Malayziya hakimiyyətindən rəsmi etiraf

Ölkə ərazisində kütləvi qaçqın məzarlıqları var!

Xarici KİV-in yaydığı məlumata görə, Malayziyanın hakimiyyət dairələri ölkə ərazisində kütləvi qeyri-leqal miqrant məzarlıqlarının və Banqladeş və Myanmadan olan qaçqınların saxlandığı 17 əsir düşərgəsinin aşkarlandığını təsdiq edib. Bu barədə ölkənin daxili işlər naziri Əhməd Zahid Həmidi məlumat verib (TASS).

Onun sözlərinə görə, Malayziyanın qərbində, Tailandla sərhəd bölgəsində yerləşən bu düşərgələrin ən azı, son 5 il ərzində fəaliyyət göstərdiyini ehtimal etmək olar. Nazir deyib ki, asayiş keşikçiləri bu rayona gələn zaman düşərgələrdə artıq heç kim olmayıb. Hazırda kriminalistlər məzarların öyrənilməsinə başlayıblar. Məzarların hər birində 3-5 cəsədin birlikdə basdırıldığı ehtimalı var. Amma nazir məzarların ümumi sayı barədə heç nə deməyib. KİV-in məlumatına görə, söhbət yüzlərlə qaçqının basdırılmasından gedir.

Nazirlik başçısı onu da qeyd edib ki, «Malayziyanın insan alverinə cəlb olunduğunu etiraf edir», amma ölkənin hakimiyyət dairələrinin baş verənlərə heç bir aidiyyatı yoxdur. Bundan əvvəl Malayziyanın rəsmi dairələri uzun müddət ölkə ərazisində qul alverçilərinin saxladığı əsir düşərgələrinin mövcudluğunu inkar edirdi.

Myanmada yaşayan rohincə xalqının nümayəndələri öz vətənlərində təqiblərdən qaçaraq, Malayziya ərazilərində sığınacaq tapmağa çalışır. Bir müddət əvvələ qədər onlar miqrasiyanın quru yolundan (Tailanddan keçməklə) istifadə edirdilər. Bu yolda bir çox hallarda onlar cinayətkar qrupların əlinə keçirdi və azad olunmaq üçün onlardan pul tələb edilirdi.

Tailand hakimiyyəti bu kanalı bağladıqdan sonra minlərlə qaçqın qonşu ölkəyə dəniz yolu ilə axışmağa başladı. Bu da gerçək humanitar fəlakətə gətirib çıxartdı.Çünki nə İndoneziya, nə Tailand, nə də Malayziya qeyri-leqal miqrantları daşıyan gəmiləri qəbul etmirdi. Bunun nəticəsində 7 min miqrant 2 həftəyə qədər ac-susuz, açıq dənizdə qalmışdı. BMT-nin işə qarışmasından sonra qaçqınlara müvəqqəti sığınacaq verilməsi barədə qərar qəbul olundu.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar