4 milyarda yaxın əmanət təhlükədə...

3pul«Belə bir problemin yaranmasında əhali deyil, banklar özü günahkardır»

Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 1-ci rübü üçün nəticələri açıqlayıb. Fins.az-ın məlumata görə, 1-ci rübdə fiziki şəxslərin əmanətləri 12 faiz artaraq 7,5 milyard manat təşkil edib. Bunun 4,1 milyard manatı qorunan, 3,4 milyard manatı isə qorunmayan əmanətlərdir.

Hazırda Fonda üzv banklar 6 985 590 əmanətçiyə xidmət göstərir ki, onların da 6 257 920 nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5 faizinin əmanəti 30 min manata qədər olduğu üçün 100% kompensasiya edilir.

Qorunan əmanətlərin 52 faizi ABŞ dolları, 44 faizi manat, 4 faizi avronun payına düşür.Hazırda Fondun sığorta ehtiyatları 99 milyon manat təşkil edir.

Bu arada Əmanətlərin Sığortalanması Fondu Himayəçilər Şurasının iclası keçirilib. Bu barədə ƏSF-nin icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, iclasda 2015-ci ilin 1-ci rübünün nəticələri müzakirə edilib və əmanətlərin sığortalanması ilə bağlı qaydaların hələlik dəyişdirilməməsi qərara alınıb.

Bildirilib ki, 1-ci rübün nəticələrinə görə, Azərbaycanda əmanətlərin 99,5%-nin məbləği 30 min manat qədər, yəni sığortalıdır. Bunu kifayət qədər normal göstərici hesab edən fond sözçüsü onun 100% olmasını mümkünsüz hesab edib: ?Bu baxımdan qərara gəldik ki, sığortalanma məbləğinin artırılmasına ehtiyac yoxdur. Həmçinin sığortalı əmanətlər üçün maksimal faiz dərəcəsinin də indiki səviyyədə saxlanması qərara alındı".

Xatırladaq ki, ƏSF-in bu il, fevralın 23-də keçirilmiş növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edilib. Fevralın 24-dən qüvvəyə minən qərar Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonraya təsadüf edib.

İqtisadiyyat sahəsi üzrə ekspert Oqtay Haqverdiyev azadlıq.info-ya bildirilib ki, manatın məzənnəsi aşağı düşdüyü, dəyərini 34 faiz itirdiyinə görə məsələ düzgün tənzimlənməlidir. Rusiyada sığortalanma məbləğinin iki dəfə artırıldığını yada salan ekspert, 700 min rublun 1 milyon 400 min rubla çatdırılıdığını söyləyir: “Bizdə də heç olmasa 34 faiz artırılmalıydı. Artırmaq istəmirlərsə, heç bir halda düzgün addım deyil. Problemləri varsa, bunu əhalinin boynuna atmalı deyillər. Səriştəsizliyin nəticəsində bu cür vəziyyət yaranıb. Bankların günahıdır ki, belə bir problem yaranıb. Xalqın bu məsələdə günahı yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar