VİCDANIMIZIN YANMIŞ BİNASI... - İnsan pula, məddahlığa bu qədərmi aşiq-məşuq olar?

“Bu hadisədə vəzifəsini vicdanla yerinə yetirənlər yalnız yanğınsöndürənlər idi” - desək yəqin ki, bizi qınamazsınız. Əmrdən də çox vicdanlarının səsinə qulaq asdılar və əllərindən gələn qədər, həyatlarını təhlükəyə atıb insanları xilas etdilər, təəssüf ki, hamısını yox! Haqlarını halal etsinlər. Amma nə o üzlükləri ora vuranlara, nə buna icazə verənlərə, nə də bu hadisəyə yol açan çirkin, rüşvət və talan üzərində qurulan bu mühiti yaradanlara heç kəs haqqını halal etməz, başda da yaxınlarını itirən biçarə qardaş və bacılarımız!

Kimlərsə balalarını itirəcək, hansısa Allahsızlarsa milyonlar qazanacaq! Buna sadəcə, “bədbəxt hadisə” demək olarmı? Təbii ki, “günahkarlar tapılacaq və cəzasını alacaq!” Həmişəki kimi, qurbanlıq keçi hazırdır. Artıq həbs olunub belə! Soruşan yoxdur ki, axı kimdir bu "keçini" bəsləyib böyüdən və bugün bıçaq altına göndərən? Günahkar təkcə o binanı üzləyən və bunun müqabilində 3-5 manat qazananlardırmı? Bəlkə onlara bu üzləməyə icazəni havayı veriblər?

Bunlara icazə verən və təbii ki ”heç bir təmənna güdmədən” pul ayıranların günahı yoxdur? Onların da bu yangında həyatını itirən cocuqlar yaşda nəvələri, balaları var! İnsan pula, rüşvətə, məddahlığa bu qədərmi aşiq-məşuq olar?

Günah tək bu vicdanını itirmişlərdə yox, həm də bu yazını yazan da daxil olmaqla, hər birimizdədir. Camaatın heç bir şeydən balasını, bacısını, qardaşını, əzizlərini itirməsini mümkün edən bu mühiti yaradan bizlərik – öz acizliyimiz, mütiliyimiz, susqunluğumuz, qarınxorluğumuzla!

Məlum telekanılımız hadisə ilə bağlı reportajda Hacıbala Abutalıbovu danışdırdı, həmişəki kimi söz verdi – yarı doğru, yarı gerçək “yerləşdirəcəyik, ev verəcəyik, pul verəcəyik” və sair. Qardaş, səndən heç kim ev, pul istəmir, sadəcə evimizə, pulumuza, balalarımıza dəymə yetər, Allah eşqinə!

Məsələ ondadır ki, vaxtilə güvənilən məlum telekanalın aparıcısı merin o gərgin psixoloji dramı xatırladan müsahibəsindən nəticə çıxararaq, sonda “dövlət vətəndaşın yanındadır” dedi. Ayıb deyilmi? Hacıbala Abutalıbov dövlətdir demək, olsun! Bəs bir insanın əzizlərini öz səhlənkarlığına qurban verib, sonra da “sənin yanındayam” demək nə deməkdir? Axı bundan öncə Əhmədlidə də bənzər hadisə oldu, nəyi gözləyirdilər, gərək kimlərinsə canı yanaydı? Elə həmin "vətənpərvər" xəbər verən proqrama məlum bir şou yarışmasının aparıcısı dəvət olunmuşdu. Dedi ki, bu şou indiyə qədər təxirə salınmamışdı, bugün həmin hadisəyə görə təxirə salınır. Minnətə bax! Allah razı olsun, adama heç bir tərəddüd etmədən “milli qəhrəman” adı verilməlidir, onun nəyi məlum xalq artistlərindən əksikdir ki? Guya bu şounu verdin nə olur, vermədin nə - onsuz da maşınlı-maşınsız, hamımız əcaib bir şounun qəraib iştirakçılarıyıq!

Nə isə, günün sonunda məlum oldu ki, bu ölüm gətirən bina örtüklərinin söküntüsünə başlanıb - əsl tragikomediya! Axı nə qədər olar – tikin, sökün, yox olmadı, sökün, tikin... tikilən və sökülən həm də bu millətin sərvəti deyilmi, kim ixtiyar verib onunla bu cür məsuliyyətsiz və israfçılıqla davranmağa? Bu pulları kimdən alıb, kimə verirsiniz?

Bu dəqiqələrdə yaxınlıqdakı şadlıq evində az qala artileriya toplarının səsi ilə müşaiyət olunan toy atəşfəşanlığının səsi ətrafa yayıldı – toy qurtardı. Allah xoşbəxt eləsin, gedin dünyaya uşaq gətirin və çalışın yanmasınlar – sizin və bizim çirkləndirdiyimiz dünyada...!

T.Tahir

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar