Hərbi Nəşriyyatda “ölü can”ları işə çağırıblar

Müdafiə Nazirliyinin Maliyyə İdarəsi 58 min manatlıq yeyinti aşkarlayıb

Müdafiə Nazirliyi (MN) və əlaqəli qurumlardakı korrupsiya faktları haqda dəfələrlə yazmışıq. Ötən saylarımızdan birində MN-in tabeliyində olan Hərbi Nəşriyyatda “ölü can”ların saxlanılması haqda məlumat vermişdik. Qeyd etmişdik ki, yaş senzinə görə ordudan peşəkarların uzaqlaşdırıldığı bir vaxtda Hərbi Nəşriyyatın direktoru, yaşı 75 haqlamış Pənah Abdullayev nəşriyyat sahəsini mükəmməl bilən ixtisaslı kadrları işə götürmür. İşə götürülənlər isə maaşı yüksək olan vəzifələrə təyin olunmur. Üstəlik Hərbi Nəşriyyatda onlarla işə gəlməyən, sənədlərdə yalnız adları qeyd olunan “ölü can”ların varlığını da qeyd etmişdik.

P.Abdullayev ötən yazımızdan sonra bütün “ölü can”ları Hərbi Nəşriyyata çağırıb və onlara ciddi tapşırıq verib ki, sorğu-sual olunsalar, Hərbi Nəşriyyatda işlədiklərini söyləsinlər.

Mənbə P.Abdullayevlə MN Tərbiyəvi İşlər İdarəsinin rəisi Vaqif Məmmədov, bir qədər əvvəl “Azərbaycan Ordusu” qəzetindən uzaqlaşdırılan İsa İsmayılovun birgə fəaliyyətindən də danışıb. Deyib ki, bir qədər əvvəl MN-nin Maliyyə İdarəsi Hərbi Nəşriyyat və “Azərbaycan Ordusu” qəzetinin maliyyə vəziyyətini yoxlayıb. Yoxlama zamanı külli miqdarda yeyinti üzə çıxıb. Həmin yeyintilərin böyük hissəsi rəsmiləşdirilməyib. “Azərbaycan Ordusu” qəzetində 58 min manatlıq yeyinti üzə çıxıb. Mənbə İsa İsmayılovun buna görə tutduğu vəzifədən uzaqlaşdırıldığını deyib: “Bunları sübut edən sənədlərin surətləri də var. Hər iki qurumu yoxlayan Maliyyə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov olub. Yeyinti və çatışmazlıqların bir hissəsi bərpa olunub. Lakin 58 min manat qalıb. İsa İsmayılovun vəzifədən çıxarılmasının pərdəarxası hissəsi bundan ibarətdir”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar