TELETƏRBİYƏSİZLİK - Tamaşaçının zövqünə və səbrinə divan tutmaqdadırlar

Sözdən və qələmdən ayıb olsa da, daha keçib, fikir bildirmədən keçinə bilmədik. Susduqca söz meydanını da, efir məkanını da qarğa-quzğun başına götürür. Bir qədər də biganəlik sərgiləyib fürsəti fövtə versək, daha “tumanbağını bağlamağa” ehtiyac qalmayacaq, necə deyərlər, rəsmi, iş-işdən keçəcək.

Bəri başdan ifadə edim ki, nə ATV bir telekanal kimi, nə də onun “sifət”lərindən (sifət də var sifət haa - !) biri olan Mətanət Əliverdiyeva diqqətimizi cəlb etməyə layiq obyektlərdir. Sadəcə, söhbət kifayət qədər böyük auditoriyası olan elektron mediadan, onun vizual-informativ və əxlaqi-estetik effektindən getdiyi üçün ortaya mövqe qoymağa məcburuq.

Məlum yanğın faciəsi ilə bağlı “Gündəlik” proqramının aparıcısının ən azından mətbuat və sosial şəbəkədə “gündəm yaradan” səyləməsi həqiqətən də həzm ediləsi deyildi. Söhbət həm də tək onlarca ailənin faciə və məhrumiyyətindən, milyonlarca azərbaycanlının öz soydaşlarına göstərdiyi şəfqət və dəstək fonunda bir media quruluşunun sərgilədiyi antihumanizmdən, biganəlikdən, canım sənə desin, sosial indefferentlik və “pofiqizm”dən gedir.

Ən qorxulusu isə odur ki, ATV-nin studiyasında baş verənlər təsadüf deyil, artıq az qala “kütləvi istehsala” buraxılmış efir siyasətidir: - səhnədə şöngümək, ölkə ziyalılarını məsxərəyə qoymaq, insanların dərd və faciəsinə öz arsızlığı ilə duz səpmək, daha nələr... nələr..!

* * *

Bir zəruri haşiyə çıxmaq istəyirəm. Bu gün elektron yayım quruluşlarının izləyici auditoriyasına təqdim etdikləri ictimai-siyasi, sosiomədəni və maarifçi tok-şou və layihələr bütövlükdə cəmiyyətə və ayrılıqda hər bir insana ünvanlandığına görə teleməhsul kimi mühüm sosial əhəmiyyət daşıyırlar. Buna görə də ölkə teleməkanındakı hər bir kanal istehsal etdiyi verilişlərin elmi-intellektual, bədii-estetik və mədəni-mənəvi parametrlərinin üst səviyyədə olmasının qayğısına qalmalı, tamaşaçını ideya-bədii məzmun və keyfiyyətdən xali verilişlərlə, mətbəx və kandar seyrçisinə hesablanmış bəsit və bayağı şoularla yormamalı, əksinə, yüksək zövq, estetik meyar, fikir və düşüncə "istehsal" etməlidir.

Çünki ən azından bu gün ətrafımızda televiziyanın müasir ekran sənəti kimi ali mədəni-kulturoloji və mənəvi-estetik missiyasının olduğunu çox ciddi və özgün amil kimi dəyərləndirən peşəkarlar, keyfiyyətli zövq sahibləri var.

Heç şübhəsiz, söylənənlər arzu, təklif deyil, ölkə vətəndaşlarının gündəlik həyat tərzinin, yaşamının bir hissəsinə çevrilməyə iddia edən televiziya üçün fəaliyyət proqramı, yol xəritəsidir.

Söylənilənlər hər nə qədər televiziyaşünaslığın, mediologiyanın nəzəri müntəxəbat sayıla biləcək prinsiplərinə aid olsa da, bu gün nəinki bəzi telekanalların “ulduz” xəstəliyinə mübtəla olmuş aparıcılarının, hətta həmin yayım quruluşlarını yönəldənlərin belə çətin fəhm edə biləcəyi, yəni qanacağı məsələyə çevrilib.

Efir “setka”sı səviyyəsizlik, qeyri-peşəkarlıq qoxuyan, tamaşaçıya açıq-aşkar hörmətsizlik püskürən, maarifçiliyi xürafatla, əyləncəni mütrüflüklə əvəzləmiş bayağı verilişlərlə dolduran bəzi “vüqarlı təklikdə” qalan telekanallar artıq peşəkarlıq sarıdan o qədər aşınıblar, yoxsullaşıblar ki, birbaşa yayımda tərbiyəsizlik nümayiş etdirməkdən də çəkinmirlər.

Bir tamaşaçı və telecamiədə baş verən kütləvi kütləşmə, idbarlaşma, nimdaşlaşma  proseslərinə biganə qala bilməyən qələm adamı kimi böyük təəssüf  hissi ilə bütün bu neqativlərin bariz ifadəsini məhz ATV kanalının nümunəsində izləmək mümkün olduğunu söyləyə bilərəm. Təbii ki, bu telekanalın istehsal etdiyi heç də bütün məhsulları “kanalizasiyalıq” hesab etmək də olmaz. Ancaq milləti düşündürmək, mənən zənginləşdirmək, ədəbi ideallar, əbədi dəyərlər, bədii-estetik prinsiplər axtarışına çıxmaq əvəzinə bu kanal əyləncə adına parodiya, əcnəbi şou layihələrin əcaib təqlidi sayıla biləcək əttökən verilişlərlə tələbkar tamaşaçının zövqünə və səbrinə divan tutmaqdadır.

Hələlik bu yayım quruluşunun fəaliyyətini bütövlükdə “təftiş” etmək fikrindən uzağıq. Ən azından vaxtımızı adıgedən kanalın gündəlik yayım “xronometrajından” qiymətli hesab ediyimizə görə. Amma Azad Azərbaycanın televiziyası adına iddia edən bir media qurumunun Azərbaycn vətəndaşının hisslərini təhqir etmək, cəmiyyətdə ziyalı mövqeyi, ictimai statusu, sosial şəcərəsi, şəxsi keyfiyyətləri ilə fərqlənən insanları aşağılamaq cəhdi də başa düşülən olmadığı kimi, qəbul edilən də deyil.

Yaxşı yadımıza düşdü; aylar öncə ATV-nin “Öz aramızda” “sosial-analitik” (lap kasıbın itini Gümüş adlandırmasına oxşadı - !) verilişinin aparıcı Zaur Baxşəliyev də canlı yayımda nə yaşına, nə başına, nə də ki, təmsil etdiyi kanalın çəkisinə yaraşan bir qələt qarışdırmışdı. Bilmirəm, telekanal rəhbərliyi “vüqarına yenilib” ölkənin ziyalı camiəsində özünə ad qoymuş həmin şəxsdən üzr istədi ya yox, amma “teletərbiyəsizlik” göz qabağında idi.

* * *

Verilişə fərqli insanları dəvət etmək, onların qayğılarına qucaq açmaq, dərdlərinə həyan olmaq, insanlara sosial yardımlaşmanın gərəkli olduğunu təlqin etmək yaxşı təşəbbüsdür, imandandır. Yaxud maraqlı, səviyyəli şou-proqram təşkil edib işdən yorğun-arğın gəlib televizorun qarşısında əyləşmiş insanları əyləndirmək istedaddır.  Ancaq hər hansı bir müqayisə apararkən başqasının heysiyyətinə və ictimai nüfuzuna toxunacaq, tamaşaçıların məzəmmət, qınaq və qıcığına səbəb ola biləcək hərəkətlərə yol verilməsi ən azı məsuliyyətsizlikdir və divarları arasında baş verdiyi telekanala başucalığı gətirmir.

İndi didaktikadan praktikaya keçib xatırlatmaq istəyirik ki, hər nə qədər təəssüfedici olsa da ATV rəhbərliyi M.Əliverdiyevanın məşum hadisə ilə bağlı “külək-fələk, kino” sayıqlamasına ciddi reaksiya vermədi. Əksinə, düşük heysiyyət və mundir şərəfini qabardaraq “məkrli media qurumları və internet portllarının əməkdaşlarını” suçladı. Doğrusu, səhv etmək, yanlış yapmaq insana xas keyfiyyətdir. Əsas məsələ o səhvi zamanında etiraf edib düzəltmək, toplumdan əfv diləməyi bacarmaqdır. Kamil insanın zinətidir bu! Amma “ayıbına kor olmaq” əvəzinə “tumanını başına çəkib” milyonlarla insana kar və kor olduğunu sübut etməyə qalxışmaq, dairəvi istehkam quraraq tək amacları Azərbaycan oxucusu və tamaşaçısına doğru-düzgün informasiya çatdırmaq olan digər media quruluşlarına “müharibə” elan etmək, bu artıq əxlaq və mənəviyyat problemidir, psixoloji çatışmazlıq sindromudur.

Çox güman ki, “dili və dilçəyi” yerində olan ANS qrupu açacağını vəd etdiyi məhkəmə davasında ATV-yə “qürur və təkəbbürü yenmək və yemək” dərsini verməyi bacaracaqdır.

* * *

Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, ATV-nin müdiri Vüqar Qaradağlı sıradan biri deyil, ən azından teleelitaya dəxli olan bir ailənin nümayəndəsi olsa da, indiki durumda öz davranışı ilə həmin seçilmiş təbəqəyə “de-fakto” aidiyyətini də sual altında qoymuşdur.

Söhbət ondan gedir ki, insan hər hansı bir bahalı avtomobilə, dəbdəbəli imarətə, bankda babat bir hesaba, nəhayət, hansısa bir kompleksə yaxud “immun çatışmazlığı” ilə müşayiət olunan ambisiyaya malik ola bilər. Ancaq media quruluşu, xüsusilə də televiziya mülkiyyət sarıdan konkret bir sahibkara məxsus olsa belə, onun yayımladığı məhsul birbaşa cəmiyyətə dəxli olan, ictimai məsələdir. Yayım siyasəti “Ağanəzərəm, belə gəzərəm!” davranışına deyil, efir vasitəsilə cəmiyyətin, ictimaiyyətin, nəhayət, hər bir seyrçinin zövq mədəniyyətinin tərbiyə edilməsi, ali dəyər və estetik idealların aşılanması düşüncəsinə və fəaliyyət prinsipinə söykənməlidir.

Efir kimisi üçün sadəcə televizordur. Axşam divana sərilib qarşısında bir stəkan pürrəngi çay, əlində də “pult” bütün kanalları ələk-vələk eləyib öz səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə, elminə-helminə uyğun bir veriliş tapıb mürgü döyənə qədər seyr edir.

Bir də var efirə incəsənətin bir çox qollarını, janrlarını özündə ehtiva etmiş, jurnalist peşəkarlığı ilə vizual sənətkarlığın uğurlu bir xəlitəsi, yaradıcı işbirliyi kimi baxasan. Estetik amal, əxlaqi dəyərlər, mədəni səviyyə əxz edəsən.

Təəssüflər olsun ki, ATV həmin yolda hələ də piyadadır.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində, görünür, elə bu cür telekanalları nəzərdə tutaraq demişdir: “Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”.

Qiymətli sözlərdir. Qanana!

Cavid QÜDRƏTZADƏ

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar