GENERAL BEYDULLAYEV HANSI VƏZİFƏYƏ TƏYİN OLUNUB? - "Kərəm Mustafayevin məsləhətçisidir"

Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayevə yeni vəzifə verilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra vəzifəsindən uzaqlaşdırılan M.Beydullayev, bu yaxınlarda Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifəyə təyin olunub. AzPolitika.info-nun məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov xəbər verib.

Ekspert müdafiə nazirinin bu qərarını tənqid edib. "2013-cü ilin oktyabr ayında MN sistemində dəyişiklik baş verəndə Beydullayev ordu sıralarından uzaqlaşdırıldı. Özü də bu qərar veriləndə çoxları, nəhayət ki, haqq-ədalətin ordu sıralarında bərqərar olacağını düşündülər. Sən demə, çoxları kimi, mən də yanılmışam. General-mayor Məmməd Beydullayevin açıq və gizli havadarları onu yenidən MN sisteminə qaytarıblar və bu dəfə Bakıda deyil, ona Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifə tapşırıblar. Hətta ona ən bahalı xarici xidməti avtomobil də ayırıblar. Bu xəbəri mənə verən Naxçıvandakı zabit dostlarımız çox pərişan olduqlarını və bu addımın orduda son vaxtlar aparılan müsbət işlərə necə mənfi təsir göstərdiyini xüsusi vurğuladılar. İnanmaq istərdim ki, hörmətli müdafiə nazirimiz bu addımın nədən atıldığına aydınlıq gətirəcək və yüzlərlə döyüş görmüş, savadlı zabitləri kənara qoyub, adı rüşvət və korrupsiya əməllərində, o cümlədən məişət hadisələrində hallanan Məmməd Beydullayev kimi bir şəxsin hansı səbəbdən ordu sıralarına qaytarılmasına münasibət açıqlayacaq."

* * *

Müdafiə Nazirliyi 2013-cü ildə ordu sıralarından tərxis edilmiş general-mayor Məmməd Beydullayevə vəzifə verilməsi xəbərinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təqdimatına əsasən general-mayor Məmməd Beydullayev qanuna müvafiq olaraq ordu sıralarından tərxis olunub.

Nazirliyin mətbuat xidmətindən deyilib ki, o, hazırda həqiqi hərbi xidmətdə deyil.

Lakin hərbi ekspert Üzeyir Cəfərov məlumatın dəqiqliyində israr edir. O, MN mətbuat xidmətinin açıqlamasına münasibət bildirərkən, M.Beydullayevin hansı vəzifəyə təyin olunduğunu da açıqlayıb. "Sabiq nazir Səfər Əbiyev dönəmində ordu sıralarında "at oynadan" - əvvəl Kadrlar İdarəsinin, sonra isə Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi olmuş general-mayor Məmməd Beydullayev, indiki müdafiə naziri general-polkovnik Zakir Həsənovun müavini - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin MƏSLƏHƏTÇİSİ təyin olunub. Bəlkə bu xəbər də yalandır?"

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar