QEYRİ-KOMPETENTLİK, YOXSA MƏSULİYYƏTSİZLİK? - Çağdaş Azərbaycanda hər ikisi populyardır

Bir günahkar da var - nadan Azərbaycan istehlakçısı!

Hələ 10-15 il bundan qabaq - Bakıda «inşaat bumu» yenicə vüsət alan vaxtlar müşahidələrimizin təhlilinə, kompetent mütəxəssislərin fikirlərinə - xəbərdarlıq səciyyəli çağırışlarına əsaslanıb yazırdıq ki, belə inşaat olmaz - BELƏ TİKMƏK OLMAZ!

Həmin illərdə bu sətirlərin müəllifi silsilə məqalələr yazırdı ki, Bakı şəhərində «monolit karkas» texnologiyası əsasında, həm də necə gəldi (yəni ki, dəlitərsinə!) çoxmərtəbəli yaşayış binaları (həm də qeyri yaşayış) tikmək, insanların həyatını kütləvi halda potensial təhlükəyə məruz qoymaq, CİNAYƏTƏ BƏRABƏR əməldir və buna son vermək gərəkdir.

Kimə deyirsən, kimlər üçün yazırsan? Ciddiyə alan, vəziyyəti yaxşıya doğru dəyişmək istəyən kimsə tapılmadı bu ölkədə. İndi bəziləri çıxıb ağzıgöyçəklik edir, populist çıxışlar yapır ki, mətbuat, jurnalistlər vaxtında-vədəsində, ölkəni sarmış «qozbel inşaat» problemindən yazmayıb, bu absurd tendensiyaya qarşı yetərli mübarizə aparmayıb və s. Düz deyil və əslində, belə çıxışlar «absurd inşaat təcrübəsi»nin bu və ya digər formada davamına haqq qazandırır. Guya ki, çox yazılmış olsaydı, qarşısı alınarmış - qozbelin beli qəbirə girməzdən əvvəl düzələrmiş! Belə deyil - Azərbaycanda vüsət almış «qozbel inşaat» təcrübəsi təsadüfün nəticəsi olmayıb, həm nadan cəmiyyətin, həm də «komprador-kosmopolit» hökumətin mahiyyətindən qaynaqlanan çalışmadır ki, bunu da sadəcə, məqalə yazmaqla dayandırmaq mümkün deyil. Prosesin dayanması üçün hər iki istiqamət üzrə onu doğuran MAHİYYƏT dəyişməlidir!

Bir neçə gün bundan qabaq Bakıda tikilmiş bir «monolit karkas göydələn» yandı! Hadisənin cəmiyyətdə və hökumətdə doğurduğu reaksiya absurdluğu ilə diqqəti çəkir - sanki gözlənilməz bir olay baş verib. Yanlış yanaşmadır - həm nadanlıqdan qaynaqlanan yanlış, həm də məsuliyyətsizliyin doğurduğu yanlış. Nədən ki, belə binalarda yanğın və ya başqa faciəvi hadisələrin baş verə biləcəyi ehtimalı xeyli yüksək idi və əksəriyyət bunu anlayırdı. Bir qism insanlar prosesdən baş çıxardığı üçün, digər qism insanlar isə sövqi-təbii anlayırdı ki, gec-tez, bu işin axırı pis olacaq. Fəqət, heç kim dayanmaq, geriyə baxıb da fikirləşmək istəmədi və... axırı PİS OLDU!

İndi baş vermiş faciənin «pressinqi» altında hər kəs ağlına gələni, bacardığını danışır - günahkarlar isə məsuliyyətdən qaçmaq məqsədilə, GÜNAHKAR AXTARIŞIna çıxıblar. Ölkə KİV-nin yaydığı məlumata görə, əlaqədar orqanlar GÜNAHKARı tapıblar - sən demə, onun adı «JEK rəisi» imiş. Heyrət belə məntiqə!

Yazının başlığında GÜNAHKARa barmaq tuşlamışam - o, həm qeyri-kompetentdir, həm də məsuliyyətsizdir! Qeyri-kompetent olan «qozbel inşaat»ı yapanlar, məsuliyyətsiz olan isə bu çalışmaya rəvac verən, onu stimullaşdıran məmur ordusudur, vəsalam! Bir günahkar da var - nadan Azərbaycan istehlakçısı. Onların günahı isə ölkədə keyfiyyətsiz, bir çox hallarda isə təhlükəli xidmətlər üzrə «nadan tələb» formalaşdırmaqdan ibarətdir. Təbiidir ki, «nadan tələb» məhz «qozbel təklif doğurar»...

Bir məlumata görə, ötən illər ərzində Bakıda «monolit karkas texnologiyası» ilə tikilmiş 800 çoxmərtəbəli binanın fasadını hansısa naməlum əsaslı plastik kütlə ilə «bəzəyiblər», yəni ki, izolə ediblər. Digər məlumatda isə deyilir ki, onların sayı 263-dür. Belə çıxır ki, illər ərzində yüzlərlə binanı yanar materialla «üzləyiblər» ki, yaxşı yansın - tez yansın, birdən yansın. Lap «hər şey yavaş-yavaş yandı, sənin makintojun isə birdən yandı» kimi. Fəqət nə təhər olubsa, hökumətdə heç kimin bundan xəbəri olmayıb. İndi Bakının «qradonaçalniki», fizika professoru Hacıbala Abutalıbov deyir ki, həmin materiallar analizə göndəriləcək, yanmaz olduğu təsdiq edilməsə, hamısı söküləcək. Di gəl, bunu anla - belə də professorluq olurmuş?! Durub çəkinmədən-utanmadan, deyir ki, «mənim şəhərimdə bina yanıb», ağlayır, «ölmək istəyirəm... bilsəm ki, ölsəm ölənlər dirilər, ölərəm, amma bilirəm ki, dirilməzlər...» səciyyəli məzhəkə oynayır...

Bina yandı - nə az, nə çox, 16 nəfər bu dünya ilə vidalaşdı. Bir yandan nadanlıq səbəbindən (nədən ki, «qozbel bina»da mənzil almaqdan da böyük nadanlıq olmaz!), digər yandan məsuliyyətsizlik və qeyri-kompetentlik səbəbindən dolayı. Adəti üzrə bu dəfə də «hadisəni araşdırmaq üçün» bir komissiya yaratdılar və adəti üzrə bu komissiyaya da Abid Şərifovu sədr təyin etdilər (baş naziri isə gördüm deyən yoxdur!). Yenə «həmin dalğa, həmin koordinat». Abid Şərifovun sədr olduğu əvvəlki komissiyaların «iş təcrübəsi»nə söykənib də əminliklə söyləmək olar ki, bu komissiya da mahiyyət etibarilə, «BXŞMB» (Bakı xeyir-şər məclisləri birliyi) çalışması sərgiləyəcək. Gerçək GÜNAHKARı isə «tapmaq mümkün olmayacaq». Nədən ki, «BXŞMB» öz səlahiyətlərini aşmaq təşəbüsündə bulunmağa cürət etməz...

Allah, Allah! Faciənin də «marja»sı olarmış. «Qradonaçalnik» demişdi ki, yanğından zərər çəkmiş ailələrin hər birinə 1000 manat pul yardımı ediləcək. Amma bu gün məlum ollur ki, onlara 1000 manat əvəzinə, 500 manat verirlər - yarıbayarı az! Komissiyanın və şəxsən Abutalıbovun yerdə qalan həmin 500 manata ehtiyacı olduğunu əsla, düşünmürəm. Məni düşündürən başqa mətləbdir - həmin verilməyən 500 manatlar toplanıb, necə olacaq?!

«Qradonaçalnik»in dediyinə görə, yanan binanın «təmir»i üçün 5 milyon manat vəsait ayrılıb. Çox yaxşı. Bəs həmin pulları şəxsən, kim «xərcləyəcək»? Vacib və bəri başdan narahatlıq doğuran məqamdır. Nədən ki, Azərbaycanın «məmur korpusu» sıralarında əliəyri olmayanı yoxdur! Ümid qalır tək Allaha...

Bu yanğın qızğın «penoplast müzakirəsi» doğurub. Hamı günahı penoplastda görür və sanki «qozbel göydələn»lərin təhlükəli qüsuru təkcə penopast örtükdən ibarət imiş. Fəqət, belə deyil və «qozbellər»in qüsuru xeyli çoxdur. Məsələn, onların təbii fəlakətlərə davamlılıq dərəcəsi, radiasiya təhlükəsi və s. Sanki hamı unudub - Allah göstərməsin, bir balaca yer titrəməsi olsa, «qozbel göydələn»lərin əksəriyyəti «yerlə bir olacaq». O zaman, bir neçə zavallı «JEK rəisi»ni həbs etməyin bir faydası olacaqmı?!

Qayıdıram penoplast məsələsinə. «Penoplast» kəlməsi ruscadır - «pena» (köpük), «plast» (plastik kütlə) sözlərinin birləşməsindən əmələ gəlir. Məgər, «qradonaçalnik» - fizika professoru (özü də molekulyar fizika!) bilmir ki, plastik kütlə yanar maddədir? Bu gün yapdığı çıxışda o, deyib ki, penoplast istehsal edən müəssisə onun tərkibinə yanmaya mane olan maddəni qatmayıb. Bu səbəbdən də binanın örtüyü tez bir zamanda yanıb, tüstüyə çevrilib. Bəs, professor bilmir ki, yanmaya mane olan maddəni penoplastın tərkibinə hansı məqsədlə qatırlar? Çıxışlarından görünür ki, bilir. Fəqət, özünü bilməzliyə vurur - bununla, məsuliyyətdən yayınmaq cəhdi göstərir...

Penoplastın ən çox yayılan növləri karbamid-formaldehid əsaslı və stirol əsaslı (penopolistirol) markalardır. Yanmaya daha etibarlısı karbamid-formaldehid əsaslı olanıdır. Bu xassə onun tərkib elementlərindən şərtlənir. Nədən ki, karbamid-formaldehid əsaslı penoplastın əsas elementi olan azot yanmır və yanmaya kömk də etmir. Amma onun mənfi xüsusiyyəti də var - temperatur şəraiti dəyişdikcə, ətrafa formaldehid (allergen hesab olunur) şüalandırır. Bu da insan sağlamlığına zərər vurur və s.

Penopolistirol isə stirolun polimerləşməsi üsulu ilə istehsal olunur. Bu zaman stirolun tərkibinə pentan (5 atomlu karbohidrogen) qatılır. Pentan özü isə neftdən alınır. Penopolstirolun yanar olması da bu iki komponentdən qaynaqlanır. Məhz bu səbəbdən dolayı, istehsal prosesində onun tərkibinə «antipiren» deyilən maddə qatırlar. Bu maddə od düşmüş penopolistirolun öz-özünə sönməsini təmin edir. Bununla belə, penopolistirol yanar materiallar qrupuna daxildir. Tərkibində antipirenin miqdarından asılı olaraq, penopolistirol yanarlıq dərəcəsinə görə, Q1-dən Q4-ə aid edilir. Belə ki, zaman keçdikcə, antipiren penopolistirolun tərkibində öz funksiyasını qismən itirir və bunun nəticəsi olaraq o, Q1 qrupundan Q2, Q3, Q4 qruplarına keçir. Deməli, tam tərkibdə istehsal olunmuş penopolistirol da zaman keçdikcə keyfiyyətini itirir və yanar hala gəlir...

Təhlükəsizlik nöqteyi-nəzərindən də penopolistirol arzuolunan deyil. Nədən ki, aşağı keyfiyyətli penopolistirol stirolun zəhərli monomerini şüalandırmaq xassəsinə malikdir ki, bu da insan sağlamlığı üçün təhlükə mənbəyi sayılır. Üstəlik də yanma zamanı penopolistirol insan sağlamlığı üçün təhlükə törədən zəhərli maddələr əmələ gətirir...

Bu məqamda, olduqca maraqlı bir mətləb üzərində dayanmaq yerinə düşərdi. Barəsində söhbət açdığım yanğın hadisəsi zamanı «qozbel göydələn»in sakinlərindən bir qisminin tüstüdən zəhərləndiyi barədə məlumat verilib. O da bildirilib ki, Azərbaycanın «şanlı səhiyyəçiləri» zəhərlənmiş sakinlərə diaqnoz qoyub - «natamam yanma nəticəsində əmələ gələn dəm qazından zəhərlənmə». Qeyri-kompetentliyin bariz nümunəsindən başqa bir şey deyil. Nədən ki, plastik kütlənin yanması zamanı dəm qazı yox, digər toksiki maddələr əmələ gəlir. Sakilərin zəhərlənməsi də bu səbəbdən baş verib. Amma bizim səhiyyəçilər hardan bilsinlər ki, yanan nə, tüstüsü nə olub?! Bu səbəbdən dolayı da qoyulan diaqnoz ətalət üzrə yazılmış məsuliyyətsiz mətndən başqa bir şey deyil...

Hələ 1960-cı illərdə sovet alimləri müəyyən etmişdilər ki, plastik kütlə ilə uzunmüddətli təmasda olmaq, plastik kütlə ilə təmasda olan ərzaq məhsullarını uzun müddət istehlak etmək insanlarda onkoloji xəstəliklərin riskini dəfələrlə artırır. Odur ki, SSRİ-nin bütün imkanlı adamları evində, iş yerində «Zil Moskva» soyuducusundan istifadə edirdi. Bunun sadə bir səbəbi var idi - «Zil Moskva»nın istehsalında plastik kütlə materialından istifadə olunmurdu. İndi isə binalarımızı bütövlüklə plastik kütləyə «bələyirlər»! Bəs, «şanlı sanepidçi»lər bu çalışmaya hansı əsasla «gigiyenik sertifikat» yazırlar? Məgər, «SanPin»lər, «İnşaat norma və qaydaları» indi daha işlək deyil?

Bir məsələ də var. Maraqlıdır, «qozbel bina»ları məhz hası məqsədlə penoplast örtüklə «izolə edirlər»? Bir səbəbi binanın fasadına yaraşıq verməkdirsə, digər səbəbi divarların ifrat nazik olmasından şərtlənən qüsuru ört-basdır etməkdir. Fasadı «izolə» olunmasa, bu binalarda yaşamaq bir müşkül olardı - səs-küydən, yayda istidən, qışda soyuqdan. Beləliklə, «qozbel»lərin bir qüsuru da ortaya çıxır - «divarsızlıq»! Yaraşıq vermək isə bir başqa yanaşmadır ki, minbir məqbul üsulu var. Məsələn, klassik üsul - daşla, qranitlə, metlax materialı ilə üzləmə...

Əcəba, məhz nə üçün Azərbaycan inşaatçıları tikinti prosesində saxta yapmağı özlərinə rəva görürlər? Bir neçə səbəbi var. Onlardan ən əsası tikintiyə çəkilən «qeyri-smeta xərcləri»nin smeta xərclərini dəfələrlə üstələməsidir. Məhz bu «izafi xərc»lər inşaatçıları «cinayətkar qənaət»ə təhrik edir. Nəticədə, tikilən bina da «qozbel olur». Məgər, «qradonaçalnik» bunu bilmir? Odur ki, hər birimiz səslənməliyik - qardaş, rüşvət almayın ki, inşaatçı da «qozbel» yapmasın!!!

Yazının əvvəlində yazdım ki, günahkarın biri də «nadan tələb»dir. Bunu nadan istehlakçı formalaşdırır - bilərəkdən, ya bilməzlikdən dolayı, belə təhlükəli «qozbel göydələn»də özünə mənzil alır və... bir müddətdən sonra həmin mənzildə ya zəhərlənib xəstəlik tapır, ya da Binəqədidə olduğu kimi «diri-diri yanır»! Odur ki, fikirləşmək pis olmazdı...

Yazmağı bizlərdən, nəticə çıxarmağı sizlərdən. Mübariz demiş - «çalışın salamat qalın».

Mirzə AĞ

AzPolitika.info

P.S. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralanmışlara şəfqət, səbəbkarlara isə lənət diləyirəm. Amin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar