“ÇOXLARI KİMİ OĞRULUQ, ŞƏRƏFSİZLİK ETMƏMİŞİK” - “AMAY Abdulla”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “AMAY” şirkətinə məxsus “Xətai” ticarət mərkəzinin tamamlanma işləri üzrə şahidlər dindirildilər.

Şahid qismində İslah Əhmədov uzun müddət “AMAY” şirkətində çalışdığını, 2001-2007-ci illərdə “Xudafərin” MMC-nin direktoru olduğunu göstərdi: “Müştərilərlə müqavilə bağlanır, pul kassaya ödənilirdi, həmin pullar tikintiyə sərf olunurdu. Binanın nə vaxt tikilib istifadəyə verilməsi ilə bağlı müştərilərə vaxt bildirilməyib”.

“Dan ulduzu”ansamblının bədii rəhbəri Tariyel Abbasov şahid qismində məhkəmədə dindirilərkən “AMAY” ticarət mərkəzində də obyektlərinin olduğunu, həmin əmlakın bankdan kredit götürülərkən girov qismində təqdim edildiyini dedi.

Sözügedən şirkətdə sürücü işlədiyini deyən Akif Əliyev məhkəmədə bildirdi ki, onun adına “Batabat” firması təsis olunub və ofislər girov qoyulmaqla bankdan kredit götürülərək “AMAY”-ın tikintisinə sərf olunub.

Hakim Əfqan Hacıyev şahidə “düzünü danış, onsuz da kredit götürülüb də, ödənilib də” dedi.

Bu zaman Abdulla Abdullayev yerindən replika verdi: “Möhtərəm hakim, siz də bilirsiniz ki, biz günahsızıq. Sadəcə ədalətli qərar verməyə çəkinirsiniz. Burada nə var axı? Firma yaratmışıq, kredit götürmüşük ki, tikintini başa çatdıraq. Kreditlər də ödəmişik. Bir çoxları kimi oğurluq etməmişik, şərəfsizlik etməmişik”.

Hakim isə “qərar ədalətli olacaq, narahat olmayın” dedi.

Daha sonra şahid qismində Emin Mehdiyev dindirildi. O, “AMAY”-da işləyən zaman rəhbərlikdə təmsil olunan Nizami müəllimin təklifi ilə adına firma təsis edildiyini və “Birlikbank”dan 600 min manat kredit götürülərək “AMAY” ticarət mərkəzinin tikintisinə sərf olunduğunu dedi: “Kredit mənim adıma olsa da nə özüm götürmüşəm, nə də ödəniş eləmişəm. Kredit tam ödənilib və borc bağlanıb”.

Şahid Eldar Hüseynov ibtidai istintaq zamanı dindirildiyini, adına olan əmlakları banka girov qoyub pul götürüldüyünü bildirdi: “Mehman Məmmədxanlının adına etibarnamə vermişəm, özüm getməmişəm”.

Bu vaxt təqsirləndirilən Mehman Məmmədxanlının vəkili Adil Ağayevhəmin kreditdən Mehmana və yaxud kiməsə verib-vermədiyini soruşdu. Şahid heç kimə pul vermədiyini bildirdi.

Vəkil A.Ağayev: “Abdulla müəllim özü burada dəfələrlə təkrarlayıb ki, firmaların yaradılması, kreditlərin götürülməsi onun tapşırığı ilə olub. Prokuror isə israrla şahidlərdən təklifin kimdən gəldiyini soruşur. Ona görə dəqiqləşdirirəm ki, görüm bəlkə Mehman həqiqətən o milyonlarla pulu mənimsəyib”.

Vəkilin bu sözləri proses iştirakçıları tərəfindən gülüşlə qarşılandı.

A.Abdullayev isə növbəti dəfə replika verdi: “Hamı elə bilirdi ki, orada hamı pul yeyir. Təkcə Azərbaycanda yox, bütün dünyada bilirlər ki, o pullar hara sərf edilib. Gəldilər kabab iyinə, gördülər ki, eşşək dağlayırlar”.

Ehtiram Həsrətov və Əhməd Qələndərli şahid ifadələrində “AMAY”-da işlədiklərini, adlarına firma təsis edilərək müxtəif məbləğlərdə kretit götürülərək ticarət mərkəzinin tikintisinə sərf edildiyini, borcun artıq bağlandığını bildirdilər.

“AMAY”-da satıcı işləyən Rəhman Ağalarov da mağazalarını girov qoyub pul götürdüyünü və həmin pulun “AMAY”-ın tikintisinə sərf olunduğunu dedi.

Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən bu məsələdə hansı maraq güddüyünü soruşdu: “Sizin nə marağınız var idi ki, adınıza firma təsis edilməsinə və külli miqdarda kredit götürülməsinə razılaşırdınız? Axı siz adi satıcı idiniz. “AMAY”-ın tikintisinin başa çatmasında nə marağınız var idi?”

Dövlət ittihamçısının sualını Abdulla Abdullayev cavablandırdı: “Maraq çörək qazanmaq olub. Rəhman mənim əsgərlik yoldaşımdır, özü də Yevlaxdandır, Naxçıvandan deyil. Bu işçilərin hamısı orada işləyib çörək qazanıblar, ona görə də hamısı işin getməsində, tikintinin başa çatmasında maraqlı olublar. İndi baxıram prokurorluq bu adamların hamısını qocaldıb. Ömürləri istintaqda keçib hamısının”.

Daha sonra ifadə verən Nazim Fərəcov bildirdi ki, adına iki şirkət təsis edilib və “Texnibank”dan 1 milyon 100 min manat manat kredit götürülüb. Sənədə qol çəksə də pul bankda qalıb.

Abdulla Abdullayevin köməkçisi olmuş Əşrəf Seyidov da iki şirkət vasitəsilə “Texnikabank”dan kredit götürülərək “AMAY”-ın tikintisinə sərf edildiyini dedi.

Prokuror Ə.Seyidova suallar ümvanlayan zaman A.Abdullayev yerindən replika verdi: “Sən ki mənim köməkçim olmusan, hər şeyin şahidi olmusan, denən də təklif kimdən gəlib, o firmalar niyə yaradılıb”.

Şahid bildirdi ki, “Texnibank”ın rəhbəri Etibar Əliyev “AMAY”-a gələrək ayrılmış krediti birdəfəyə verə bilməyəcəyini deyib: “Abdulla müəllim dedi ki, “AMAY” böyük şirkətdir, krediti “AMAY”-ın adına verin. Etibar Əliyev isə bildirdi ki, bir şirkətə birdən-birə o qədər krediti verə bilməz. O, təkilf etdi ki, 40 dənə ayrı firma yaradılsın və hissə-hissə həmin firmaların adına kredit veriləcək. Onun təklifi ilə digər firmalar yaradıldı, kredit götürülərək “AMAY”-ın tikintisinə sərf edildi, banka olan borclar isə bağlandı”.

A.Abdullayev: “Görürəm ölənə qədər bizdən əl çəkməyəcəklər. Bu adamlar yazıqdır, işsiz-gücsüz qalıblar hamısı. Məhkəməni mümkün qədər tez yekunlaşdırın”.

Bununla da məhkəmə prosesi sabaha qədər təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar