"HAMI ONUN QARŞISINDA TİR-TİR ƏSİRDİ"- Fransa qəzeti “Hafka”nın kazino əhvalatından yazdı

"Uşaq arabasının içini ağzınadək pul “paçka”ları ilə doldurdu!"

“Le Point” yazır ki, azərbaycanlı milyarder “Lans” klubunun prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olub...

“Onlar, multimilyonerlər pullarını əvvəllər rəqqasələrə səpdikləri kimi indi də idman klublarına səpirlər. Bu gün “Lans” klubunun sahibi, azərbaycanlı Məmmədov kimi...”

Virtualaz.org saytı xəbər verir ki, bu epiqraf Fransanın nüfuzlu “Le Point” qəzetinin azərbaycanlı milyarder, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” şirkətinin və “Bakı” futbul klubunun sahibi, “Hafka” kimi tanınan Hafiz Məmmədovun barəsində yazdığı geniş məqalədəndir.

Məqalə qəzetin 27 dekabr tarixli sayında dərc edilib, müəllifi Antuan Grenarindir.

Xəbər verildiyi kimi, H.Məmmədov Fransanın II divizionunda oynayan “Lans” futbol klubunun səhmlərinin üçdə iki hissəsini alandan sonra bu ölkə mediasının “qəhrəmanına” çevrilib. İndiyədək Fransa mediası, o cümlədən çoxsaylı idman nəşrləri, “Canal+Sport” telekanalı və digərləri H.Məmmədovun barəsində çoxsaylı yazılar dərc ediblər, süjetlər efirə veriblər.

Bu dəfə isə məsələ artıq “siyasi müstəviyə” çıxıb. Nüfuzlu gündəlik ictimai-siyasi qəzet H.Məmmədovun Fransa futboluna qoyduğu yatırımın məqsədi və iş adamının birmənalı olmayan reputasiyası barədə geniş yazıb.

“Bu, noyabrın 23-ü idi. Liqa-2-nin turnir cədvəlində üçüncü pillədə olan “Lans” 29 min tamaşaçının qarşısında öz rəqibi üzərində asanlıqla 2:0 hesablı qələbə qazandı.

“Feliks-Bolleart” stadionunda həmin gün hamı “Lans” klubunun yeni sahibini də tanıdı. O, Hafiz Məmmədov idi. Klubun Azərbaycandan olan yeni sahibi “Lans”ın oyununa onun öz meydanında tamaşa etmək üçün dörd ay idi gözləyirdi. 49 yaşlı Məmmədov öz ambisiyalarını və iddialarını gizlətmir ki, “Lans” klubunun gələn il 1-ci liqaya qalxması üçün “nə qədər lazım olsa, pul yatırmağa” hazırdır. Ona görə də “Lans”ın tərəfdarları qarşısında uduzmağa qətiyyən vaxtı yoxdur” - deyə qəzet yazır.

Çox məşğul adam...

“Le Point” qəzeti daha sonra yazır ki, xoşbəxtlikdən Hafiz Məmmədov çox məşğul adamdır. Həmin gün “Şator” klubuna qarşı oyun ərəfəsində “Lans”ın yeni sahibi Brüsselə gedib və oyunun başlamasından bir neçə dəqiqə əvvəl stadiona gəlib!

“Doğrudur, tamaşaçılar klubun yeni sahibini ucadan alqışladılar, lakin əsasən ona görə ki, hamı razıdır və klub yenidən 1-ci liqaya qalxa bilər.

Nəfəs almağa da vaxt yoxdur. Final fitindən dərhal sonra azərbaycanlı biznesmen Pa De Kale regionunda ləngimir və digər təyinat yerinə yollanır. Bu sürətli manevrlər onun xarakterinin əsas cizgilərindən biridir. Bu cür sürət sayəsində o “Lans” klubunu almaq qərarını verib” - nüfuzlu Fransa qəzeti belə yazır.

Kann, kazinoda görüş və gecə müzakirələri...

Qəzet yazır ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Jerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib.

“Le Point” yazır ki, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər. “Lans” klubundakı yüksək rütbəli mənbə xatırlayır ki, həmin gecə bu iki şəxs “Lans” klubu, xüsusən də azərbaycanlı milyarderin “futbola hədsiz marağı” barədə uzun-uzadı fikir mübadiləsi aparıblar.

Nəşrin yazdığına görə, bir il sonra Martellə Məmmədov yenidən bir araya gəlib və şimallıların klubunun alınması məsələsi həll olunub. Məmmədov “Lans”ın rəsmi sahibinə çevrilib və Jerve Martel klubun prezidenti postuna geri qayıdıb. H.Məmmədov kluba 20 milyon avro yatırmağa razılaşıb.

“Hamı Hafizin qarşısında tir-tir əsirdi...”

“Məmmədovun metodunu başa düşmək üçün 4 min kilometr məsafədə yerləşən Azərbaycana nəzər salaq. Azərbaycanlı milyarder paytaxtın “Bakı” futbol klubunun sahibidir.

Fransanın I liqasında 100-dən çox oyunda iştirak edəndən sonra “Bakı”ya transfer olunan ilk fransız Stefan Barbiconi “Le Point”ə danışır:

“Mən ora (Bakıya-red.) ilk dəfə gedəndə bir dəfə də olsun klubun liderləri ilə görüşməmişdim. Deyirdilər ki, o, əsasən xaricdə olur. Taksi sürücüsü Bakını göstərib deyirdi ki, bura gələcəyin Qətəridir. O, bir qədər şirşirdirdi, buna baxmayaraq ora mənim üçün kifayət qədər təəccübləndirici oldu.

Hafizin kiçik qardaşı Zeynal Məmmədov klubun gündəlik cari işləri ilə məşğul olur. Prezident isə kluba ancaq “məxsusi hallarda” gəlir. Hər dəfə onun kluba gəlişi ərəfəsində əməkdaşlar hər tərəfi silib-süpürür, divarlardakı bəzi yerləri təzədən rəngləyirdi. Hər şey mükəmməl olmalı idi, çünki onun qarşısında hamı tir-tir titrəyir”.

Uşaq arabasının içini pulla doldurdu...

Qəzet daha sonra yazır ki, Hafiz Məmmədov özü barəsində yaxşı təəssürat yaratmağı xoşlayır. Xüsusən də onun öz zənginliyini nümayiş etdirmək üçün kompleksi yoxdur.

“Qəbulların birində klubun braziliyalı futbolçusu arvadı və yeni doğulmuş uşağı ilə gəlmişdi. Prezident (Hafiz Məmmədov-red.) onu təbrik etdi və hədiyyə olaraq... uşaq arabasının içini ağzınadək pul “paçka”ları ilə doldurdu! Hazırda həvəskar klubda oynayan fransalı oyuçu xatırlayır ki, digər oyunçular bu hədiyyədən xəcalət çəkdi, baxmayaraq ki, orada verilən hədiyyəni geri qaytarmaq da heç düzgün olmazdı” - deyə “Le Point” yazır.

Qeyd: H.Məmmədov bu ilin oktyabrında Monakonun “Hotel de Paris” otelində “Atletiko” klubunun məşhur oyunçusu Radomel Falkao ilə görüşüb. Məşhur futbolçu görüşə arvadı və iki aylıq uşağı ilə gəlib. H.Məmmədovun Falkaonun körpəsi ilə çəkilmiş fotosu “Bakı” klubunun saytında var.

Lakin belə görünür ki, S.Barbikoninin danışdığı əhvalat Bakıda baş verib, çünki söhbət “Bakı”nın braziliyalı oyunçusundan gedir.

Hafiz Məmmədov neft sayəsində milyarder olub

“Le Point” daha sonra H.Məmmədovun pullarını hansı yolla qazandığı haqda yazır. Bildirilir ki, o, neft sərvətləri hesabına milyardlar qazanıb. Neft H.Məmmədovun 41 şirkətdən ibarət konqlomeratı “Baghlan Group”un əsas gəlir mənbələrindən biridir.

“Beləliklə, “Lans”ın yeni sahibi 41 şirkətdən ibarət holdinqin rəhbəridir. O, sərvətini tenderlərdən yan öməklə dövlət sifarişlərindən qazanıb” - deyə qəzet bildirir.

Məqalədə H.Məmmədovun “Atletiko” (Madrid) klubuna yatırımlarından da bəhs olunur. Qəzet saytında məqalənin sonuna H.Məmmədovun Fransaya səfərinə həsr olunmuş və şəxsiyyətə pərəstiş üslubuna görə bu ölkə mediasında heyrətlə qarşılanan videoroliki də yerləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar