AMERİKA İLƏ ÇİN ARASINDA SOYUQ MÜHARİBƏ – Pekin Vaşinqtona meydan oxuyur

ABŞ, Yaponiya, Çin və Rusiyanın keçən ayın sonlarından başlayan intensiv diplomatik fəaliyyətləri, Asiya–Sakit okean regionunda yeni soyuq müharibənın yaranmasına gətirib çıxara bilər. (Sankei Shimbun)

Bu məslə ilə bağlı ilk öncə Yaponiya baş naziri Sindzo Abenin ABŞ-a səfərinə diqqət yetirmək gərəkdir. Həmin səfər zamanı Amerika-Yaponiya arasındakı hərbi sahəyə aid tarixi dəyişiklik barəsində razılaşma əldə olundu. Bu mühüm razılaşmaya əsasən, Amerika və Yaponiya silahlı qüvvələri bundan sonra qarşılıqlı və əlaqəli şəkildə fəaliyyətlərini artıracaqlar. ABŞ və Yaponiya, həmçinin tezliklə tərəflər arasında Trans Sakit okean əməkdaşlığı haqqında müqavilənin bağlanmasını da müzakirə ediblər. İki ölkə arsındakı əməkdaşlıq müqaviləsinin başlıca məqsədi, regionda Asiya-Sakit okean iqtisadi zonansının yaradılmasını nəzərdə tutur.

Amerika –Yaponiya əməkdaşlığı nəticəsində siyasi, iqtisadi və hərbi sfera da daxil olmaqla, bütün sahələr üzrə aktivləşmə prosesi başlayıb. Prezident Obama tərəfindən Sinzi Abenin çox isti qarşılanması, ökələr arasındakı əlaqələrin sıx və yaxın olduğundan xəbər verir. Bu cür qarşılıqlı dostluq münasibətləri Yaponiya və ABŞ müttəfiqliyinə çevrilib. Belə bir ittifaqın yaranmasının başlıca səbəbi Çin Xalq Respublikasının rəhbəri Si Çzinpinin yürütdüyü siyasətlə bağlıdır. 2012-ci ilin noyabrında Si Çzinpin hakimiyyətə gələndən sonra, Çin Asiya regionunda hegemonluq uğrunda ABŞ-la mübarizəni kəskin şəkildə artırmağa yönəlik siyasətə baş vurub. İlk addım olaraq, Çin, Cənubi Çin dənizində Hava Hücumundan Müdafiə sistemləri üçün xüsusi zonaların yaradılmasına start verdi. Sonradan isə Çin bu zonalarda hərbi bazalar qurmaqla yanaşı, süni adalar salmağa da başlayıb. Beləliklə də, Çinin qonşularına qarşı bu cür davranışları, Asiyadakı qayda qanunlara və dünyadakı sülhə ciddi təhlükə hesab olunmalıdır.

Bu hərəkətlərdən əlavə Si Çzinpin tərəfindən, Asiyanın təhlükəsizliyinin yalnız asiyalıların özləri tərəfindən təmin olunması barəsində çağırışlar etməsi, onların Amerikanın regiondakı hərbi təsirlərdən yaxa qurtarmaq niyyətini açıq formada ortaya qoyur. Başqa yandan isə bu ilin yazında Çin iqtisadi sferada ABŞ-ı ötmək planını həyata keçirməyə başlayıb. Elə bu məqsədlə də Asiya İnkişaf və İnfrastruktur Bankı (AİİB) yaradılıb. Hal-hazırda ABŞ-ın ən yaxın mütəffiqlərindən biri olan Böyük Britaniyanın da daxil olduğu bu bankın işində 57 ölkə iştirak edir. Bu strategiya, ABŞ və Yaponiya tərəfindən yaradılmış Asiyadakı mövcud iqtisadi nizam qaydalarının dağıdılması və onun yerinə yenisinin qurulmasını hədəfləyir. Göründüyü kimi Amerikanın iqtisadi hegemonluğuna qarşı əl uzatmaq siyasəti, ABŞ-la Çin arasında qarşıdurmanı kəskin şəkildə gücləndirir.

İndiki vəziyyət ona gətirib çıxarıb ki, prezident Obama cavab tədbirləri həyata keçirmək haqqında düşünür. Məsələ ondan ibarətdir ki, əgər lazımı cavab hazırlanmasa, onda ABŞ-ın Asiya–Sakit okean regionundakı hegemon mövqeyi və böyük təsir imkanları tamamilə sıradan çıxacaq. Amerika –Yaponiya əməkdaşlığının yüksək səviyyəyə qaldırılması, görülməsi vacib olan cavab tədbirlərinin bir hissəsidir.

Öz rəqiblərinə qarşı müttəfiqlər qazanmağa cəhd göstərən Çinin rəhbəri Si Çzinpin bu məqsəd naminə Moskvada keçirilən Qələbə paradında iştirak etməklə, Rusiya prezidenti Putinlə münasibətlərini bir daha gücləndirmək qərarına gəlib. Çinin bu istiqamətdə atdığı digər addım isə, onların Rusiya ilə Aralıq dənizində müştərək hərbi dəniz təlimlərini keçirməsidir. Çünkü Amerika –Yaponiya ittifaqına qarşı duruş gətirməkdən ötrü, Çinin Rusiya ilə əməkdaşlıq etməsi onlar üçün çox vacibdir. Hazırda ABŞ silahlı qüvvələri Cənubi Çin dənizində konkret tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə edir. Belə görünür ki, ABŞ həqiqətən də real güc nümayiş etdirmək qərarına gəlib. Çinə səfəri zamanı ABŞ-ın dövlət katibi Con Kerri Çindən Cənubi Çin dənizindəki fəaliyyətlərini dayandırmağı tələb edib. Buna cavab olaraq, Çinin Xarici İşlər naziri Van Yi bildirib ki, onlar öz qərarlarından geri dönməyəcəklər. Öz növbəsində isə Si Çzinpin qeyd edib ki, Sakit okeanın ərazisi həm Çin və həm də ABŞ üçün yetərli ola biləcək qədər genişdir. Beləliklə, bu sözlərlə Pekin həmin regionda öz təsir imkanlarını möhkəmləndirmək niyyətində olduğunu bir daha göstərməklə yanaşı, ABŞ-dan Sakit Okeanın qərb hissəsini Çinə güzəştə getməsini tələb edir.

Ümumi nəticədə isə Çin və ABŞ Asiya –Sakit okean regionunda bir-birlərinə rəqib olmağa məhkumdurlar. Elə məhz bu səbəbdən də yeni Amerika-Çin soyuq müharibəsi dövrü yaxınlaşır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar