ABŞ ÇİNİN SUVERENLİYİNƏ MEYDAN OXUYUR - Cənubi-Çin dənizinə gəmi və təyyarələr göndərir

“Vaşinqton lazımı tədbirlərə əl atmalıdır ki, Çin nə vaxtsa Asiyada söz sahibinə cevrilməsin”

ABŞ və Çin münasibətlərinin yeni gərginlik fazasına daxil olmasına heç bir şübhə yoxdur. Vaşinqton Çinin suverenliyinə meydan oxumaq məqsədi ilə Cənubi-Çin dənizinə hərbi gəmilər və döyüş təyyarələri göndərməyi planlaşdırır. Əgər ABŞ həqiqətən də belə addım atarsa, sözsüz ki, bu təxribat kimi qiymətləndiriləcək və irəlidəki dövrlərdə Çinin hərbi gəmi və təyyarələri ilə toqquşacaq (“The Diplomat”).

ABŞ-ın indiki hərəkətlərinin motivlərini və Çin-Amerika əlaqələrinin təhlükəsizliyini araşdıran xeyli sayda təhqiqat mərkəzləri mövcuddur. Praktik olaraq, həmin mərkəzlərin demək olar ki, hamısı bir məsələdə tam yekdildirlər - ABŞ-ın bu qərarı ciddi risklər və təhlükələr daşıyır.

Həmin hərbi yürüşün məğzini yaxşı anlamaq üçün ilk öncə Amerika və Çin arasındakı münasibətdə yaranan gərginliyin səbəbləri aydınlaşmalıdır. Söhbət ABŞ-ın hökumət, akademik, siyasi və hərbi dairələrində Çin əleyhinə əhval-ruhiyyənin yüksəlməsindən gedir. Burada anti-Çin əhvalının üç tipini xüsusi ilə qeyd etmək lazımdır.

Birincisi - “Çinin dağılması” adlı yeni bir nəzəriyyə meydana gəlib. Düzdür, bu heç də yeni mövzu deyil və 2001-ci ildə Qordon Çanın müəllifi olduğu “Çinin gözlənilən çöküşü” adlı kitabda da öz əksini tapmışdı. Lakin bu mövzu Corc Vaşinqton Univesitetinin Çin üzrə tanınmış mütəxəssislərindən biri olan Devid Şambo tərəfindən səsləndirildikdən sonra daha çox aktuallaşmağa başlayıb. Bu ilin mart ayında “Wall Street Journal” qəzetində yazdığı məqalədə Devid Şambo xəbərdarlıqla bildirib ki, çox tezliklə Çin Kommunist Partiyasının sonu gələcək. Maraqlıdır ki, əvvəllər Devid Şambo Çin Kommunist Patiyasını əyilməz hakimiyyət nümunəsi kimi təqdim edirdi. Si Çzinpin hakimiyyətə gəldikdən sonra D.Şambo öz fikirlərini dəyişib. Şambo Çinin daha liberal yol tutacağını düşünürmüş. Çinin çökəcəyi barəsində bu tipli bir neçə digər məruzələr də mövcuddur. Həmin məruzələrdəki başlıca mövzu ölkədəki sosial narazılıq, ətraf mühitin hədsiz çirklənməsi, bərabərsizlik, korrupsiya və sairədir.

İkincisi - Bəzi analitiklər Çini, bütün gücü ilə ABŞ-ı Şərqi Asiyadan sıxışdırıb çıxarmağa cəhd göstərən davakar ölkə qismində görür. Məlumdur ki, Çin böyük ölkədir və elə ona görə də kiçik dövlətlərin, onu Asiyanın davakar ölkəsi kimi görmələri təəccüblü sayılmamalıdır. Pekinin bəzi ətraf ölkələrlə apardığı ərazi mübahisələri vəziyyəti bir qədər də gərginləşdirir. Çinin ərazı mübahisələrində Vaşinqton özünün neytral mövqedə dayandığını bildirsə də, Pekin buna qətiyyən inanmır. Başqa tərəfdən isə Çin ABŞ-ın Asiyadan sıxışdırılıb çıxarılmasına cəhd göstərmədiyini və bunda maraqlı olmadığını tez-tez vurğulayır. Vaşinqtonun nöqteyi-nəzərinə görə, Çinin intensiv inkişafı və onun sabit avtoritar rejimi ABŞ-ın Asiyadakı hökmran mövqelərinə qarşı təhlükədir. Əksər amerikalı siyasətçilər isə sadəcə olaraq, belə bir rejimin sülh və sabitlik gətirəcəyinə inanmırlar. Onlar hesab edirlər ki, Çinin avtoritar rejimi günlərin birində təcavüzkar hərəkətlərə başlayacaq.

Çin əleyhinə əhval-ruhiyyənin ÜÇÜNCÜ və ən həyacanlandırıcı mövzusu, bu ölkənin cəzalandırılması arzusudur. Hazırda bu cür yanaşma tərzi müxtəlif formalarda təzahür edir. ABŞ-dakı Beynəlxalq Münasibətlər Şurasının yaxın zamanlarda hazırladığı məruzələrin birində deyilir ki, ABŞ Çinə qarşı tarazlıq yaradacaq dövlət kimi hərəkət etməlidir. Burada söhbət Çinin Sovet İttifaqına bənzər bir güc kimi meydana çıxmasına qarşı önləyici tədbirlərin alınmasından gedir. Deməli indiki vəziyyətdə Vaşinqton lazımı tədbirlərə əl atmalıdır ki, Çin nə vaxtsa Asiyada söz sahibinə cevrilməsin.

Digər bir radikal məruzə isə, iki sağ yönümlü alim – Den Blyümental və Uilyam Unboden tərəfindən hazırlanıb. Onların məruzəsi əsas etibarı ilə Çinə qarşı yeni metodlarla yanaşılmasına çağırır. Məruzə müəlliflərinin fikrinə görə, ABŞ Çin Xalq Respublikasındakı kommunist rejiminə qarşı demokratiya və azadlıq uğrundə mübarizə aparanlara kömək etməlidir. Bu isə öz növbəsində Asiyadakı sülh və stabilliyin təmin edilməsinə böyük təkan göstərəcək.

Ümumiyyətlə isə, bu cür əhval-ruhiyyələrin ABŞ-ın Çinə qarşı yürütdüyü siyasətə necə təsir etməsi barəsində uzun–uzadı mübahisələr aparmaq mümkündür. Amma hər halda əgər anti- Çin əhvalı getdikcə güclənərsə, onda biz yeni ABŞ-Çin qarşıdurmasına şahidlik edəcəyik. Amerikalı politoloq Con Mirşaymerin qeyd etdiyi kimi, bu cür yanaşma hər iki dövlət üçün əsl faciədir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar