalarının ləğv edilməsi naminə ya Ukraynadan çəkilməli, ya da ki, siyasi cəhətdən Putin üçün təhlükəli addım olan böyük büdcə dəyişikliklərinə gedilməlidir.

Hətta belə ssenarinin özü də xeyli dərəcədə nikbin görünür. Büdcənin icrası haqqında dərc olunan məlumata əsasən, 2015-ci ilin ilk üç ayı ərzində qeyri müdafiə xərcləri rüblük ÜDM-ın 16,5%-nı, hərbi xərclər isə 9%-nı ötüb və bu büdcədə nəzərdə tutulandan iki dəfə artıqdır. Başqa sözlə, Rusiya 2015-ci il üçün nəzərdə tutulan büdcənin yarısını xərcləyib. Əgər belə templə gedilərsə, onda Ehtiyyat Fondu ilin axırına kimi əriyəcək. Ehtiyat Fondunda yığılmış pulların bu tərz xərclənməsi vaxtilə geniş debatlara yol açmışdı. 2011-ci ildə başlayan debatlar zamanı prezident postunda əyləşən Dmitri Medvedyev on il ərzində hərbi sahəyə 600 milyard dollar, yəni ÜDM-in 3%-dən çox pul xərcləməyi təklif etmişdi. Büdcənin profisitinə nail olan, Ehtiyat Fonduna pul toplanmasına yardım göstərən və həmçinin də dövlət borcunu əhəmiyyətli dərəcədə aşağı salan maliyyə naziri Aleksandr Kudrin həmin debatlar zamanı bəyan etmişdi ki, Rusiya hərbi xərclərin bu şəkildə artırılmasını özünə rəva görə biləcək imkanlara malik deyil.

Elə bu fikirlərinə görə də Kudrin işdən çıxarıldı. Lakin Kudrinin işdən xaric edilməsi faktları dəyişmədi. Kremlin müdafiə xərclərinin artırması planları, nəinki Rusiya, hətta dünya standartları üçün də xeyli ambisiyalıdır. Avropa ölkələrinin əksəriyyətinin hərbi xərcləri onların Ümumi Daxili Məhsullarının 2%-ni, Çində 2%-dən bir qədər artığını, ABŞ-da isə 3,5%-ni təşkil edir.

Dünya Bankının məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmış Ərəb Əmirlikləri və İsrail də daxil olmaqla, yalnız doqquz ölkə ÜDM-lərinin 4%-ni müdafiə xərcləri üçün sərf edir.

Lakin hazırkı şərtlər daxilində öz ordusu üçün Rusiya xeyli böyük məbləğ ayırmaq gücündə deyil. Həm də ki, Rusiyanın hərbi sənayesi təklif olunan plan əsasında, belə sürətli templə ən müasir texnika istehsal etmək imkanından xeyli uzaqdır. Rusiyada yeni hərbi texnkanın istehsalı üçün nəzrdə tutulan plan qəbul olunduqdan sonra, məsrəflərin şişirdilməsi və korrupsiya ilə bağlı qalmaqlların sayı da artıb. Hal-hazırda isə hələlik real müdafiə xərcləri Rusiya ÜDM-nin 3%-i səviyyəsindədir.

İstənilən halda Kudrinin iqtisadi və maliyyə məntiqi, indiki vəziyyətdə onun istefaya getdiyi dövrə nisbətən daha aktualdır. Əgər Rusiya özünün yaxşı günlərində ÜDM-ın 4% həcminə uyğun olan müdafiə büdcəsinin öhdəsindən gələ bilmirdisə, deməli onlar indiki ucuz neft qiymətləri, Qərbin sanksiyaları və iqtisadi ressesiya dövründə orduya ayrılacaq böyük məbləğin qarşısında duruş gətirə bilməyəcək.

Əlbəttə ki, hökumət neft qiymətlərinin əvvəlki səviyyələrə qalxacağına böyük ümidlər bəsləyə bilər. Çünki neftin qiyməti öncəki illərdə də aşağı düşüb, sonradan yüksəlmişdi. Ancaq Qızıl Meydandakı “T-14 Armata” tankı kimi, Putinin də şansı işlədiyi yerdə qəfildən "nasazlayıb", sönə bilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar