"DƏRHAL SÖKÜLMƏLİDİR..."- Prezident Şərifovun təklifini qəbul etmədi - VIDEO

“Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar"

"Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi”

Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərin hər birinin yerləşdirilməsi məsələsi həllini tapıb.APA-nın məlumatına görə, bunu bu gün Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib.

“Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec də hazır vəziyyətə gətirilib”, - deyə A. Şərifov qeyd edib.

A. Şərifov qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin dəfn olunması ilə əlaqədar komissiya tərəfindən lazımi tədbirlər görülüb: “Bu məsələdən irəli gələn tədbirlər dövlət hesabına görüləcək”.

O, əlavə edib ki, hadisə nəticəsində xəsarət alanların hər biri Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb. Baş nazirin müavini deyib ki, yanğın baş verən binanın durumu ilə komissiyanın ekspertləri araşdırma aparır və iki gün ərzində nəticələr ölkə başçısına məruzə olunacaq.

A. Şərifov qeyd edib ki, komissiyanın qərarı ilə tezalışan fasad örtükləri olan binalarda işıqlandırma dayandırılıb. “Bu cür fasad örtüyü olan binalar Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və “Azərişıq” ASC-nin nəzarətinə götürüləcək. Əgər icazəniz olarsa, bu cür binaların örtüklərinin sökülməsinə Avropa Oyunlarına qədər başlamayaq. Çünki Avropa Oyunlarına 20 gündən artıq vaxt qalıb və bu cür binalarda örtükləri bu müddət ərzində söküb yenisi ilə əvəz etmək mümkün olmayacaq”, - deyə baş nazirin müavini bildirib.

A. Şərifovun bu təklifinə cavab olaraq prezident İlham Əliyev bunu deyib: “Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar”.

İlham Əliyev daha sonra deyib: “İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir”.

Dövlət başçısı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: “Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”.

Prezident qeyd edib ki, hazırda Bakıda oxşar üzlük materialla üzlənmiş binalar kifayət qədər çoxdur: “Bəzi məlumatlara görə, belə binaların sayı 200-dən çoxdur. Artıq dünəndən Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı təhlükə varsa, tezliklə bu üzlük materiallar çıxarılsın, sökülsün və beləliklə, heç bir təhlükə olmasın. Ancaq bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi”.

Dövlət başçısı ona müxtəlif məlumatlar gəldiyini və bəzi hallarda bu məlumatların ziddiyyət təşkil etdiyini də vurğulayıb: “Bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar, ya da günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq”.

------

İlkin versiya binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir” – İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verən ərazidə olub. APA-nın məlumatına görə, dövlət başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib.

Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

Dövlət başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib.

Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra prezident yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib.

Prezident hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib.

Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı məlumat veriblər.

Prezident İ. Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar