Dövlətin güzəştli krediti ilə yaradılan 13 konserv müəssisəsi haradadır? - Foto

Bu günə qədər təkcə dövlətin güzəştli kredit vəsaiti hesabına Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 13 konserv müəssisəsinin yaradılması maliyyələşdirilib. Lakin bu müəssisələrin işi hiss olunmur, onların fəaliyyəti Azərbaycanın ixracında görünmür.

Pis olanı budur ki, zaman itirilir, Azərbaycan istehsalçılarının əvəzinə Ermənistan istehsalçıları, təəssüf ki, Azərbaycan ərazisində, Xankəndində istehsal olunan konserv məhsulları Rusiya bazarında yer tutur. Bir neçə gün öncə, redaksiyamızın yaxın dostlarından birinin Moskvadakı “Auchan” (Aşan) maretdən alıb gətirdiyi konserv məhsulları yuxarıda dediklərimizi təsdiq edir.

Həmin məhsulların etiketində göstərilir ki, konserv Ermənistan Respublikasının Stepanakert (Xankəndi) şəhərində istehsal olunub. Məhsullar “Artsakh Fruit” şirkəti tərəfindən istehsal olunub. Şirkətin Rusiyada rəsmi distribyutoru isə “Korona” şirkətidir.

“Artsakh Fruit” QSC-nin (Arsax Frut) meyvə və tərəvəz emalı zavodu 2008-ci ildə Dağlıq Qarabağda yaradılıb. Zavod Ermənistanda və xarici bazarlarda öz məhsullarını “Dağlıq Qarabağın ekoloji təmiz məhsulları” kimi təqdim edir.

Bir sıra dövlətlərin şirkətlərinin Azərbaycan ərazisi olan Qarbağda fəaliyyət göstərməsi, Qarabağda istehsal olunan məhsulların satışının təşkil olunmasına dəstək verilməsi birinci hal deyil. Ermənilərin himayə olunduğu sirr deyil. Lakin bu o demək deyil ki, Azərbaycan məhsulları xarici bazarlarda yer tuta bilməz! Təəssüf ki, Azərbaycan istehsalçıları ölkə hüdudlarından kənarda bazar əldə etmək mübarizəsində, marketinq savaşında elə də aktiv deyillər. “Artsakh Fruit”in məhsullarını redaksiyamıza təqdim edən şəxs bildirdi ki, “Auchan” marketdə Azərbaycan istehsalçılarından yalnız “Azərsun Holdinq”in məhsullarının satıldığını müşahidə edib. Bəs digər istehsalçılarımız haradadır? Nə üçün dövlətin güzəştli vəsaitləri ilə tikilmiş müəssisələrin fəaliyyəti araşdırılımır? Əgər bu müəssisələr mövcuddurlarsa, nə üçün onların məhsulları yeri və xarici bazarlarda gözə dəymir? Bəlkə güzəştli kreditlər təyinatı üzrə istifadə edilməyib? Bəlkə bu əməliyyatlarda pərdə arxasında qalan işlər var?

Suallar çoxdur. Nəticə budur ki, neftin qiyməti aşağı düşdükdən sonra yerli istehsalçıların ixraclarının nə qədər az olduğu daha aydın görünür. Cari ilin Yanvar-Aprel ayı ərzində özəl sktorun cəmi ixracı 467 milyon dollar, fiziki şəxslərin ixracı isə 20,1 milyon dollar olub. İxracın da böyük bir hissəsi bir neçə iri holdinqin ixrac etdiyi yağ, çay, şəkər, içkilərin və meyvə-tərəvəzin hesabına yaranıb. Təxminən 467 milyon dollarlıq ixrac, həmin dövrdə cəmi 4,27 milyard dollar olmuş cəmi ixracımızın 11%-nə bərabərdir. Əvvəllər bu nisbət daha aşağı idi. Neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq ixracın 40% azalması nisbətin artmasını təmin edib.

Ümid edirik ki, Azərbaycan istehsalçıları tezliklə real fəaliyyət göstərəcəklər, ən azı qonşu respublikalarda mənfur qonşumuzun bazar tutmalarına imkan verməyəcəklər. Hər bir sahibkarımız Ermənistan şirkətlərinin, nəticədə də Ermənistan iqtisadiyyatının güclənməməsi üçün əlindən gələni etməlidir. /Marja.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar