BAKIDA VİLLALARIN DAĞIDILMASININ SİRRİ ÇÖZÜLDÜ – Sahibləri tapılmayıbmış… - VİDEO

Prezident: “Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı”

Bakıda, Salyan şosesində (“Ramada” otelinin yaxınlığı) 10-da artıq milyonluq villanın dağıdılmasının sirri açılıb. AzPolitika.info-nun məlumatına görə, bu gün məlum olub ki, villalar Prezident İlham Əliyevin göstərişi ilə sökülüb.

İlham Əliyev bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bu barədə danışıb. Prezident deyib:

"Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".

Prezidentin villaları kimlərin tikdiyini aydınlaşdırmaq göstərişindən sonra Hacıbala Abutalıbovun ad tapa bilməməsi maraqlıdır. Bu, necə ola bilər? Yəni belə bir şey mümkündür ki, göz önündə olan bir ərazidə, parkın içində 10-dan artıq milyonluq villa tikilsin, bundan heç kimin – xüsusən də Bakı Şəhər İcra Hakimiyyətinin xəbəri olmasın? Üstəlik, hətta sonradan da bu villaları kimin tikdiyini tapmaq müşkülə çevrilsin.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar