Abituriyentlər və valideynlər üçün imtahan ərəfəsində önəmli məsləhətlər...

telebeler-imtahan-0verirleEtibar Əliyev: “Azərbaycanda abituriyentlərin böyük kəsimi imtahanlarda sarsıntı keçirir”

Azad İsazadə: “Mən abituriyentlərin valideynlərinə məsləhət görərdim ki, uşaqların üzərindəki gərginliyi azaltsınlar”

Dərs ili demək olar ki, başa çatmaq üzrədir. Bu ərəfədə ən çox həyəcan keçirənlər isə orta məktəblərdən məzun olan 11-ci sinif şagirdləridir. Bir tərəfdən buraxılış imtahanı, digər tərəfdən ali məktəblərə qəbul imtahanlarının başlamasına sayılı günlərin qalması gəncləri həyəcana salır. Artıq abituriyentlər 11 illik marafonun finalına çatmaq üzrədir.

Onların ən böyük problemi və biliklərini tam şəkildə ortaya qoymalarına mane olan məqam isə imtahan həyəcanıdır. Bir çox ölkələrdə təhsil müəssisələrində, hazırlıq kurslarında abituriyentlərlə xüsusi psixoloqlar işləyir və onlarda özünəinam yaratmağa çalışırlar.

Təsadüfi deyil ki, hər il imtahan ərəfəsində istər Azərbaycanda, istər qardaş Türkiyədə, istərsə də digər ölkələrdə onlarla gənc imtahan uğursuzluğu səbəbindən intihar edir. Yüzlərlə gənc həyəcan səbəbindən 11 illik zəhmətinin bəhrəsini görə bilmir. Bütün bunların baş verməməsi üçün hazırki dövrdə abituriyentlərə psixoloji dəstəyin vacib olması ekspertlər tərəfindən də vurğulanır.

Musavat.com-a açıqlamasında mövzunun aktuallığından danışan XXI əsr Təhsil Mərkəzinin rəhbəri etibar-e-300x300Etibar Əliyev bildirdi ki, abituriyentlərlə imtahan öncəsi psixoloji söhbətlərin aparılması çox önəmlidir: “Şəxsən mən hələ indiyə qədər təhsil sistemi inkişaf etmiş hansısa ölkədə şagirdlərin və abituriyentlərin imtahanqabağı gərginlik keçirməsi haqqında faktlara rast gəlməmişəm. Bunun daha çox mental xüsusiyyətlə bağlı olması deyəsən, özünü doğruldur. Bu məktəb mühiti və ailələrdəki durumla daha çox bağlıdır. Əslində imtahanqabağı abituriyentlərin psixoloji durumunun yaxşılaşdırılması ilə məktəb psixoloqları məşğul olmalıdır. Ancaq məktəb psixoloqlarının peşəkarlığının yüksək olması barədə hələlik müsbət fikir söyləmək çətindir. Çox təəssüflər olsun ki, psixologiya və pedaqogika hələ məktəb təcrübəsinə nüfuz etməyib. Akademik Mehdi Mehdizadə deyirdi ki, psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Bu günkü məktəblərimiz psixologiya elminin müasir uğurlarına arxalana bilmir. Mən çəkinmədən deyə bilərəm ki, ali məktəblərimizdə psixoloq hazırlığının səviyyəsi aşağıdır. Bu amil şagirdlərin imtahanlara hazırlaşmasından tutmuş, onların gündəlik davranışında özünü göstərir.

Azərbaycanda şagirdlərin böyük kəsimi imtahanlarda sarsıntı keçirir. Proqramı yüksək səviyyədə mənimsəyən və normal biliklərə malik olanlar imtahanlar qabağı heç bir sarsıtı keçirmir. Təəssüflər olsun ki, faiz nisbətində bu bu tip abituriyentlərin sayı azdır. Yalnız zəif oxuyanlar, özlərinə inamı olmayanlar imtahanlardan qorxu hissi və sarsıntı keçirirlər. Hətta onların böyük bir qismi məscidlərə və nəzir qutularına üz tuturlar”.

Ekspert vurğuladı ki, abituriyentlərə heç bir vəchlə imtahan suallarının çətinləşdirilməsini söyləmək olmaz: “Bu amil uşaqlarda qorxu hissi yaradır. Bunu çox vaxt repetitorluqla məşğul olanlar bilərəkdən edirlər. İnsafən TQDK-nın özü də testlərin çətinləşdirilməsinin tərəfdarı deyil. Bu qurumun keçirdiyi sınaq imtahanları bir növ tələbə olmaq istəyənlərin yekun imtahanlara hazırlığını gücləndirir və həm də bu, psixoloji aspektdən xeyirlidir. Bu gün abituriyentlər bircə şeyi bilməlidirlər ki, indiki imtahan sistemində onlar canlı olaraq heç kimlə ünsiyyətdə olmurlar. Bu amil onlara imkan verir ki, biliklərini kağıza tələsmədən köçürsünlər və həyəcan keçirməsinlər. Bu şübhəsiz ki, biliyi olanlara aiddir”.

Ekspert abituriyentlərin bəzi dərman firmalarının tələsinə düşməkdən qorunmasının da vacib olduğunu bildirdi: “Bir çox hallarda televiziyalarda imtahanqabağı şagirdlərə hansısa pereparatların qəbul olunması tövsiyyə olunur. Bunun özü də yolverilməzdir və valideynlər bunlara getməməlidir. Bunun neqativ tərəfininin çoxsaylı şahidləri var. Maraqlıdır ki, abituriyentlərin böyük bir kəsimi də həyacan və stress keçirməyi biliksizliklərini ört-basdır etmək üçün alibi kimi istifadə edirlər. Çox vaxt validenləri də onlara bəraət qazandırır və deyirlər: “Həyacan keçirdi və cavabları sürüşdürdü”. “Stress keçirənlər” üçün bu ifadəni tez-tez eşidirik. Normal psixoloji məsləhətlər istisna olunduqda abituriyent öz xarakterinə güvənməlidir. Abituriyentin yeganə köməkçisi onun özünə güvəni olmalıdır. Elə məktəbin əsas vəzifələrindən biri uşaqlarda xarakter formalaşdırmaqdır. Bu olmadıqda həyəcan və stress həmişə olacaq”.

Psixoloq Azad İsazadə musavat.com-a açıqlamasında təsdiqlədi ki, abituriyentlər adətən bu ərəfədə iki problemlə qarşılaşırlar: “Birincisi, imtahan zamanı yaşadıqları həyəcan səbəbindən biliklərini lazımınca nümayiş etdirə bilməmək, ikinci isə hazırlıq vaxtı uzunmüddətli dövrdə beynin həddindən artıq yüklənməsi və yeni məlumatların çətin qavranılması... Bu problemin öhdəsindən gəlmək üçün vaxtaşırı istirahət etmək və təmiz havada olmaq lazımdır. İmtahana bir neçə gün qalmış fikri başqa istiqamətə yönəltmək və beyni dincəltmək lazımdır. Çünki, 1-2 il ərzində öyrəndikləri kifayət etmirsə, bir həftəyə çətin ki, bu durumu düzəldə bilsinlər. Son günlərdə sadəcə təkrar etmək və bilgiləri təzələmək lazımdır. Əgər abituriyentdə həyəcan həddindən artıq güclüdürsə, onu psixoloq yanına aparmaq lazımdır. Mən abituriyentlərin valideynlərinə məsləhət görərdim ki, uşaqların üzərindəki gərginliyi azaltsınlar. Təbii ki, hər kəs övladını ali məktəbə qəbul olunmasını istəyir. Ancaq abituriyentlərə izah etmək lazımdır ki, nəticə istənilən kimi olmasa, imtahandan kəsilsə belə, bu, problem deyil. Çünki, yeniyetmələr üçün bu durum inamsızlığa və depressiyaya səbəb ola bilər. Belə məqamda valideyn övladına dəstək olmalıdır. Önəmli məqamlardan biri də valideynlərin bu dövrdə abituriyentlər üzərindəki basqını azaltmasıdır”.

Musavat.com-un bu mövzu ilə bağlı Təhsil Nazirliyinə göndərdiyi sorğunun cavabında isə deyilir ki, şagirdlər imtahanqabağı bir neçə sınaqdan keçirlər və bu sınaqlar vasitəsilə onlar imtahanlara, bir qayda olaraq, psixoloji cəhətdən hazır olurlar: “Məlum olduğu kimi, imtahan zamanı otaqlarda nəzarətçi müəllimlər olur və bu müəllimlər nəzarət funksiyasını yerinə yetirməklə bərabər, həyəcan keçirən şagirdlərə diqqət yetirir, onların psixoloji sabitliyinin bərpasına pedaqoji üsullarla köməklik göstərirlər”.

Cavabda o da vurğulanır ki, buraxılış sinif şagirdlərini diqqətdə saxlamaq, onların imtahanlara hazırlığı ilə maraqlanmaq, şagirdlərə psixoloji yardım göstərmək məktəb psixoloqlarının bilavasitə vəzifələrinə aiddir.

Sonda bütün abituriyentlərə uğurlar arzulayırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar