Abituriyentlər üçün bəd xəbər?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq bu günlərdə ixtisas qrupu üzrə keçid ballarını qaldırıb. TQDK-nın qərarına görə, 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlər buraxılacaq:

Geologiya-300 bal; Kompüter elmləri-300 bal; Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi-250 bal; İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal; İnşaat mühəndisliyi-250 bal; Nəqliyyat tikintisi mühəndisliyi-250 bal.

TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək. Göstərilən ixtisaslar üzrə ali məktəbə daxil olmaq istəyən abituriyentlər müsabiqəyə buraxılmaq üçün həmin keçid balını toplamalı olacaqlar. Əks halda, abituriyentlər müsabiqədə iştirak edə bilməyəcək.

Valideynlər və abituriyentlər təbii ki, bu qərarı birmənalı qarşılamayıb, hətta təəccübləniblər. Onlar deyirlər ki, imtahana az bir müddət qalmış belə bir addımın atılması doğru deyil. TQDK-nın tətbiq etdiyi bu yenilik qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün çətinlik və müəyyən stress yaradır. Digər tərəfdən, indiyədək keçid balı qəbul imtahanlarından sonra, abituriyentlərin göstərdiyi nəticələrdən asılı olaraq müəyyənləşirdi. Amma indi tərsinə olacaq. Bu, ədalətli və doğru deyil.

Ümumiyyətlə, bu yeniliyə ehtiyac var idimi və bunun faydası nədir? Təhsil Nazirliyinin və TQDK-nın keçid balını qaldırmaqda məqsədləri nədir? Bunun müsbət nəticə verəcəyini düşünmək mümkündürmü?

Təhsil üzrə ekspert Etibar Əliyev ANS PRESS-ə bildirib ki, birinci ixtisas qrupu üzrə keçid balının artırılması müsbət hal kimi qəbul olunmaldır. Çünki keçid balının aşağı olması xeyli sayda tələbənin 1-ci ixrtisas qrupuna cəlb olunmasına şərait yaradır. Yəni abituriyent kütləsinin böyük qismi hesab edir ki, keçid balı aşağı olduğu üçün 1-ci qrupa üz tutmaq lazımdır və nəticədə bu, texniki fənlər üzrə zəif mütəxəssis hazırlığına şərait yaradır. Yəni 150-200-250 bal o deməkdir ki, bu abituriyentlər elementar riyazi tənlikləri, fizikanın elementar əsaslarını bilməyənlərdir. Onlar çox hallarda təsadüf nəticəsində tələbə hüququ qazanırlar.

Onun sözlərinə görə, burada başqa bir məqam ondan ibarətdir ki, bir çox texniki ali məktəblərin təbiət üzrə ixtisaslarında plan yerlərinin olmaması məsələsi ortaya çıxır: "Hesab edirəm ki, hazırda ali məktəblər bundan çəkinməməlidirlər. Ən yaxşı halda bir çox ixtisasların birləşdirilməsi faydalı olar. Yaxud mütəxəssis hazırlanması və abituriyentlərin daha məsuluyyətli olmaları baxımından tələbələrin kiçik keyfiyyətli hissəsinin əvvəlki qaydada aşağı balla qəbul olunma proseduruna nisbətən daha əhəmiyyətlidir. Abituriyentlər bunu bildiyindən imtahanlara yaxşı hazırlaşmırdılar, oturub gözləyirdilər ki, TQDK keçid balını aşağı salsın. Amma indi belə olmayacaq. Abituriyent artıq biləcək ki, filan ixtisasa qəbul olunmaq üçün bu qədər bal toplamalıdır. Bilik səviyyəsini artırmağa cəhd edəcək, imtahanlara yaxşı hazırlaşacaq, məsuliyyəti artacaq.

O, keçid balı 150-yə salınan zaman qəbul planı dolmurdusa, 250 bal olanda plan yeri necə doldurulacaq, yəni bir il ərzində təhsilin səviyyəsi bu qədər yüksələ bilərmi" suallarına cavabında deyib ki, ölkədə abituriyent kütləsinin böyük hissəsi humanitar ixtisaslara meyl edir. Bu, müsbət hal sayıla bilməz. Bu gün dünyada ölkənin inkişafını şərtləndirən amillərdən biri fundamental və texniki-təbiət elmlərinə marağın yüksək olması ilə bağlıdır. Yəni ölkənin inkişafı bu sahədə hazırlanan mütəxəssislərdən asılıdır. Ona görə, nisbətən yuxarı bal göstəriciləri əlavə hazırlıq tələb edir.

E.Əliyev vurğulayıb ki, burada söhbət fizika və riyaziyyat fənlərindən gedir. Amma hazırda bu iki fənnin tədrisində ölkə üzrə böyük problemlər var. Yəni ümumi orta göstəricilərə görə, abituriyentlərin böyük hissəsi həm buraxılış, həm də qəbul imtahanlarında riyaziyyatdan və fizikadan aşağı nəticələr göstərirlər. Bu baxımından, keçid balının artırılması bu ağır durumu bir qədər yaxşılaşdıra bilər. Yəni boş qalan yerlərlə yanaşı, dolan yerlərdə abituriyentlərin əvvəlki illərə nisbədən bir qədər yüksək hazırlığına şərait yarada bilər.

Bəzi ekspertlər isə birinci qrup ixtisaslar üzrə keçid balları artırılmasını məqbul saymırlar. Onların fikrincə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sonda yenə də keçid ballarını aşağı salmaq məcburiyyətində qalacaq. Çünki yenə də ortaya qoyulan nəticələrlə keçid balları üst- üstə düşməyəcək, sonda plan yerləri dolmayacaq, keçid balı aşağı salınacaq. Ona görə də builki qəbul imtahanlarında tətbiqinə hazırlaşılan yeniliyin müsbət nəticə verməyəcəyi daha real görünür.

Sosial şəbəklərdə isə Azərbaycanda orta təhsil aşağı səviyyədə olduğunu bildirirlər: "Azərbaycanda orta təhsildə az-çox uğurlar varsa, bu uğurlar repetitorlar və özəl məktəblər hesabınadır. Ümumiyyətlə, plan doldurmaqdan söhbət getməməlidir. Azərbaycanda məhz plan doldurmaq naminə bilik səviyyəsini nəzərə almadan ali məktəblərə tələbə qəbul edir. Yüksək inkişaf eləmiş ölkələrdə məzunların 33 faizi ali məktəbə daxil olursa, bu, həm də onların orta məktəblərdə bilik səviyyəsinin yüksək olduğunu göstərir. Azərbaycanda isə ali məktəblərdə abituriyentlərin 20 faizi taxşı oxumağa layiqdir."

Xatırladaq ki, Dünya Bankının hesablamasına görə, Azərbaycanda universitetlərə və kolleclərə qəbul səviyyəsi 20 faizdir, bu da yuxarı gəlirli və orta gəlirli ölkələr üzrə göstəricilərdən nisbətən azdır. Orta gəlirli ölkələrdə bütün məzunların 25,5 faizi, yuxarı gəlirli ölkələrdə 33,4 faizi universutetlərə və kolleclərə qəbul olunur. Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 38-ci, ali təhsildə isə 90-cı yerdədir. İbtidai təhsildə isə 104-cü yerdə qərarlaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar