MÜXALİFƏTÇİ DEPUTAT 5 İLƏ MİLYON YARIM KREDİT ÖDƏYİB - Azərbaycansayağı sensasiya

Son vaxtlar ölkədə bəzi sahibkarların, oliqarxların banklardan külli miqdarda kredit götürdüyü, ancaq kredit borclarını vaxtında qaytarmamaları ilə bağlı, demək olar ki, hər gün bir və ya bir neçə həbs xəbəri yayılır. Eyni zamanda, kredit qalmaqalında bəzi millət vəkillərinin də adı hallanır. “A24.az” da bu səbəbdən millət vəkilləri arasında sorğu aparıb, kreditləri olub-olmadığını öyrənib. Məlum olub ki, kredit borcu olanlar da var, olmayanlar da…

Çingiz Qənizadə deyir ki, heç zaman biznes işi ilə məşğul olmayıb və kredit götürməyə də ehtiyac qalmayıb: “Özümün, oğlumun, həyat yoldaşımın əməkhaqqı ilə ailəmiz birtəhər, gücbəla ilə dolanır. Allaha şükür olsun ki, maşınım, evim var və mən nəyə görə kredit götüməliyəm ki?!. Biznesi olanlar külli miqdarda kredit alırlar. Şükr edirəm ki, biznesim yoxdur. Hazırda biznesi idarə etmək çox çətin prosesdir”.

Millət vəkili heç zaman kiçikhəcmli kredit də götürmədiyini söyləyib.

Kamilə Əliyeva də heç zaman kredit götürmədiyini bildirib: “Heç vaxt kredit götürməmişəm. Ümumiyyətlə, mən kreditlə və yaxud nisyə nəsə almağı xoşlamıram. Pulum, imkanım varsa, nağd alıram, əks təqdirdə, istəyimdən imtina edirəm. Şükürlər olsun ki, hazırda borcum yoxdur və hər hansı bir problemlə üzləşmirəm”.

Sabir Rüstəmxanlı həmkarlarından fərqli olaraq, kredit götürdüyünü və bunu nəyə xərclədiyini etiraf edib: “Hazırda kredit borcum yoxdur. Özümə ofis tikdirəndə, kredit götürdüm. Məbləği bir milyonu ötmürdü. Hər halda, ofisimin tikintisini kredit götürməmiş apara bilməzdim və bu, mənim üçün asan deyildi. Ona görə də sözügedən iş üçün kredit götürdüm və yavaş-yavaş ödədim. Sağ olsunlar banklar, krediti mənə mümkün qədər aşağı faizlə verdilər. Hazırda isə kreditim yoxdur”.

Ülvi Quliyev isə deyir ki, nəinki krediti yoxdur, heç bu barədə düşünməyib: “Ümumiyyətlə, bizneslə məşğul olduğum dövrlərdə də banklarla işləməyi heç zaman xoşlamamışam. Ona görə də kredit götürməyi belə planlaşdırmamışam. Bundan sonra da kredit götüməyəcəm”.

Zahid Orucun da nə biznesi, nə də kredit borcu var: “Heç zaman bizneslə məşğul olmamışam. Ona görə də nə biznes qurmaq üçün, nə də ehtiyaclar üçün kiçikhəcmli kredit belə götürməmişəm. İşim, fəaliyyətim, həyatım elə gətirdi ki, siyasi proseslərin içində oldum və bu üzdən bunlar baş vermədi. Amma hər bir kredit resursu ilə qanun çərçivəsində işləyən insanlara da hörmətlə yanaşmalıyıq. Ölkədə son günlər bəzi sahibkarlar ətrafında başlanan proseslər göstərir ki, böyük məbləğdə kreditlər yalnız istehsal təyinatlı, yaxud da hər hansı işin qurulmasına yönəldilməli idi. Bilavasitə və ya dolayı yolla hər hansı bir işi, şirkəti himayə etmədiyimdən, belə kreditlərə gərək olmayıb. Ona görə bu gün qeyd etdiyiniz sual müəyyən mənada aktuallıq kəsb edir. Həqiqətən dünyada insanların həyatını əhatə edən bu kreditlər xeyli cazibədarlıq qazansa da, onu təyinatından kənara çıxaranda, problemlərə çevrilir. Kreditlərin ödəniş həlli üçün də daha başqa mexanizmlər gərəkir. Bu mənada son günlər ölkədə baş verən hadisələrdən hər birimiz nəticə çıxarmalıyıq. Əgər banklarda kredit müqabilində sadə vətəndaşlar üçün üç-dörd qat girovlar tələb olunduğu və öhdəliyi yerinə yetirmədiyi təqdirdə, onlara qarşı məhkəmə vasitəsilə ciddi sanksiyalar həyata keçirilirdiyi halda, nədən milyonlarla kredit öhdəliyi altında olanların mövzusu belə bir reaksiyalar doğurmamalıdır?”.

Ceyhun Osmanlı əlavə edib ki, böyük məbləğdə krediti olmasa da, kiçikhəcmli krediti hazırda da var: “Heç zaman biznes kreditim olmayıb. Mən sahibkarlıqla məşğul deyiləm. Amma xırda məbləğdə kredit kartlarından istifadə edirəm. Hansı ki, xarici səfərlər zamanı bundan daha çox istifadə etmək mənə lazım olur. Səfərdən qayıtdıqdan sonra yerinə qoyuram. Həmçinin, gündəlik alış-veriş üçün də kartlardan istifadə edirik. Bilirsiniz ki, hazırda Bakıda əksər supermarketlərdə bu kartlar vasitəsilə alış-veriş etmək mümkündür. Bir sözlə, xırda məbləğli kreditlərdən hazırda da istifadə edirəm”.

Fərəc Quliyev də kredit borcu olmayan millət vəkillərindəndir: “Kredit heç zaman götürməmişəm və buna ehtiyac da görməmişəm”.

Deputatlarımızın kredit borclarının olmadığı haqda cavablarını səmimi qəbul etmək olar. Hər halda, Azərbaycanda deputatlar heç də imkansız təbəqə hesab olunmurlar - əksəriyyətinin biznesi, gəlirli obyektləri var. Olmayanlara da məlumdur ki, aylıq "yardımlar" olunur. Bu baxımdan, inandırıcıdır ki, deputatlarımızın əksəriyyətinin banklara kredit borcu yoxdur.

Lakin deputat Sabir Rüstəmxanlının cavabı bəzi məsələlərə görə diqqətçəkəndir. Partiya sədri bildirir ki, özünə ofis tikərkən banklardan təxminən 1 milyon kredit götürüb, sonradan "yavaş-yavaş" ödəyib. Hazırda borcu yoxdur. S.Rüstəmxanlının 6 mərtəbəli ofisi 2010-cu ildə tikilərək istifadəyə verilib. Yəni təxminən 5 il əvvəl. Deməli hörmətli Sabir bəy ilə orta hesabla 250-280 min (Dollar və ya manat, faizləri ilə birlikdə-R.Ə) kredit qaytarıb. BU O DEMƏKDİR Kİ, AYA ƏN AZI 20 MİN KREDİT ÖDƏNİŞİ OLUB VƏ BUNUN ÖHDƏSİNDƏN UĞURLA GƏLİB. Yəni hörmətli partiya sədri aylıq əməkhaqqının 10 qatı mislində kredit ödəyib. Əgər krediti 5 ilə yox, 3 ilə qaytarıbsa, aylıq ödəniş daha da artıq olub.

Azərbaycan reallıqlarında müxalifət partiyasının (!) sədri üçün 4-5 ilə, faizləri ilə birlikdə, təxminən 1.5 milyon kredit qaytara bilmək, əsl qəhrəmanlıq nümunəsi sayılmalıdır. Sabir bəyi, bu ağır işin öhdəsindən gəldiyindən dolayı təbrik etmək lazımdır...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar