"Cəzalarını alacaqlar..." - Mehriban Əliyeva

Birinci xanım dəhşətli yanğın zamanı yaralananlara baş çəkib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verib.

Bildirildi ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Bir nəfər isə həkimlərin səyinə baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar.

Məlumat verildi ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.

Yanğın zamanı xəsarət alanlar dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət etdi. Bildirdi ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.

Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı dedi ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.

Mehriban Əliyeva xəstələrə şəfa dilədi, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar