Təhsilimizdə görüntü yaratmaq ənənəsi

İfrat dəyişikliklər ölkə təhsilinin dayanıqlığını sarsıdır

Nadir İsrafilov

“... hökumətdə və onun rəhbərliyi altında işləyənlər özlərini elə göstərirlər ki, onlar mübarizə aparırlar, həm özlərini, həm də həmfikirlərini aldatmış olurlar, çünki yaxşı bilirlər ki, bacarmazlar, sadəcə, görüntü yarada bilərlər”.

L.N. Tolstoy

2015-2016-cı tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinin bakalavriat, maqistratura, rezidentura səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planları təsdiq olunub. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı cüzi artırılıb. Əvəzində qiyabi təhsil forması üzrə plan yerləri kəskin şəkildə azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üçün qiyabi təhsil forması üzrə qəbul, ümumiyyətlə planlaşdırılmayıb.

Dəyişiklik təkcə bundan ibarət deyil. Dövlət sifarişı üzrə plan yerləri bir sıra ixtısas qruplarına daxil olan ixtisaslar üzrə (iqtisadiyyat, humanitar) azaldılıb, həmin yerlərin hesabına digər (texniki və texnoloji) ixtisaslara dövlət sifarişi yerləri artırılb. Keçən illə müqayisədə özəl ali təhsil müəssisələrinə də qəbul planı artırılıb. Nəticədə bəzi ali təhsil müəssisəsi və filiallara qəbul planlaşdırılmayıb. Verilən məlumata əsasən, bu zaman həmin təhsil müəssisələrinin müraciətləri nəzərə alınıb. Nə olar, təki belə olsun.

Təhsil Nazirliyinin təklifinə əsasən, bəzı elmlər və mühəndislik ixtisasları üzrə müsabiqəyə ümumi göstəricisi 300-250 baldan aşağı olmayan abituriyentlərin buraxılması qərara alınıb. Həmçinin, ali təhsil müəssisələrində bakalavr buraxılışı olmayan ixtisaslar üzrə magistraturaya plan yerləri ayrılmayıb və s.

Qəbul planında aparılan son dəyişıklikləri xatırlatmaq heç də hansısa dəyişikliyin və ya yeniliyin əleyhinə və ya lehinə olmağıma dəlalət etmir. Dövr dəyişir, tələblər dəyışir və bu mənada hansısa məqsəd naminə hansısa dəyişiklik aparılması qaçılmaz olur. Bunu danmaq sadəlövhlük olardı. Bununla belə bu dəyişikliklərin konkret olaraq hansı məqsədə xidmət etməsi ilə bağlı bəzi məqəmlar, istər-istəməz diqqət çəkib, müəyyən sualları cavablandırmaq zərurəti yaradır.

Yəni, dəyişikliklər elmi, nəzəri, praktiki cəhətdən əsaslandırılıbmı? Nəticə etibarı ilə bunun effekt verəcəyinə təminat varmı? Dəyişikliklərin təşəbbüsçüləri və buna razılq verənlər özləri bunun səmərəsinə inamdan və ya görüntü yaratmaqdan bu addımı atırlar? Hər şeydən əvvəl bu dəyişikliklər effekt verəcəkmi sualına bir mənalı cavab versək özümüzü, həm də ətrafımızdakıları aldatmış olarıq. Çünki bu qəbildən olan dəyişikliklərin son 15-20 ildə mütamadi olaraq aparılmasının bilavasitə şahidi olmuşuq və çox təəssüflər olsun ki, bu proses ildən-ilə nəinki təkrarlanır, hətta geniş vüsət almaqda davam edir. Dəyişikliklərin aparılması isə nəticəyə təsir etmir.

Digər tərəfdən, “toplananların yeri dəyişsə də, cəm dəyişmir” kimi fikirlər səsləndirən bəzı ekspertlər də bu məqamlara dəfələrlə diqqət çəkiblər. TQDK sədri Məleykə Abbaszadənin təbirincə desək, ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin çətinlik çəkdiyi suallar bir qayda olaraq buraxılış imtahanlarına salınmır, amma nəticə dəyişmir ki, dəyişmir. Baxmayaraq ki, Təhsil Nazirliyi hər dəfə əks arqumentlər gətirməklə, problemin məsuliyyətindən yayınmağa çalışır. Bu da artıq çoxdan bəri alışdığımız, yəni həmışə olduğu kimi tərəflərin bir-birini ittiham etməklə, yaxasını kənara çəkmək ənənəsinin bir nümunəsi kimi qiymətləndirilməlidir.

Qaydaların vaxtaşırı dəyişdirilməsi yekunda yalnız onunla nəticələnir ki, müəyyən illərdə məzun-abituriyentlərin ali məktəblərə qəbul əmsalı əhəmiyyətli dərəcədə yüksəlir, müəyyən illərdə kəskin şəkildə aşağı düşür. Lakin bunu da nəzərə almaq lazimdır ki, hansı konkret ildəsə və ya illərdəsə qeyd olunan göstəricilərin kəskin artımı təhsilin səviyyəsinin yüksəlməsi, yüksək bal toplayanların sayının daha çox artması hesabına deyil, ali məktəbə qəbul üçün keçid ballarının aşağı salınması hesabına baş verir.

Əgər nəzərə alsaq ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb və universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb, 2014-cü ildə son illərin ən aşağı göstəricisi qeydə alınb, onda keçid ballarının qaldırılması barədə Təhsil Nazirliyinin təklifini, hardasa başa düşmək olardı. Məlumdur ki, əvvəlki illərdə keçid balı qəbul imtahanlarından sonra - abituriyentlərin göstərdiyi nəticələrdən asılı olaraq müəyyənləşirdi. Və adətən də ən aşağı ballar I ixtisas qrupunda olurdu. Hətta 150 balla ali məktəblərə qəbul olunurdular.

Məhz təhsil ilinin bitməsi ərəfəsində I ixtisas qrupu üzrə keçid ballarının birdən-birə 250-300 bal civarında qaldırılması təhsilin keyfiyyətinin yüksəlməsinə və məzunların nəzərdə tutulmuş balları toplamasına təsir edə biləcəyi fonunda son dərəcə absurd görünür. Realıq isə ondan ibarətdir ki, bu müddət kəsiyində ya inanılmaz bir prosesin baş verəcəyinə ümid bəsləməli, ya da keçid balının yenidən aşağı salınması barədə düşünülməlidir.

Təhsil, ruslar demiş “i tak, i syak” prinsipi əsasında idarə oluna bilməz. Biz eyni zamanda həm yüksək ixtisaslı peşəkar kadrlar hazırlamaq, həm də bəzi səviyyəsiz universitetlərin boş qalan plan yerlərini doldurmaq vəzifəsini yerinə yetirə bilmərik. Ya adambaşına düşən ali təhsillilərin sayını artırmaq məqsədilə qabaqcıl ölkələrlə ayaqlaşmaq üçün plan yerlərini doldurmaq yolunu seçməli, ya da perspektivli kadr hazırlamaq yolunu məqsəd seçib, bəzi səviyyəsiz universitetlərin plan yerlərini “qurban verib” onların müqəddəratını taleyin hökmünə buraxmalıyıq.

Digər bir məsələ. Ali məktəblərə qəbul olan məzunların say artımının böyük payının pullu təhsil sektorunda, cüzi bir hissəsinin dövlət ödənişsiz sektorunda cəmləşdirilməsi də təhsilin strateji rolunun gücləndirilməsinə deyil, təhsili biznesə çevirənlərin maraqlarına xidmət edir. Bu mənada özəl ali təhsil müəssisələrinə plan yerlərinin artırılması heç də vəziyyətdən çıxış yolu kimi qiymətləndirilə bilməz. Bir də ki, idarəetmənin ən mühüm funksiyalarından biri sayılan planlaşdırma, məhz bu günə deyil, gələcəyə hesablanır. Əgər planlaşdırma zamanı ali təhsil müəssisələrini bitirən gənclərin gələcək taleyi nəzərə alınmayacaqsa, onlar aktiv fəaliyyətə qoşulmayacaqlarsa, plan yerlərinin azlığı və ya çoxluğu, türklər demiş, kimlərisə ilgiləndirməz.

Artıq qeyd etdiyimiz kimi qəbul planında qiyabi təhsil forması üzrə plan yerləri kəskin şəkildə azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üçün qiyabi təhsil forması üzrə qəbul ümumiyyətlə planlaşdırılmayıb. Niyə məhz müəllimlik ixtisasları üzrə? Halbuki, “Təhsil haqqında” Qanunda təhsilalma formalarından biri kimi qiyabi təhsil forması hələ ki, çıxarılmayıb və distant (məsafədən) təhsil də hələ ki, tətbiq olunmur. Nə isə, uzun məsələdir, başağrısı olar.

Müəllimlık ixtisasından söz düşmüşkən. Elə bu yaxın günlərin birində Təhsil naziri Mikayıl Cabbarov bəyan etdi ki, son ildə şagirdlərin sayı 1mln.291 mindən 1 mln.322 minədək yüksələrək 31 min artıb. Müəllimlərin sayı isə 4000 min azalaraq, hazırda 151 min nəfər təşkil edir. Nazirin dediyinə görə, burada heç bir ixtisar olmayıb, bu optimallaşdırma hesabına olub. Nə deyirik, olsun. Ancaq bunu ixtisar adlandıraq, optimallaşdırma adlandıraq, kim istəsə rasionallaşdırma adlandırsın. Nəticə birdir: 4000 min müəllim iş yerindən məhrum edilib. Bu misalı niyə çəkdim? Çünki ən çox dəyişikliklərə məruz qalan sənədlərdən biri də müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı “Qaydalar”dır ki, bu barədə ötən yazimda ətraflı bəhs etmişdim.

Gəlin emosiyalara, ambisiyalara qapanıb, görüntü yaratmaq ənənəsındən əl çəkək. Nəzəriyyə və təcrübənin vəhdətinə əsaslanaraq, yerli-yersiz dəyişikliklər aparmaqla təhsilimizin onsuz da zəifləmış dayaqlarını bir daha sarsıtmayaq. Hələ ixtisas qruplarındakı mütamadi yerdəyişmələri, əlavə V ixtisas qrupunun yaradılmasını, testlərin açıq və qapalı tətbiqinı və digər bir yaziya sığa bilməyəcək dəyişiklikləri sadalamağa ehtiyac duymuram.

Paylaşmağı özümə borc bildiyim bəzı konkret düşüncələrimi dahi Hüseyn Cavidin dahiyanə fikirləri ilə bitirirəm.

Göz-qulaq-görmək, eşitmək aləti,

Çoq zaman aldatmış insaniyyəti.

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar