"İran-ABŞ yaxınlaşması Azərbaycana da təsir edəcək"- Ərəstun Oruclu

Erestun“Sabah Qərb şirkətləri Azərbaycandakı layihələrini dayandırıb İrana getsələr, təəccüblü olmayacaq...”

Dünya bazarında neft yenidən ucuzlaşıb. Bir sıra müşahidəçilər bunu İranla ABŞ arasında müşahidə olunan yaxınlaşma ilə izah edir. Ötən həftəsonu İran hökumət nümayəndəsi İran-ABŞ ticarət palatalarının yaradıla biləcəyi haqda açıqlama verib. Eyni zamanda Tehran hökuməti aprelin 2-də İsveçrənin Lozanna şəhərində nüvə məsələsi ilə bağlı razılaşmanın yekun sənədə çevrilməsi ilə bağlı nikbin bəyanatlar verib.

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, İran BMT təftişçilərini hərbi obyektlərə buraxmağa hazırdır. Onun sözlərinə görə, bu addım İran nüvə proqramı ilə əlaqədar ABŞ və dünyanın başqa ölkələri ilə razılaşmanın tərkib hissəsidir. “Bura Böyük Britaniya və Rusiya da daxil olmalıdır. Bu formatda məsləhətləşmələr çərşənbə axşamı yenilənməlidir və iyunun 30-da başa çatmalıdır”.

Bütün bunlar dünya bazarında neftin ucuzlaşması fonunda baş verir. Bu isə ilk növbədə neft qiymətlərinə İran faktorunun beynəlxalq bazara daxil olması faktının təsir etməsi iddiasını gücləndirir. Yeri gəlmişkən, ötən həftə Tehran rəsmiləri bəyan ediblər ki, İran artıq yenidən neft bazarına qayıdır və hasilatı gündəlik 2,5 milyon barelə çatdırmağa hazırdır.

Ekspertlərə görə, İranın yenidən dünya neft bazarına daxil olması neft qiymətlərinə təsir etməklə yanaşı, Tehranın bölgədə mövqelərini möhkəmləndirəcək. Təbii ki, Tehranın bu cür möhkəmlənməsi Bakının maraqlarına cavab vermir. Hərçənd rəsmi Bakı optimistdir, İran-ABŞ yaxınlaşmasının Azərbaycana müsbət təsirlərinin olacağını iddia edir.

Politoloq Ərəstun Oruclu deyir ki, İran-ABŞ yaxınlaşması yaxın perspektivdə olmasa da, qarşıdakı dövrdə bölgəyə ciddi təsir edəcək. Ekspertə görə, bu təsir böyük ölçüdə Azərbaycanı da əhatə edəcək: “İranın nüvə fəaliyyəti ilə bağlı ”altılıq" ölkələri ilə yekun sazişin imzalanması və Tehran-Vaşinqton yaxınlaşmasının Azərbaycana birbaşa təsiri yaxın zamanlarda çətin ki, olsun. Ancaq şübhəsiz ki, bu, öz təsirini sonra göstərəcək. Lakin bir sıra məsələlərdə, o cümlədən neft qiymətinin ucuzlaşması kimi mövzularda öz təsirini qısa müddətdə göstərəcək. İqtisadi əlaqələrin bərpa olunması, İran-Amerika ticarət əlaqələrinin bərpa olunması, İranın birgə ticarət palatalarının yaradılması planları təbii ki, müəyyən qədər uzunmüddətli prosesdir, nəticəsi müəyyən zaman tələb edə bilər. Ancaq nəticə mütləq olacaq. Ona görə ki, Azərbaycanda olan bir çox Qərb şirkətləri, investorlar üstünlüyü İran bazarına verəcəklər. Deyək ki, sabah Azərbaycanda fəaliyyət göstərən Qərb şirkətləri burdakı layihələrini dayandırıb İrana getsələr, buna təəccüblənmək lazım deyil. Xüsusilə də Azərbaycanın bugünkü reallığını nəzərə alanda bu, çox real görünür".

Ə.Orucluya görə, İran-Amerika yaxınlaşmasının Azərbaycana faydaları ilə bağlı hakimiyyətə yaxın ekspertlərin iddiaları əsaslı deyil: “Bir çox sahələrdə Azərbaycan və İran iqtisadiyyatı arasında paralellik aparsaq, ortada ciddi fərqin olduğunu görə bilərik. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatı daha çox neft və qaz ixracatı üzərində qurulub. İran iqtisadiyyatı isə daha çoxşaxəlidir. Yalnız neft və qaz sahəsinin özünü müqayisə edəndə ciddi fərqlər ortaya çıxır. Bu mənada İran-Qərb yaxınlaşmasının Azərbaycana müsbət təsirinin olacağı inandırıcı deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar