Pula görə insanları yandırmayın!

Prof.Dr. Qüdrət İsaqov

Bakıda ağlı başında olan hər bir insan yaxşı bilir ki, Bakı şəhərində penoplastlar ilk dəfə paytaxtın hansı rayonunda evlərin facadlarına vurulmağa başlayıb.

Azərbaycanda hamı bilir ki, sonradan binaların yanan və yanmayan materiallarla üzlənməsi Bakı şəhərinin bütün rayonlarında geniş vüsət aldı.

Azərbaycanda hamı bilir ki, penoplast üzlüklər digər şəhərlərimizdə də binaların fasadlarına vurulub.

Azərbaycanda 1000-ə yaxın bina penoplastla üzlənib. Sumqayıtda 2 bina yandı, heç bir tədbir görülmədi. Bakıda 1 bina yandı, heç bir tədbir görülmədi. Bakıda 16 mərtəbəli bina yandı, 15 nəfər öldü. 50 nəfər yaralandı.

Bakıda hamı bilirdi ki, binaların üzlükləri yanacaq.

Prezident İlham Əliyev yüksək vəzifəli məmurlardan ibarət komissiya yaratdı və dedi ki, onu da aldadıblar ki, bu penoplast üzlüklər yanmır. Odadavamlıdı. Prezident dəfələrlə soruşub, yenə aldadıblar ki, odadavamlıdı. Şübhə yoxdur ki, Prezident bu sualı indi həbs olunan Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin rəisinə, mənzil kommunal təsərrüfat birliyinin rəisinə və 2 il bundan öncə işdən çıxarılan və indi həbs olunan İcra hakimiyyətinin müavininə verməyib.

Həbs olunanlar “peşkalar” və sadəcə “günah keçiləri”dilər.

Prezident bu sualı ən azı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Bakı şəhərindəki rayonların icra başçılarına verib. Yəni Prezidenti aldadanlar hakimiyyətin yuxarı eşalonunda olan şəxslərdir. Daha konkret desək, Prezidenti aldadanlar Hacıbala Abutalıbov və digər şəhər-rayonların icra başçılarıdır. Belə olan halda niyə ilk növbədə Prezidenti aldadanlar yox, xırda-para “peşkalar” həbs olunurlar.

Azərbaycanda hamı bilir ki, Bakı şəhərindəki bütün layihələr, evlərin tikintisi, Bakı Şəhər İcra Hakimiyyətinin və birbaşa Hacıbala Abutalıbovun icazəsi ilə həyata keçirilir.

Əgər Komissiyanın məqsədi Bakı şəhərində gələcək yanğınların və insan tələfatlarının qarşısını almaqdısa, nəyə görə ilk növbədə Bakı şəhərində evlərin fasadlarını və damlarını təmir adıyla yanan üzlüklərlə üzləyən Hacıbala Abutalıbov istintaqa cəlb olunmur? Hacıbala Abutalıbov deyə bilər ki, o, bu işlərlə məşğul olmayıb. Bir anlığa deyək ki, Hacıbala Abutalıbov düz deyir. Onda zəhmət çəkib istintaqa ifadə versin ki, bu işləri kimlər görüb, insanları yandıran kimdir? Hacıbala Abutalıbov desə ki, bu işləri məndən aşağıda olan rayon icra hakimiyyətləri ediblər, onda qoy desin ki, bunlar kimlərdir? Bunlara kimlər “krışalık” edib? Onlar bu işlər üçün pulu kimdən alıblar? Mən onlara niyə icazə verdim?

Bütün məsələ isə bundadır ki, bu işləri hansı təşkilatın görməsindən asılı olmayaraq, üzlüklər layihəsi Bakı Şəhər İcra Hakimiyyətinindir. Heç kəs Bakı şəhər İcra Hakimiyyətinin və şəxsən Hacıbala Abutalıbovun rəsmi icazəsi olmadan belə nəhəng miqyaslı layihəni həyata keçirə bilməz.

Bu gün Prezidentin əmrinə əsasən bütün binaların penoplast üzlükləri sökülür. Hörmətli Prezidentimiz İlham Əliyevdən xahiş edirəm: Bakını tikinti-söküntü poliqonuna çevirənləri, yanğın törədənləri penoplast kimi hakimiyyətdən söküb atsın. Onların yerinə normal, ağlı başında olan insanlar təyin etsin.

Bu dediyimi Bakı şəhərinin çox yeirinə vurulan lövhələr də isbat edir. Həmən lövhələrdə yazılmışdı ki, "Binaların fasadlarında və dam örtüklərindəki təmir-bərpa işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik." Dediklərimi isbat etmək üçün həmən lövhələrdən birinin şəklini yazıma əlavə edirəm. Yəni kor-kor, gör-gör!

Yazımın sonunda paytaxtımızı tikinti-söküntü poliqonuna çevirən, milyard manata yaxın büdcə vəsaitini havaya sovurub, paytaxtımızda 800-dən çox binada penoplast üzləmə aparan və insanları diri-diri yandıranların hamısını günahlarını boyunlarına alıb istefa verməyə çağırıram.

Qalanı istintaqın və məhkəmənin işidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar