ABİD ŞƏRİFOV DA ÖZÜNÜ “YANDIRDI” – Necə deyərlər, insanda mədəniyyət yaxşı şeydir! + VİDEO

Deyəsən, bəzi məmurların harınlama prosesinin qarşısını heç kim ala bilmir! Kimdir, nədir bunları bu qədər özündən razı və toxunulmaz hiss etdirən? Bu boyda faciə oldu, balalarımız yandı, öldü, amma bunların vecinə deyil, yenə həmin yekəxanalıq, həmin harınlamışlıq!

Adamı körpə balalar da daxil olmaqla, 15 insanın həlak olduğu yanğın hadisəsindən sonra yaradılan komissiyanın sədri qoyublar. Jurnalist yanan binanın bərpası ilə bağlı peşə fəaliyyətindən irəli gələn çox sadə bir sual verir - “Tikinti işlərinə hansı şirkət daxil olacaq”, deyə. Hörmətli Abid Şərifov cavab verir: “Səə nə dəxli var?” Bu cavabı hansısa “Papanin” məhəlləsinin “polojeniyasına baxan” avtoritet yox, baş nazirin müavini, prezidentin yaratdığı xüsusi komissiyanın rəhbəri verir. Hansı ki, onun birbaşa borcudur - bir dövlət məmuru kimi, tam ciddi və məsuliyyətli formada bu faciənin fəsadları və onun aradan qaldırılması ilə bağlı dəqiq və dolğun cavab versin. Adama deyərlər, özünə hörmət qoymursan, heç olmasa, səni komissiya sədri kimi bu məsul vəzifəyə qoyanlara hörmət elə. Axı ən azından çörək borcun var...

Burada həm də söhbət belə məmurları olduqca məsuliyyətli posta təyin edən dövlətin qürur məsələsindən gedir, onu çeynəməyə heç kəsin haqqı yoxdur! Necə yəni sənə nə dəxli var? Bəs kimə dəxli var? O yanan binanın üzlənməsini həyata keçirən şirkəti də bu hadisəyə qədər heç kəs tanımırdı. Heç kim də soruşmamışdı ki, bunlar kimdir? Nəticəsi də göz qabağındadır. İndi soruşanda da deyirsiz ki, sənə nə dəxli var. Kimdən soruşaq, qardaş?! Yaxşı, dəxli yoxdur, nə istəyirsiniz edin, kim istəyir tiksin, kim istəyir söksün, camaatın balaları da yansın. Əsas odur ki, Abid Şərifov ranqlı məmuralara heç kim dəyməyəcək. Nə qədər ki, bu tip hadisələrdə “jek” müdirlərini tutacaqlar, Abid Şərifov kimilər jurnalistə “sənə nə dəxli var” deyə biləcək! Gözəl bir söz var – “yoğun adamdan incə hərəkət gözləmə”! Əli cibində jurnalistin qabağına çıxıb “hə”, hı” deyən məmurdan balaları, evi-eşiyi yanan bir kişiyə dəstək, ədalət gözləmək olarmı? Axı burada sadəcə mədəniyyət sarıdan problemlər var - mədəniyyət olmayan yerdə hansı mərhəmətdən söhbət gedə bilər? Mətanət demişkən, bir küləkdir - əsib keçəcək! Abidkimilərinin öz problemləri var – nə mənəviyyat, nə mədəniyyət, nə insanpərvərlik? Axı hörmətli Abid Şərifova sual verən jurnalist (yeri gəlmişkən, o jurnalistlərin hərəsi bir kanalcıqdan gəlib, həmin jurnalist təcrübəsiz ola və belə məmurlara sual verərkən bir sıra məqamları nəzərə almaya bilər, amma bu o demək deyil ki, məmur da həddini aşmalıdır! Azərbaycan mətbuatı tək o uşaqlardan ibarət deyil...) ondan soruşmur ki, siz dəyəri milyonlarla ölçülən filan villanızın metlakını hansı ustaya vurdurursunuz?

Adam soruşur ki, qardaş, dövlətin hesabına görüləcək bu bərpa işlərini hansı şirkət yerinə yetirəcək, bina yenə yanmayacaq ki? Axı bu işlərə xərclənən pullar kiminsə dədəsinin pulu deyil! Borclusunuz bu suala cavab verməyə! Sizsə, təkcə jurnalisti yox, bu sualın cavabı ilə maraqlanan milyonlarla insanın az qala üzünə tüpürəcək formada “sənə nə dəxli var?” deyərək, bahalı “cip”ə minib oradan uzaqlaşırsız. Hansı ki, siz nəinki o suala, hətta o mindiyiniz “cip”ə, ona tökdürdüyünüz hər litr benzinin pulunu hardan aldığınıza qədər, hər şeyə görə hesabat verməlisiniz! Adam az qalır hayqırsın - bu adamlar hansı eradan qalıb, hansı düşüncənin sahibidirlər, axı biz guya Avropaya gedirik...

Heç kimin xətrinə dəymək istəmirik. Bir çox məmurlarımız vətənimizin gözəl parçası olan Şəkidəndir və sözsüz ki, o cənnət diyarı sevirlər. Amma nə Şəkini, nə Naxçıvanı, nə Gəncəni, nə Lənkəranı və digər bölgələrimizi oradan çıxıb hakimiyyətdə söz sahibi olan məmurlarla tanımayın lütfən, çünki onlar gəldi-gedərdir! Camaatımız isə qat-qat daha insanpərvər, mədəni və sadədir!

TAHİR

P.S. Yeri gəlmişkən, Abid Şərifov təkcə əli cibində mədəniyyətdən kənar danışığı ilə diqqəti çəkmədi. Həm də nə işdirsə kefi də kök idi – bir neçə gün əvvəl 15 nəfərin yanaraq öldüyü məkanda kameralar önündə gülməyi də özünə rəva bildi. Xatırlayırsınızsa, bir müddət əvvəl isə, A.Şərifov Türkiyədə zəlzələdə həlak olan insanların anım tədbirində ağlamışdı. Hansında daha səmimi idi?...

"GÜLƏN" ABİD ŞƏRİFOV...

"AĞLAYAN" ABİD ŞƏRİFOV...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar