“CƏHƏNNƏM ODUNDA YANACAQLAR, ARXAYIN OLUN” - Şeyxin qudasından sərt açıqlma

"Get, xalqın evini yandır, ya da elə vəziyyət yarat kiminsə balaları gözüyaşlı qalsın, Allah onu keçməyəcək..."

Ötən həftə deputat Hacı Qalib Salahzadənin evindən silah-sursat tapılması ilə bağlı xəbər yayılsa da, az sonra təkzib edildi. Q.Salahzadənin bu və digər məsələlrlə bağlı musavat.com-a müsahibəsini təqdim edirik.

- Hacı, evinizdən silah-sursat tapılması ilə bağlı ilkin reaksiyanız olmuşdu. Üstündən bir neçə gün keçdi. İndi deyə bilərsinizmi ki, nə baş vermişdi?

- Mənimlə bağlı heç bir problem yoxdur. Sadəcə, özüm məəttəl qalmışam ki, bu söhbət hardan çıxdı ortaya? Araşdıraq, görək bu, kimin işidir. Baxıram ki, Qənimət Zahid “Azərbaycan saatı”nda mənim evimin şəklini qoyub, deyir filan şey olub. Belə şey yoxdur axı. Mənim evimə gələn olsaydı, bütün kənd, el-oba bilərdi. Qənimət ağzına nə gəlir deyir...

-Yəni söhbət sizin Bilgəhdəki evinizdən, içərisindən silah tapıldığı deyilən ünvandan gedir?

-Silah yoxdur e. Silah hardan tapılıb? Bu, mənim yaşadığım evdir. Heç mümkün də deyil.

-Amma bu haqda ilkin xəbər yayılanda siz demişdiniz özüm orda yaşamıram...

-Yox. Onu da yalandan yazıblar. Bəzi jurnalistlər nə gəldi yazır, adam da xəcalət çəkir ki, bunlar neynəyir?

-Xəbərlərdə konkret rəsmi quruma istinad var idi. Yəni ümumiyyətlə, axtarış aparılmayıb?

-Rəsmi qurum nəyə deyirlər, mən onu bilmirəm. Amma mənim evimdə yoxlama aparılmayıb. Aparılsaydı, deyərdim ki, kimlərsə gəlib. Olmayıb axı. Mən kəndin içində yaşayıram. Qapıma quş da qonanda gəlib deyirlər ki, sənin qapına bir ağ quş qonub. Camaatın içində yaşayırıq da. Mənim özümçün də çox qəribədir ki, bu xəbərləri kimlər təşkil edib.

-Ümumiyyətlə, sizin mənzilinizdə silah varmı? Heç olmasa sənədli silah saxlayırsınız?

-Vallah, qardaş, sənə bir söz deyim, mən polisdə işləmirəm ki, silah saxlayım. Mənim bir ov tüfəngim var, atamdan qalmadır, sənədi də yerində. Gəl, gedək o tüfəngi bu dəqiqə göstərim sənə... Ancaq Allaha and olsun, adını da bilmirəm. Qaldı ki, mən silahı neynirəm axı?

-Ov həvəskarısınız?

-(Gülür) Hə, gedirəm. Sözü, düzü, dost-aşna çağırır, hərə öz tüfəngini götürür, mən də onlara qoşulub atıram. (Gülür)

-Quş ovuna gedirsiniz, yoxsa vəhşi heyvan?

-Yox e. Ördək, qaşqaldaq ovuna gedirəm. Onu da dostlar aparır. Dəydi dəydi, dəymədi dəymədi. Heç son vaxtlar nə vaxt ova getdiyim yadıma gəlmir.

-Yaxşı, elə isə belə bir xəbərin yayılmasının səbəbi nə ola bilərdi? Ölkədə maliyyə məsələləri ilə bağlı həbslərin olduğu bir vaxtda sizin də adının hallandı. Od olmasa tüstü çıxmaz misalı da var...

-Ay qardaş, bundan qabaq atalar “od olmasa, tüstü çıxmaz” deyəndə haqlıydılar. İndi elm, texnika o qədər inkişaf edib ki... Adam qorxur bir raket qoyarlar, üstündə də mənim şəklim. (bərkdən gülür) Kompüterdir də, nə istəyirsən, elə... Kimin ağlına nə gəldi, götürüb yazır. Nə silah, nə başqa şey? Mən silahı neynirəm axı?

-Bəzi oliqarxların, iş adamlarının həbsi məsələsinə necə baxırsınız?

-Bir söz deyim, mən Allahdan kiminsə qapısının bağlı olmasını istəmirəm. Ancaq bir şəxs ki, dövlətin pulunu yeyirsə... Qurban olduğum cənab prezident dedi ki, işinizi düz aparın. Başqa nə deyir ki? Səhv eləmisən, get, dövlətin pulunu qaytar da. Elə bil məndən pul almısan, qaytarmalısan da. Dövlətin qanunu qanundur, borc alan qaytarmalıdır. İstəyir Hacı Qalib olmasın, lap Hacı Qalibin atası olsun, dövlətin pulunu yeyibsə, qaytarmalıdır.

- Siz bizə müsahibələrinizin birində demişdiniz ki, bankdan kredit götürmürsünüz. Deməli, hər hansı narahatlığınız yoxdur, elə deyilmi?

- Mən səhər-səhər bir qayğanaq yemişəm, Allahıma da şükür edirəm. Həyatım boyu banklardan borc götürməmişəm. Allah min bərəkət versin. Səhərlər bir dənə qayğanaq, ürəyim istəyəndə də şirinçayla bir az qoyun pendiri yeyirəm. (Gülür)

-Bugünkü menyumuz eyni olub, Hacı...

-(Gülərək) Ay Allah razı olsun. Sonra da Allah dolmadan, bozbaşdan, düşbərədən qismət eləyəcək. Mən ömrüm boyu hökumətdən borc almamışam, buna getmərəm də.

-Şeyx həzrətlərinə əlimiz çatmadığı və sizin Həcc ziyarətində dəfələrlə olduğunuzu nəzərə alıb bir suala cavab almaq istəyirəm. Məlumat var ki, ziyarətə gedənlərə artıq Dini İşlər üzrə Dövlət Komitəsi rəy verəcək. Bu mənada hesab olunur ki, Şeyxin səlahiyyətləri məhdudlaşdırılmaqla birgə biznesinə zərbə vurulub. Siz bu barədə nə deyə bilərsiniz?

-Ay qardaş, vallah, billah mənim elə şeylərdən xəbərim yoxdur. Mən Həcc vaxtı pulumu verirəm, gedirəm ziyarətimə. Mənim belə şeylərlə maraqlanmağa vaxtım da yoxdur. Mən kiməm ki, Şeyxin işindən xəbər tutum? Dövlətin qanunu qanundur, üstəlik də bu barədə Şeyx özü bilər. Özü də mən hərşeyşünas deyiləm e... (Gülür)

-Göz dəyməsin, bu gün əhvalınız yüksək səviyyədədir...

-Vallah, hələ məni o qədər aqressiv ediblər ki... Sizə aid deyil, amma jurnalistlər zəng edən kimi artıq “döyüş hazırlığı”na gəlirəm. (Qəhqəhə ilə gülür) Mən bir şeyi bilirəm, dövlətə xidmət etmək lazımdır. Sən bu dəqiqə məndən müsahibə götürürsən, onu yazmağın da dövlətə xidmət etməkdir. Bizim borcumuzdur ki, hamımız cənab prezidentə kömək edək. Gör xalq üçün nələr edir.

-Elə söhbət etdiyimiz vaxt xəbər gəldi ki, Binəqədidə yanan binada xeyli insan həlak olub. Bu da işbazların yarıtmaz fəaliyyətinin nəticəsidir və faktiki olaraq dövləti xəyanətdir. Bu barədə fikriniz necədir, belələrinin cəzası nə olmalıdır?

-Bir həftə bundan əvvəl 80 yaşlı kişi 50 yaşlı qohumu ilə gəldi ki, mənə hallalıq ver. Ona demişdim ki, ay kişi, sənin 80 yaşın var, bu əməlləri ki, edirsən, cəhənnəm odunda yanacaqsan. Gəldi, halallıq istədi, mən də haqqımı halal elədim, dedim, get, o Allahın, bu da sən, özün bilərsən. Yəni dövlətinə, xalqına, ayrı-ayrı adamlara qarşı hansısa nalayiq hərəkət edənlər cəhənnəm odunda yanacaqlar, arxayın olun. Yaxud get, xalqın evini yandır, ya da elə vəziyyət yarat kiminsə balaları gözüyaşlı qalsın, Allah onu keçməyəcək. Dövlətin də əlbəttə ki, cəzası olacaq. Ancaq ən böyük cəzanı Allah verəcək. Adam nəsə edəndə birinci Allahdan qorxmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar