İNTELLEKTUALLAR RUSİYANI TƏRK EDİR - Məşhur iqtisadçı ABŞ-ı seçdi

2014-cü ildə daimi yaşayış üçün Rusiyadan köçüb xaricə gedənlərin sayı 203 min nəfəri ötüb

Bir-birinin ardınca müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar səviyyəli mütəxəssislər Rusiyanı tərk edirlər. Həmin mütəxəssislərdən biri də tanınmış iqtisadçı Konstantin Sonindir.

Ölkədən köçən Konstantin Sonin bundan belə Çikaqo Universitetinin tələbələrinə dərs keçəcək. Yüksək səviyyəli mütəxəssislər öz ölkələrini yaxşı karyera və uşaqlarının xöşbəxt gələcəyi üçün tərk etmək məcburiyyətində qalırlar. Çünki bürokratiya və korrupsiya girdabından xilas olmağa can atan mütəxəssis alimlər, Rusiyada yaxşı gələcək qura bilməyəcəklərini anlayırlar.

Tanınmış liberal iqtisadçı K.Soninin öz vətənini tərk etməsi, Rusiyanın beyin axını problemindən hələ uzun müddət qurtula bilməyəcəyinin əlamətidir. Konstantin Sonin Moskva Ali İqtisadiyyat Məktəbinin professorudur və Kremlin apardığı iqtisadi siyasəti daima kəskin tənqid edib. K.Sonin ölkədən getməsi barəsində öz bloqunda yazıb: ”Əlbəttə, mənim ölkədən getməyim, son illər Rusiyada cərəyan edən siyasi hadisələrlə bağlıdır. 2014-cü ilədək xaricdə işləmək məsələsi mənim heç ağlıma belə gəlməyib”.

Bir çox amerikalı alimlər K. Soninin Rusiyanı tərk etməsi xəbərinə twitter səhifələrində geniş şərh yazıblar. Həmçinin onlar müxtəlif zamanlarda Konstantin Sonin kimi xeyli sayda görkəmli iqtisadçı alimlərin Rusiyadan getmələrini xüsusi olaraq qeyd ediblər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Maklof isə bildirib ki, bu hadisə Rusiya üçün itki olsa da, əksinə Çikaqo Universiteti üçün qazancdır.

Konstantin Soninin verdiyi qərarı heç də gözlənilməz adlandırmaq olmaz. Çünki təkcə son iki il ərzində Rusiyanı Sergey Quriyev də daxil olmaqla, bir neçə tanınmış iqtisadçı alim tərk edib. Bunun başlıca səbəbi isə Rusiya hakimiyyəti tərəfindən həmin iqtisadçılara qarşı yönəlmiş siyasi təzyiqlər və həmçinin də xarici ölkələrdə daha geniş fəaliyyət imkanlarının mövcudluğu ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, mühacirətə gedən iqtisadçılara qarşı göstərilən təzyiqlərin səbəbi, onların Kremli güclü tənqid atəşinə tutmaları ilə əlaqədardır.

Rusiya akademiklərinin ölkədən çıxıb getmələri , ümumi demoqrafik köç dalğasının tərkib hissəsidir. Mühacirətin səviyyəsi 1997-2011-ci illər arasında nisbətən azalsa da, ancaq Vladimir Putinin 2012-ci ildəki mübahisəli üçüncü prezidentlik müddətindən sonra daha intensiv şəkildə yüksəlməyə başlayıb. Statistik göstəricilərə nəzər yetirsək görərik ki, 2012-ci ildə Rusiyanı 123 min nəfər, 2013-cü ildə isə 186 min nəfər tərk edib. Amma Krımın ilhaqından sonra Rusiyadan köçənlərin sayı daha çox artıb. Beləki, 2014-cü ildə daimi yaşayış üçün Rusiyadan köçüb xaricə gedənlərin sayı 203 min nəfəri ötüb. Ən maraqlısı isə indiki vəziyyətdə hansı insanların Rusiyadan getməsi məsələsidir. Əgər Sovet İttifaqının dağılmasından sonrakı ilk illərdə mühacirətə yollananların içərisində əsas etibarı ilə kasıb və qeyri-ixtisas sahibləri olan gənclər üstünlük təşkil edirdisə, indiki mühacirət dalğasında həmin kontingentlə yanaşı, yüksək ixtisaslı mütəxəssislər də yer alırlar. Son dövrlər Rusiyadan gedənlər sırasında şahmatçı Harrı Kasparovun, jurnalist Leonid Berşidskinin və “Kontakt”sosial şəbəkəsinin qurucusu Pavel Durovun adlarını çəkmək olar.

Sözsüz ki, ölkədən gedənlərin əksəriyyəti özünün gələcəyi üçün daha yaxşı karyera yaratmaq niyyətində olanlardır. Digərlərini isə bu addımı atmağa Rusiyadakı korrupsiya, bürokratiya və ədalətsiz məhkəmələrdəki neqativ hallar vadar edir.

Mühacirətə yollananlardan bir hissəsi isə öz övladları naminə bu cür addım atdıqlarını deyirlər. Çünkü Rusiyada normal ictimai-siyasi şəraitin yaranmasına ümid bəsləyənlər artıq bu arzuların baş tutacağına olan inamlarını itiriblər. Elə bu səbəbdən də sankı onlar üçün ölkədən çıxmağın vaxtı gəlib çatıb.

(Business İnsider)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar