ABİD ŞƏRİFOVUN «ALABALA» BİZNESİ - «Alabala»da ki, «qozbel» yapar...

Bir neçə gün bundan əvvəl Binəqədi rayonunda təzə tikilmiş və ölkənin bütün məmur korpusu, ayaqda olan hökumət idarələrinin «xeyir-duası» ilə plastik kütləyə «bələnmiş» bir «göydələn» yandı. Nəticədə, 15 nəfər sakin öz mənzilindəcə diri-diri yandı, 50-dən artıq insan isə müxtəlif dərəcəli xəsarət aldı...

Hadisəyə yönəlik ictimaiyyətin reaksiyası passiv-neqativ, hökumətin reaksiyası isə təəccüb doğuran oldu. Faciə, insanları sarsıdıb silkələdi, amma ciddi təpki doğurmadı. Sanki Azərbaycan insanı artıq bu cür hallara, Məşdibad demiş, «bir noi adətkərdə» olub...

Hökumət isə ətalət və illərlə topladığı «zəngin ənənə» üzrə ötən illərdəki məsuliyyətsiz davranışından qalmadı. Hamı özünü elə aparır ki, guya illərlə «toplanmış partlayış potensialı»ndan elmi-güman, xəbəri yoxdur. Yanğın baş verən gün yayılan ilk məlumatlardan açıq-aydın sezilirdi ki, müəyyən dairələr panika içindədir. Məsələn, xəbər verilirdi ki, KİV nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı, keçmiş professor Hacıbala Abutalıbovun şəxsi mobil telefonuna zəng vurub, hadisə barədə onun mövqeyini öyrənmək istəsələr də, bir nəticə hasil olmayıb. Telefonu keçmiş professorun köməkçisi açıb və deyib ki, baş vermiş yanğın «bizlik deyil», idarənin buna aidiyyatı yoxdur və s. Adamın heyrətdən az qalır ki, lap ağzı əyilsin! Bəs, görəsən, kimə aidiyyatı varmış? Nə üçün telefonu keçmiş professor özü açmayıb?..

Az sonra ekranlarda, onlayn qəzet səhifələrində keçmiş professor görünməyə başladı və... adəti üzrə «rola girib oynamağa başladı». Vədlər verdi, ağladı, «15 əzizimi itirmişəm», «ölmək istəyirəm, bilsəm ki, ölsəm, ölənlər dirilər, ölərəm...», «mənim şəhərimdə bina yanıb», «kimliyindən asılı olmayaraq günahkarlar cəzasını alacaq» və s.

Abutalıbov sakinlərə vədlər verəndə, zərərçəkmiş hər ailəyə 1000 manat kompensasiya verəcəyini vəd edəndə, binanın təmir olunmasına hökumətin «cibindən» 5 milyon manat vəsait ayrıldığüını deyəndə, «mənim dalağım sancdı». Sonrası məlumdur - xəbər yayıldı ki, sakinlərə 1000 manat yox, 500 manat kompensasiya verilir, təmirə 5 milyon yox, 3 milyon manat ayrılır. O zaman şübhə yeri qalmadı ki, məmur korpusu yenə «oynayır»...

Sonra komissiya yaradıldı ki, hadisənin başvermə səbəblərini araşdırsın, zərərçəkmişlərin qayğısına qalsın və s. Bu komissiyaya da ətalət üzrə, Abid Şərifovu sədr qoydular. Nədən ki, hökumətdə nə işlə məşğul olduğu bilinməsə də, faktiki mövcud olmayan baş nazirin müavininin belə işlərdə - «götür-qoy işləri»ndə zəngin təcrübəsi var. O saat fikrimdən keçdi ki, bu komissiya da «BXŞMB» təcrübəsindən (Bakı xeyir-şər məclisləri birliyi) artıq heç nə yapa bilməyəcək. Təyinatı üzrə sadəcə, ictimaiyyətin başını qatmaqla vaxt öldürəcək və s.

Gözləntilər hamısı çin çıxdı. Başqa cür ola da bilməzdi. Çünki baş vermiş faciəvi hadisə də, ona yönəlik rəsmi şəxslərin davranışı da sadəcə, hökumətin mahiyyətindən şərtlənir. Bu, çox ciddi məsələdir və tutarlı səbəbləri var. Açması isə belədir - Azərbaycanda «mafiya» adlanan kriminal qruplaşma artıq çoxdan, hökumətin içində kök salıb, onun səlahiyyətlərinin bir qismini qəsb edib, öz kadrlarını rəsmi postlarda əyləşdirib və ölkəni talayır!

Belə bir şəraitdə Abid Şərifovun komissiası nə yapa bilər ki?..

Maraqlıdır, sözügedən yanğın hadisəsi ölkədə həbslər dalğasının davam etdiyi dövdə baş verdi. Təsadüfdürmü? Söyləmək çətindir, amma xeyli maraqlıdır. Sanki həbslərlə bağlı rəsmi dairələrə bir xəbərdarlıqır, ismarıcdır. Elədirsə, çox ciddi mətləblərdən xəbər verir...

Amma deyəsən, Abid Şərifov bir qədər «əsəbidir», yəni ki, baş verənlərin pressinqi bu cənabı hövsələdən çıxarıb. Başa düşüləndir - iki od arasında qalmaq xeyli müşkül məsələdir. Görünür, həm bu səbəbdən, həm də bir qədər eqoizm səbəbindən dolayı, hörmətli-həşəmətli sədr jurnalistə «buynuz göstəmək»dən çəkinmir. Jurnalistin «təmir işlərini hansı şirkət aparacaq» sualına, «Sənə nə var? Sən nə üçün bunu bilməlisən?»-deyə, xeyli qaba cavab verir. Bəziləri də yazır ki, Abid Şərifov mədəniyyətsizlik nümayiş etdirir və s.

Hesab etmək olar ki, «sədr» heç bir mədəniyyətsizliyə yol verməyib, əksinə, xeyli yüksək mafiya mədəniyyəti nümayiş etdirib...

Amma bir məsələ də var. Məlum binanın təmirinin dövlət vəsaiti hesabına aparılacağı deyilir. Abid Şərifov isə özünü elə aparır ki, guya pullar onun babasından qalıb. Əcəba, o, hansı səbəbdən belə arxayın, nikbin və xeyli eqoist davranır? Cavab birmənalıdır - Azərbaycan hökumətinin mağmın durumu Şərifov kimi «kaporecim»lərdə cəzasızlığa bir əminlik yaradıb! Artıq onlar hökuməti və sıravi vətəndaşları, o cümldədən, «aləmi bəzər, özü lüt gəzər» kontingenti (jurnalisti) ələ salmaqdan belə, çəkinmirlər...

Binanın təmiri ilə bağlı suala cənab Şərifovun verdiyi cavabdan və ümumiyyətlə, baş verənlərə yönəlik sərgilədiyi «nikbin-qayğısız» münasibətdən görünür ki, mafiya baş vermiş fəciədən də «marja» əldə etmək niyyətindədir. Jurnalistin sualına Şərifovun verdiyi cavab belə deməyə əsas verir: «Alabala... mənim şirkətim, indi get yaz... ha-ha-ha!». Deməli, cənab Şərifovun «alabala» (əslində bu, «alabula» - rəngbərəng sözüdür ki, sinonimi də «təpəl»dir, yəni ki, alası heyvanın başında olanda, beləsinə təpəl deyərlər - tərəkəmə jarqonudur) şirkəti tezliklə təmirə girişəcək və xeyli «marja» əldə edəcək. Amma jurnalist nə üçün bunu bilməlidir ki?!

Belədə, bir reallıq qaçılmaz olur ki, nəticəsi göz qabağındadır - «alabula» şikətin tikdiyi-təmirlədiyi bina da «qozbel» olar və tez bir zamanda alışıb yanar! Fəqət, davranışından görünür ki, Şərifov və onun kimilər heç vəchlə, «qozbel» yapmaqdan çəkinmək fikində deyillər. Bax, Azərbaycan cəmiyyəti, onun bir hissəsi olan jurnalistlər də məhz bu perspektivdən dolayı narahatlıq keçirir, şübhələrə varır, təxminən, belə: «Alabuladı, qozbeldi, qoyma gəldi...».

Dünən Abid Şərifovun daha bir «alabula»sı barədə xəbər yayıldı. Xəbərdə deyilirdi ki, «sədr» Zığ şossesində bir müddət əvvəl yanmış binanın sakinlərinin «görüşünə gəlib», yəni ki, «hadisə yerinə başmaq seyrinə çıxıb». Sakinlər də elə zənn ediblər ki, cənab Şərifov onların vəziyyəti ilə maraqlanmaq, dərdlərinə şərik olmaq, problemlərini həll etmək üçün gəlib. Başlayıblar problemlərindən dəm vurmağa, kompensasiya-filandan söhbət açmağa və onların səs-küyü baş nazir müavinini lap özündən çıxardıb. Zavallı insanlara yuxarıdan aşağı baxmağa adətkərdə olmuş bu «müftəxor» durumundan şikayətlənən sakinləri sərt şəkildə yerinə oturdub: «Nağıl danışma!..». Bu da insanları xeyli peşiman və ümidsiz vəziyyətə salıb...

Görünür, onun davranışı qabalıq nümunəsi olsa da, məqsədi insanları təhqir etmək yox, onlara üstüörtülü bir ismarıc göndərmək olub. Abid müəllim demək istəyib ki, nağıl danışana ehtiyac yoxdur – hökumətin özünün nağılbazı var, özü də professor diplomu ilə. Şübhə yoxdur ki, o, məhz Bakının «qradonaçalniki», keçmiş professor Hacıbala Abutalıbovu nəzərdə tutub. Nə demək olar, haqlıdır. Çünki keçmiş professor nağıl danışmaqda, məzhəkə yapmaqda, «şəbih çıxartmaq»da tayı-bərabəri olmayan birisidir. Onlara beləsi də lazımdır - yeri gəldikcə, xidmətindən yararlanmaq üçün. Məsələn, Binəqədidəki yanğın zamanı hamı soruşanda ki, «kimdir günahkar?», Abutalıbov boynunu büküb «günahkar mənəm»-deyə, hamının günahını boynuna götürmək nümunəsi göstərdi. Sonra da başladı ələm içində olan sakinlərə şirin nağıllar danışmağa: «Dövlətin pulu çoxdur, nə qədər lazımdırsa, pul ayrılacaq, xəsislik edilməyəcək və s.». Zavallı sakinlər də inandılar və dağılışdılar - hərə öz acısına baş vurdu...

Hərdən fikirləşirəm ki, bu Abutalıbovu hansı məqsədlə Bakıya «qradonaçalnik» qoyublar? Axı o, yerində deyil. Çox fikirdən sonra tapdım - «qurbanlıq» seçiblər! Lap yəhudilərdə olduğu kimi. Qulaq verin danışım. Yəhudilərdə bir əlamətdar gün var - adına da «Den qrexov otpuşeniya» deyirlər. Hər il müəyyən vaxtda icma toplaşır, ravvin gəlir və meydana bir keçi gətirirlər. Bu zavallı keçiyə də «Kozyol qrexov otpuşeniya» deyirlər. Adətə görə, bütün icma üzvləri bir-bir gəlib əlini keçiyə vurub, keçir. Bunun da mənası belədir ki, guya əl vurmaqla hər kəs il ərzində qazandığı bütün günahları həmin keçiyə ötürür. Hamı ötüb keçəndən sonra, ravvin bir dua oxuyur və keçini aparıb səhraya buraxırlar - zavallı bütün icmanın «günahını götürüb gedir» və qurd-quşa yem olur...

Odur ki, kişinin professor olmağına heç inanmaq olmur - professor hara, «kozyol qrexov otpuşeniya» hara?

Qoca vaxtında özünü rüsvay etmək heç yaxşı aqibət deyil, baba...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar